Yuxarı

​Tuyqun Nadirov: "Heç birimizin ixtiyarı yoxdur ki, azarkeşlərimizi futbolsuz qoyaq" - MÜSAHİBƏ

O, Klublar Komitəsinin bugünkü iclasında müzakirə olunan məsələlərdən danışıb

Bakı. 7 avqust. REPORT.AZ/ AFFA Klublar Komitəsi bu gün yeni mövsümün ilk iclasını keçirib. "Report"un məlumatına görə, komitə sədri Tuyqun Nadirov klub rəsmiləri ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

- İlk olaraq "Qarabağ" klubunun iclasda iştirak etməmə səbəbini söyləyərdiniz...

- "Qarabağ" klubunun rəhbərliyi daha öncədən əlaqə saxlamışdı. Müzakirə olunan məsələlər haqda yazılı şəkildə fikir bildirib, imzalarını atmışdılar. Bildiyimiz kimi həm "Qəbələ", həm də "Qarabağ" avrokuboklarda iştirak edir. Bu səbəbdən hər iki kluba güzəşt olunub. Yəni, onlar iclasda iştirak etməyə bilərdi. Bu da sevindirici haldır ki, klublarımız Avropa Liqasında mübarizəni davam etdirir. Şəxsən mən həm "Qarabağ", həm də "Qəbələ" rəhbərliyindən fikirlərini öyrənmişəm.

- Konkret olaraq hansı məsələlər müzakirə olundu?

- Bir çox məsələlər müzakirə olundu. Bu gün açılış iclası idi. Mövsüm ərzində yaranan təkliflər müzakirə olunacaq. Çempionatda yeni olan "Kəpəz", "Zirə" və "Rəvan" klublarını salamladıq, nümayəndələri ilə görüşdük. Düşünürəm ki, onlar da aktiv iştirakçılara çevriləcək və iclasda öz təklifləri ilə iştirak edəcəklər. Komitə yaranan gündən ən mühüm məsələlərdən biri teleyayımla bağlı idi. Bu da uzun müzakirələrdən sonra öz həllini tapdı. Azərbaycanda ilk dəfə tender elan olundu və CBC kanalı bu tenderin qalibi oldu. Yayım hüququnu bu kanal aldı və qarşılığında müəyyən məbləğ ödəyəcək ki, bu da klublara veriləcək. Deyə bilərlər ki, bu vəsait azdır. Ancaq əsas olan odur ki, biz bu işi başladıq. Dünyada klubların müəyyən gəlir yerləri var ki, onlardan biri də yayım hüququdur. AFFA və Peşəkar Futbol Liqası (PFL) rəhbərliyi Klublar Komitəsinin müraciətini nəzərə alaraq, bu cür addım atdı. Ümid edirəm ki, gələcəkdə bu məbləğ milyonlarla ölçüləcək. Amma əvvəllər klublar ya televiziyaya pul ödəyirdi, ya da oyunlar pulsuz yayımlanırdı. İndi isə klub yayımdan pul qazanacaq.

- "Topaz"la bağlı hansı məsələlər müzakirə olundu?

- Klubların hamısının sponsoru olur və Premyer Liqanın da sponsoru olmalıdır. "Topaz" məsələsini də müzakirə etmişdik. Müəyyən işlər var ki, onları danışırıq. "Topaz" konkret olaraq Premyer Liqanın sponsoru olacaq və pulu da PFL-ə ödəyəcək. Biz bu işə heç bir müdaxilə etməyəcəyik. Ancaq müəyyən məsələlər var ki, klublar oradan gəlir götürəcək. Bir növ bu məsələləri öz aramızda bölmüşük. Belə də olmalıdır. Klubların da, PFL-in də gəlir mənbəyi olmalıdır, artıq xərclər olmamalıdır. Bundan sonra daha diqqətli, həssas olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, klubları maliyyələşdirən sponsorların müəyyən çətinlikləri var. Hesab edirəm ki, bu mövsüm maraqlı olacaq. 3 yeni komanda mübarizəyə qoşulub. Amma ötən il çempionatı 9 komanda ilə başa vurduq.

- İclasda AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev də iştirak etdi. Əsas məsələlərdən biri də təhlükəsizlik - azarkeş və polis məsələsidir. "Qəbələ"nin oyununda bunun şahidi olduq. Növbəti dəfə polis Premyer Liqada azarkeşə təsir göstərə bilər. Bununla bağlı hansı addım atılacaq?

- Başa düşürəm, polis əməkdaşları öz vəzifə borclarını yerinə yetirirlər. Ola bilər ki, xoşagəlməz hadisələr baş verir. Elə Azərbaycan klubu yoxdur ki, bu problemi yaşamasın. Həm AFFA, həm də PFL rəhbərliyi öz fikirlərini bildirdi. Belə qərara gəlindi ki, hər oyundan əvvəl polis nümayəndələrinin, təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə görüş keçirilsin. Heç olmasa mövsümdə 2-3 dəfə yüksək səviyyədə görüş keçirilsin. Qanunlara tabe olunmalıdır. Polis də Azərbaycan qanunlarına tabe olmalıdır. İnanmıram ki, belə insidentləri polis istəsin. Çünki bu kimi hadisələr azarkeşləri küsdürür. Məsələ burasındadır ki, biz onlara xahiş edirik, müraciət edirik ki, gəlin asayişi qoruyun. Heç birimiz deyə bilmərik ki, onlar bunun öhdəsindən gələ bilmir. Hər an hər şey ola bilər. Hüquq-mühafizə orqanlarının səyi nəticəsində yüksək səviyyədə ilk Avropa Oyunları keçirildi. Bu həmin əməkdaşların yüksək səyinin nəticəsidir. Azarkeşlə olan mübahisə, xoşagəlməz hadisənin olmamamsı üçün biz rəhbərliklərlə görüşməli, müzakirə etməliyik.

- Siz gələcəkdə belə addımların atılacağını dediniz. Artıq çempionat bir neçə gündən sonra başlayacaq. İndi bu cür addım atılsa, olmaz?

- Təbii ki, hər klub rəhbərliyi polis nümayəndələri ilə görüş keçirəcək. Bunlar çempionatın startı zamanı olacaq və olmalıdır. Bu məsələlər haqda danışıldı. Azarkeşlərin də, polislərin də hamısını pisləmək olmaz. Fikrimcə, media işçiləri də haqlı tərəfə dəstək olmalıdır.

- CBC ölkə çempionatını yayımlayacaq. Məsələ budur ki, kanal ancaq paytaxtda gedən oyunları tamaşaçılara təqdim edəcək...

- CBC-nin avadanlıqları artıq alınıb və Azərbaycana gəlir. Bunlar da bahalıdır və geniş şəkildə istifadə olunacaq. Bu avadanlıqlar imkan verəcək ki, oyunlar həm region, həm də paytaxtda nümayiş olunsun. Ola bilər ki, bir turda 2-3 oyun nümayiş olunsun. Ancaq bir müddətdən sonra bəlkə də stadionlarda stasionar qurğular quraşdırılacaq. CBC-nin texniki rəhbərliyi klublarla görüşəcək və klublar da onlara hər şəraiti yaradacaq. Bu gün Kanadadan, Türkiyədən, Avropadan mütəxəssislər gəlib qrafik görünüşdən yayım keyfiyyətinə qədər hər bir məsələnin təşkilində yaxından iştirak edəcəklər. Kameraların sayı çox olacaq. Bir neçə il bundan əvvəl müxtəlif kanallarda yayımlar gedirdi və baxdıqda zövq ala bilmirdin. Sonralar "İdman Azərbaycan"da yüksək keyfiyyətdə yayımlandı. İndi də CBC daha keyfiyyətli şəkildə yayımı həyata keçirəcək. Hətta oyun zamanı statistika da nümayiş olunacaq. Bunlar hamısı sevindirici haldır və bu futbolun inkişafına xidmət edəcək.

- Futbolun bəzəyi azarkeşdir. Artıq iki ildir ki, "Neftçi" və "Xəzər Lənkəran" arasında keçirilən oyuna rəqib azarkeşlər gəlmir. Bu problem nə vaxt aradan qaldırılacaq? "Böyük oyun"da dolu tribunalarda tamam başqa atmosfer olur...

- Açığı deyim, bir neçə iclas bundan əvvəl bu məsələ müzakirə olunub. Hər iki klubun rəhbərliyi arasında bu məsələ müzakirə olunub və iki tərəf də təhlükəsizliyin təmin olunması iqtidarındadır. Heç birimizin ixtiyarı yoxdur ki, azarkeşlərimizi futbolsuz qoyaq. Bakıda, Lənkəranda, Naxçıvanda, Gəncədə və başqa yerlərdə olmağından asılı olmayaraq buna ixtiyarımız yoxdur. Düşünürəm ki, klub rəhbərləri olaraq birgə səy göstərsək, komitə vasitəsilə də İcraiyyə Komitəsinə müraciət etsək, müsbət dəyərləndirilər.

- Klublar Komitəsinin fəaliyyətində ötən ildən fərqli olaraq hansı yeniliklər planlaşdırılır? Azarkeşlərin tribunaları doldurması üçün oyunların həftəsonu və iş saatından sonra keçirilməsi gündəmdə idi. Məsələ ilə bağlı hansısa müzakirələr aparılıb?

- Bilirsiniz, inkişaf etmiş futbol ölkələrində oyunun keçirilmə vaxtı yayımlayan orqanla müzakirə olunur və razılaşdırılır. Onsuz oyunlar həftəsonudur. Artıq bu PFL rəhbərliyi tərəfindən müəyyən olunur. Klublar da buna etiraz etmir. "Xəzər Lənkəran" azarkeş üçün kampaniya keçirir. Azarkeş oyuna aldığı biletin qiymətindən asılı olmayaraq 2 manatlıq nar kontur əldə edəcək. Artıq bir neçə aydır ki, bunun üzərində işləyirdik. Gələcəkdə ola bilər ki, kontur şifrələri birbaşa biletin üzərində yazılsın. Stadiona nə qədər çox azarkeş cəlb etsək, bu bizim üçün müsbət haldır. Gözəl oyun olduqda hər kəs gəlib həmin oyuna baxır və komandasını dəstəkləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi