Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün UEFA, Avropa Peşəkar Futbol Liqası (EPFL), Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FİFPro) və Avropa Klubları Assosiasiyasının (ECA) nümayəndələri ilə AFFA, Peşəkar Futbol Liqası (PFL) və Azərbaycan Premyer Liqasında çıxış edən klubların nümayəndələri arasında görüş keçirilib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş “Peşəkar futbolçu müqavilələrinə dair minimum tələblərin yerli səviyyədə tətbiqi” mövzusunda olub.
Toplantıda UEFA-nın nümayəndəsi Qrafström Mattias, AFFA-nın hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev “Peşəkar futbolçularla futbol klubları arasında bağlanan müqavilələrin məzmunu ilə bağlı UEFA-nın tələbləri” mövzusunda çıxış edib, klub nümayəndələrinin suallarını cavablandırıb.
Daha sonra “Futbol sahəsində mövcud olan mübahisələrin həlli sistemi” müzakirə edilib. AFFA-da yeni yaradılmış Mübahisələrin həlli sistemi barədə məlumat verilib.