UEFA bu il Azərbaycan Premyer Liqasında şübhəli oyun aşkarlayıb

UEFA bu il Azərbaycan Premyer Liqasında şübhəli oyun aşkarlayıb Rəmiş Malıyev: "AFFA-ya məlumat daxil olub"
Futbol
27 Fevral , 2016 13:35
UEFA bu il Azərbaycan Premyer Liqasında şübhəli oyun aşkarlayıb

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqası klublarının şübhəli oyunda iştirakına dair UEFA-dan AFFA-ya məlumat daxil olub. Bu barədə "Report"a AFFA-nın Hüquq və kadr məsələləri şöbəsinin müdiri Rəmiş Malıyev açıqlama verib.

Onun sözlərinə görə, məlumat builki oyunları əhatə edir. Lakin R.Malıyev araşdırma getdiyi üçün həmin oyunu açıqlamayıb: "Söhbət klubların imicindən, təqsirsizlik prezumpsiyasından gedir. Ola bilər ki, məlumat doğru çıxmasın. Ona görə də konfidensiallığı qoruyuruq. Hazırda məsələ araşdırılır".

R.Malıyev şübhəli oyunların araşdırılması zamanı ortaya çıxan çətinliklərdən də danışıb: "Biz hüquq-mühafizə orqanı deyilik, qanunvericilikdə danışılmış oyunlarla bağlı cəzanı nəzərdə tutan maddə yoxdur. Azərbaycan "İdman-mərc oyunlarının manipulyasiyasına dair Avropa Şurası Konvensiyası"na qoşulub. Ümid edirəm ki, müvafiq qanun layihəsi Milli Məclisdə qəbul edildikdən sonra bu istiqamətdə ciddi irəliləyişə nail olacağıq".

AFFA rəsmisi Premyer Liqadan fərqli, I Diviziondan şübhəli oyunlarla bağlı UEFA-dan heç bir məlumatın daxil olmadığını vurğulayıb. Lakin o, aşağı liqadakı oyunların nəzarət altında saxlanıldığını söyləyib: "I Divizionda şübhəli oyunların olduğunu bilirik. Amma bunları hansısa formada təsdiqləmək imkanlarımız məhduddur. Etiraf edirəm ki, bu istiqamətdə fəaliyyətimiz qənaətbəxş deyil".

Qeyd edək ki, I Divizionda son olaraq, XV turun "Şərurspor" - "Göyəzən" matçının nəticəsinin (0:3) bukmeyker kontorlarında müəyyənləşdirilməsinə dair şübhələr ortaya çıxıb.  

Son xəbərlər

Orphus sistemi