Yuxarı

​Tuyqun Nadirov: "Klublar oyunların hamısının eyni gündə keçirilməsindən qəti narazıdır" - MÜSAHİBƏ

Klublar adından PFL-ə təklif ünvanlayacağıq ki, müxtəlif nominasiyalar üzrə fərqlənənlərə mükafatlar təqdim olunsun

Bakı. 29 oktyabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinin sədri və "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirovun "Report"a müsahibəsi

- Klublar Komitəsinin növbəti iclası keçirildi. Hansı məsələlər müzakirə edildi, hansı qərarlar qəbul olundu?

- Bir il əvvəl Klublar Komitəsinin ilk iclasında qaldırılan məsələlərdən biri yayım və bu hüquqa görə müəyyən məbləğin ödənilməsi idi. Sevindirici haldır ki, nəinki ona nail olduq, hətta Azərbaycanda ikinci idman kanalı açıldı. "CBC Sport"un baş direktoru İlham Rüstəmov da iclasda iştirak edirdi. Deyə bilərəm ki, ötən müddət ərzində yüksək keyfiyyətli yayımlar həyata keçirilib. Bu da fəxr olunası, sevindirici haldır. Bəzi stadionlarda yüksək keyfiyyətli çəkiliş, işıqlandırma məsələləri müzakirə olunub. Keyfiyyətli məhsulun efir vasitəsilə azarkeşlərə çatdırılması üçün klublar telekanala şərait yaratmalıdır. Bəziləri bu işi görübsə, bəziləri bunu planlaşdırır. Ona görə də burada əsas olan işin baş tutmasıdır. Azarkeşlər öz komandalarının oyunlarını, Premyer Liqanı keyfiyyətli şəkildə izləyirlər. Hesab edirəm ki, bu, komitənin müzakirə apardığı və uğur qazandığı ən böyük işlərdən biridir. Bu gün də həmin işin bəhrəsini görürük. Ancaq biz burada dayanmalı yox, inkişaf etməliyik.

- Bəs bölgə stadionlarında yayım üçün hansı şərait var?

- Bölgələrdən yayım ya optik kabel, ya da peyk vasitəsilə həyata keçirilə bilər. Burada da müəyyən problemlər var ki, onu "CBC Sport" tək həll edə bilməz. Bəzi stadionlarda optik kabel var. Bəzilərində isə ya yararsız haldadır, ya da heç yoxdur. Bunu klublarla bir yerdə həll etmək lazımdır. Bir çox məsələlər var ki, "CBC Sport"la birgə bunları həll edəcəyik.

- Turun bütün oyunları eyni gündə olanda hansı komandaların görüşünün yayımlanması ilə bağlı problem yaranır...

- Bu məsələni müzakirə etdik. Klublar oyunların hamısının eyni gündə keçirilməsindən qəti şəkildə narazıdır. Yəni bu yayımlansa da, yayım olmasa da, şərt deyil ki, eyni gündə tur olsun. Heç yerdə belə bir şey olduğunu deyə bilmərik. Yəni bu, azarkeşə də maraqsız olur. Çempionat bir futbol bayramıdır. Məsələn, azarkeş bu gün bir oyuna baxır, sabah isə başqasına. Yaxud azarkeş var ki, onun üçün hansı komandanın oynamasının əhəmiyyəti yoxdur, əsas olan oyuna baxmaq istəməsidir. Canlı yayımın mümkünsüz olması başqa səbəbdir. Amma çalışmaq lazımdır ki, 1-2 komandanın oyunu başqa günə salınsın. Bu gün Peşəkar Futbol Liqasının nümayəndəsi də iclasda idi və xahiş etdik ki, çempionatın təqvimi hazırlananda bunların hamısı nəzərə alınsın. Burada milli komandanın təlim-məşq toplanış vaxtı da var. İlk növbədə, milli komanda, sonra klub və azarkeşlərin maraqları nəzərə alınmalıdır. Televiziyanın da işi bunların ictimaiyyətə çatdırılmasıdır. İnanıram ki, PFL də bu mövzu üzərində işləyib, məsələni növbəti iclaslarda ortaya qoyacaq.

- UEFA hər bir klubun qadın futbolunun olması tələbini qoyub. Bu mövzuda hansı müzakirələr aparılıb?

- Artıq 1 il bundan əvvəl UEFA bu tələbi qoyub. Bugünkü reallıqda müəyyən problemlər olurdu. Bir neçə il əvvəl qadınlar arasında dünya çempionatı keçirildi və Azərbaycana böyük diqqət ayrıldı. İnfrastruktur baxımından nə qədər inkişaf oldu. Bu gün həmin stadionlar bizə xidmət edir. İndi də klublar maraqlı olmalıdır ki, bir qadın komandası olsun. Artıq yaş həddini klubların özləri müəyyən etməlidir. Bu o demək deyil ki, çempionatda 10 komanda iştirak edir və hamısında olmalıdır. Əsas Avrokuboklara iddialı klublarda olsa, bu, kifayət edər. Çünki Avrokuboklarda iştirak etmək üçün hər bi komanda lisenziya alır və bu tələb orada göstərilir. Çalışacağıq ki, bu, hansısa formada həyata keçirilsin.

- Vaxtilə "Xəzər Lənkəran" çempionatın ilk pillələri uğrunda mübarizə aparırdı. Amma indi vəziyyət heç də yaxşı deyil. Bu, nə ilə bağlıdır?

- "Xəzər Lənkəran" həmişə iddialı olub və Premyer Liqanı tərk etmək məsələsi ola bilməz. Biz indi CAS-dan (İdman Arbitraj Məhkəməsi) cavab gözləyirik. FİFA-nın mövcud qərarından sonra vəziyyət belə oldu. Çünki kifayət qədər güclü futbolçuları heyətə qatmışdıq, amma həmin səbəbə görə transferlər alınmadı. İndi isə 14-15 futbolçu ilə çıxış edirik. Düzdür, bir üstünlüyü var ki, bu gənc futbolçuların təcrübələrini artırması, özlərini göstərməsi üçün şansdır. Hələ qarşıda uzun müddət var. Yanvarda komandada güclənmə olacaq və baş məşqçi də bunun üzərində işləyir. Bu nəticə rəhbərlik olaraq bizi də qane etmir. Komanda öz meydanında məğlub olursa, bu bizə ikiqat təsir edir. Ancaq bir məsələ də var. Siz rəqibin də, "Xəzər Lənkəran"ın da heyətinə baxın. Azərbaycanda klub vardı ki, bir əsas və bir əvəzedici komandası vardı. Bu gün həmin klubdan əsər-əlamət yoxdur. "Xəzər Lənkəran"ın əsas məqsədi Lənkəranda futbolu yaşatmaqdır. İstəyirik ki, bir ildən də, əlli ildən də sonra bu klub olsun. Əsas məsələ budur. Birgünlük nəticə ilə yaşamaq düz deyil.

- Gənclərdən danışdınız. Amma "Sumqayıt" və AZAL-ın gənclərinin futbolu "Xəzər Lənkəran"ın gənclərinin oyunundan bir qədər üstündür...

- "Sumqayıt"la AZAL-ın turnir cədvəlindəki mövqeyi məlumdur. Bizim digər klublarımız da var ki, həmişə ilk pillələrdə gediblər, amma indi "Xəzər Lənkəran"la demək olar ki, eynidirlər. Bu, çempionatın əvvəlidir. Siz onlarla bu klubu eyni tutmayın. Çünki "Xəzər Lənkəran" sanksiya üzündən belə çıxış edir. Bilirsiniz ki, bu yay yetərincə səviyyəli futbolçu heyətə qatmışdıq, amma alınmadı. İndi həmin futbolçular komandalarında uğurlu çıxış edirlər.

- Mətbuatda "Xəzər Lənkəran"da maddi çətinliyin olduğu da bildirilir...

- "Xəzər Lənkəran"ın məqsədi tək o deyil ki, komanda bu gün çempion olsun. Ola bilsin ki, komandada hansısa problemlər var. Azərbaycanda heç bir klub deyə bilməz ki, mən eyni gün, eyni saatda maaşı verirəm. Bu gün maddi problem tək "Xəzər Lənkəran"da, Azərbaycan klublarında yox, bütün dünya klublarında var. Yalnız "Xəzər Lənkəran"da bu problem olsaydı, biz bunu analiz edib müəyyənləşdirərdik. "Xəzər Lənkəran"ın sponsorlarından biri "Pal Süd" şirkətidir. Reklam müqaviləsinə əsasən, onlar bizə aylıq vəsait ödəyir. Biz soruşanda ki, niyə ödəmirsiniz, deyirlər filan qurum və şirkətlər bizə pul ödəməlidir. Yəni bu, zəncirvari prosesdir. Klub öz-özünü maliyyələşdirə bilməz ki... Hamısının sponsoru var. Əsas odur ki, "Xəzər Lənkəran"ın stadionu bankda girov qoyulmayıb, kluba məxsusdur. "Xəzər Lənkəran" meydançada məşq etmək, bazada qalmaq üçün kiməsə pul ödəmir. Klubun infrastrukturu var və o kluba gəlir gətirir. Təbii ki, kredit də götürmək olar, amma vaxtında ödəmək yaxşıdır. Söhbət ondan getmir. "Xəzər Lənkəran"ın aşağı yaş qrupları öz meydançalarında məşq edir, öz stadionlarında oynayırlar. Bu isə o deməkdir ki, klubun potensialı var. Siz desəniz ki, klub 1-5 milyonluq futbolçu alır, bu, reallıqdan uzaq olar. Klub rəhbərliyi də öhdəliklərin yerinə yetirilməsini ləngitmir.

- Oyunçu azlığına görə Premyer Liqanın XI turunda "Rəvan"la oyuna çıxmama ehtimalı nə dərəcədə düzgündür?

- Komanda oyuna niyə çıxmır? Əvəzedici və aşağı yaş qruplarında da oyunçu var. Oyunçu sayı ilə bağlı problem yoxdur. Ola bilər ki, Premyer Liqada hər hansı bir mövqedə rəqib qarşısına çıxacaq səviyyədə oyunçu yoxdur, amma kəmiyyət baxımından problem yoxdur. bu söhbətlərin hardan çıxdığını deyə bilmərəm.

- Bugünkü iclasda başqa hansı məsələlər müzakirə olundu?

- İclada qadın futbolu ilə bağlı müzakirələr getdi. Onların nümayəndələrini dəvət etmişdik. Bir növ təqdimat keçirdilər və görülən işlərdən danışıldı. Sonra yayım haqda danışıqlar oldu. Legioner limiti ilə bağlı məsələ müzakirə olunmadı. Klublar adından PFL-ə təklif ünvanlayacağıq ki, mövsümün sonunda ən yaxşı oyunçulara, jurnalistlərə və digər nominasiyalar üzrə fərqlənənlərə mükafatlar təqdim olunsun. Bu, bir atributdur. Məsələn, 2015/2016 mövsümünü ən yaxşı işıqlandıran jurnalistə mükafat verilir və bu onun işinin nailiyyətidir. Söhbət maddiyyatdan getmir. İdmanda niyə qalib gələndə medal, mükafat verirlər? İstəyirik ki, bu mövsümün sonunda bu cür mükafatlar olsun. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi