Yuxarı

​Tuyqun Nadirov: Klublar televiziya yayımından imtina edəcəklər

Televiziyalar klublara yayım haqqı ödəməlidir

Bakı. 13 fevral. REPORT.AZ/ "AFFA və Peşəkar Futbol Liqası (PFL) ilə bağlı olan bir sıra məsələrlə vardı. Onlar mütləq şəkildə müzakirə olunub İcraiyyə Komitəsinin budəfəki və ya bir sonrakı iclasında gündəmdən düşməli idi. Bu səbəbdən də federasiyanın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayevi bugünkü iclasa dəvət etmişdik".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA Klublar Komitəsinin sədri Tuyqun Nadirov deyib.

İclasda müzakirə olunan mövzulara toxunan T.Nadirov müzakirələrin yalnız iclasda deyil, hər zaman aparıldığını bildirib. Komitə sədri iclasda çempionat oyunlarının yayım hüququ barədə söhbət edildiyini deyib. Onun sözlərinə görə PFL prezidenti Ramin Musayev qəbul olunan hər hansı bir qərarda klubların yanında olduğunu bildirib:

"Sabah lazım gəlsə klublar yayımdan imtina edəcəklər. Yəni öz məhsullarını pulsuz vermək məsələsi dayanacaq. Bu səbəbdən televiziyalar klublara yayım haqqı ödəməlidir. Ola bilər əlavə bir telekanal və ya xarici kanalın ötürücüsü vasitəsilə yayımlansın. Ancaq bu o demək deyil ki, çempionatın yayımı olmayacaq. Növbəti iclaslarda biz "Topaz"a yekun fikrimizi bildirəcəyik və burada şərtləri klublar irəli sürəcək. Burada söhbət klubun maraqlarından gedir. Heç kim deyə bilməz ki, ucuz və ya baha alıram. "Topaz" bizə deyə bilməz ki, mən PFL-ə vəsait ödəyirəm. Bu səbəbdən klublara pul vermirəm. Bu mümkün olan deyil".

21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı irəli sürülən təklifdən danışan "Xəzər Lənkəran"In vitse-prezidenti təklifin onlar tərəfdən deyil, federasiya və digər klublar tərəfindən irəli sürüldüyünü deyib. Belə ki, təklifə əsasən 21 yaşa kimi futbolçular ildə maksimum 30-35 min manat qazanacaqlar. Əyalət klublarında çıxış edənlər 35, paytaxt klubunda oynayanlar isə 30 min illik maaş ala bilərlər. 23 yaşlılarda isə bu rəqəm bölgələrdə 60-a, paytaxt klublarında isə 50-yə bərabər olacaq. O, vitse-prezidenti olduğu klubda heç bir maliyyə probleminin olmadığını da vurğulayıb:

"Bu o demək deyil ki, futbolçuya o məbləğ verilməlidir. Burada söhbət futbolçuları qaçırtmaqdan gedir. Yəni oynadığı komandada aldığından daha çox pul təklif etməkdən gedir. Sabah futbolçunun 23 yaşı olandan sonra 500 minlik müqavilədə imzalaya bilər. Bu futbolçunun rifahını aşağı salmaq üçün yox, onun peşəkarlığını artırmaq üçün atılan bir addımdır. Bu gün klublar var ki, 20 yaşlı futbolçuya xarici ölkənin əsas liqasında oynayan oyunçunun maaşı verilir. "Xəzər Lənkəran"da heç bir maliyyə problemi yoxdur. "Xəzər Lənkəran" vaxtından tez futbolçu maaşını ödəyən klubdur. Son oyunlar da göstərdi ki, "Xəzər Lənkəran" düz yoldadır. Bu təklif "Xəzər Lənkəran" tərəfindən deyil, yekdilliklə qəbul olundu. Futbolçuların xarici çempionatlarda iştirakına çox sevinərəm, nəinki burada daha çox pul alıb oynamaqlarına. Həmin futbolçu sonra gəlib milli komandamızda oynayacaq. Bir çox təkliflər vardı və hamısı müzakirə olundu. Hər klub bir neçə təklif verdi. Ən optimal variant kimi bunu qəbul etdik. İstərdik 23 yaşdan yuxarı futbolçulara da müəyyən limit qoyulsun. Çünki əcnəbi məşqçilər gəlir, rəhbərliyə müəyyən tələblər qoyur. Bu çox vaxt müsbət olsa da, bəzən klubun gələcəyinin ziyanına gedir. Bu qanun qüvvəyə minəndən sonra "Xəzər Lənkəran"da problem olmayacaq. Digər klublar razılaşdığına görə, onlarda da problem olmaz".

Klubların əcnəbi şirkətlərin xidmətlərindən istifadə etməsindən söz açan T.Nadirov pərakəndə əməkdaşlığı bitirəcəklərini deyib: "Klublarla birləşib, tək-tək danışıqlara son qoymaq qərarına gəldik. Artıq bütün klublar adından bir nəfər çıxış edəcək. Açıq danışaq, hər klubdan 5 min manat aldıqda, 45 min manat edir. Bu da böyük məbləğdir. Ancaq bir adla danışıq apardıqda, eyni işi 20 min manata görmək olar. Belə olan halda da udan klub olacaq. Çünki xərc azalır və görülən işlər faydalı olur".

Sədrin sözlərinə görə, yeni mövsümdən klublarda qadın komandaların yaradılacağını qeyd edib: "Digər bir məsələ qadın futbolu ilə bağlıdır. Komanda Premyer Liqada çıxış edib, sonra UEFA yarışlarına qatılır. Bunun üçün də UEFA lisenziyası tələb olunur ki, həmin şərtlərə riayət etmək lazımdır. Bunlardan biri də klublarda qadın komandalarının fəaliyyət göstərməsidir. Bu, növbəti mövsümdən bütün klubların qarşısında mütləq tələb kimi qoyulacaq. Yəni, buna əməl etməyən kluba lisenziya verilməyəcək. Bu məsələdə də klublar həmfikir oldular və növbəti mövsümdən qadın komandaları U-19 liqasında çıxış edəcək".

Sonda isə Tuyqun Nadirov futbolçu ilə klub arasında 3 müqavilənin olmaması üçün çıxış yolunun tapıldığını da bildirib: "Birincisi, klublar öz aralarında hüquqi razılıq sənədi imzalayacaqlar. Buna əməl olunmayacağı halda, həmin futbolçular diskvalifikasiya oluna bilərlər. Təbii ki, belə bir şey araşdırılıb, üzə çıxarsa. Oyunçu buna gedəndə, ondan yararlana bilməzlər. Bundan əlavə, həmin klubdan lisenziya geri alına bilər. Belə olan halda, o, I Divizonda iştirak etməli olacaq. Hamısı mərhələli şəkildədi. İnanın mənə, heç bir klub özü razılıq verdiyi qərarı pozmağı, başqalarını aldatmağı özünə sığışdırmaz. Biz ikinci iclasdan sonra "Bakı" klubu ilə bağlı qərar qəbul etdik. Gördünüzmü, bütün klublar ona əməl etdilər. "Xəzər Lənkəran"ın akademiyasından çıxan neçə oyunçu olub ki, onların valideynlərini şirnikləndiriblər. Nəticədə həmin uşaqlar başqa kluba keçiblər, amma orda oynaya bilməyərək, geri qayıdıblar. Səhvlərini boyunlarına alaraq, üzr istəyiblər. İnanın mənə, belə hallar olub. Hətta bəzən məşqçilərimiz xarakter göstərərək, onları geri götürməyiblər. Amma futbol naminə biz onları geri götürmüşük. Bu gün açıqlaya biləcəyim məsələlər bunlardı. Hamısı İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və inşallah, qəbul olunar. Sevindirici haldı ki, klublar bir araya gəlib, futbolun inkişafı naminə bu işləri görürlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi