​Tuyqun Nadirov: "Heç bir klub problemdən qorxmamalıdır" - MÜSAHİBƏ

​Tuyqun Nadirov: "Heç bir klub problemdən qorxmamalıdır" - MÜSAHİBƏ "Bundan sonra da heç kim özünü tək hiss etməyəcək"
Futbol
5 İyun , 2015 15:55
​Tuyqun Nadirov: Heç bir klub problemdən qorxmamalıdır - MÜSAHİBƏ

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasdan sonra komitənin sədri Tuyqun Nadirov jurnalistlərin suallarını cavablandırıb...

- Mövsümün son iclasında hansı qərarlar qəbul olundu?

- Bu gün iclasda müzakirə olunan məsələlər artıq bir neçə müddətdir ki, klub rəhbərləri tərəfindən müzakirə edilir. Onların irəli sürdüyü məsələlər, klubları maraqlandıran, yığılıb qalan məsələlər idi. Əsasən də seçilmiş 3 məsələ vardı. Onlar haqqında hüquqi sənədlər hazırlanacaq, təkliflərimiz də orada əks olunacaq. Məktub şəklində AFFA prezidenti Rövnəq Abdullayevə təqdim ediləcək və İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Necə ki, martda Klublar Komitəsinin təqdim etdiyi məsələləri İcraiyyə Komitəsi müsbət dəyərləndirdi. Hazırda bir neçə məsələ ilə bağlı sənədlər bizim və klubların hüquqşunasları tərəfindən hazırlanır. Onlar İcraiyyə Komitəsinə təqdim ediləcək. Klublar Komitəsinin rəhbəri kimi İcraiyyə Komitəsinin iclasında çalışacağıq ki, həmin məsələlər qəbul edilsin.

- Bu məsələlər hansılardır?

- Birincisi, legionerlərin üzvlük məsələsidir. Vaxtilə legioner limiti yox idi. Əcnəbi futbolçuların Azərbaycanda çıxışına məhdudiyyət qoyulmamışdı. Artıq həmin qərar köhnəlib. Məhdudiyyət olduğu halda legionerlərə rüsum ödəmək ziddiyyət yaradır. Klublar da bunun əleyhinədirlər. Ancaq tam şəkildə rüsumun aradan götürülməsini istəmirik. Gənc legionerlər, məsələn, 21 yaşa kimi olan əcnəbi futbolçuların rüsumu 50%-ə endirilsin. Komandalar onlar üçün sifariş haqqı ödəməsin. Milli komandaların üzvləri üçün ümumiyyətlə, sifariş haqqı ödənilməsin. Hər bir klub öz əcnəbi futbolçusu üçün illik vəsiqə alsın. Həmin klub o futbolçunun yerində 1 və ya 2 legioner oynadacaqsa, bu onun şəxsi işidir. Məsələn, biz hər dəfə legioneri sifariş etdiyimizdə bir illik müqavilə imzalanıbsa, növbəti ilin yanvarında artıq onun müqavilə müddəti bitir. Əvəzində başqa futbolçu gətirəndə yenidən üzvlük haqqı ödəyirik. Belə çıxır ki, mövsüm ərzində bir yerə görə iki legioner üçün pul ödənilir. Alternativ olaraq təklif edirik ki, bütün dünyada olduğu kimi, ümumiyyətlə, legioner futbolçudan ötrü üzvlük haqqı rədd edilsin. Əcnəbi ilə yerli futbolçu arasında fərq olmasın. Yaxud hər bir klub Peşəkar Futbol Liqasına üzvlük haqqı ödəsin. İkinci məsələ futbol klublarının yetişdirdiyi gənc futbolçulara görə kompensasiya mexanizmidir. Bu günədək prosesi tənzimləyən normativ sənəd yoxdur. Bunun yaradılması üçün də bütün klubların yekdilliklə razılığı olmalıdır. Təklif edirik ki, hər hansı klub öz yetirməsinin yerli və ya əcnəbi klublara transferi zamanı hüquqi sənədlərinə sahib çıxsın. İstər "Xəzər Lənkəran", istərsə də "Qarabağ" və ya digər klub olsun, asanlıqla digər klubun yetişdiriyi futbolçulara görə pul alırdı. Valideynlər müxtəlif bəhanələrlə futbolçunu cüzi məbləğə klubdan alırdılar. Belə çıxır ki, klubun həmin futbolçuya illərdir xərclədiyi pul boşa gedir. Dünyada klubların gəlir mənbəyi yetişdirdiyi futbolçulara görə qazandığı təzminatdır. Bu məsələlərlə bağlı FİFA-nın normativ aktlarına əsasən təkliflərimizi hazırlamışıq və klublar yekdilliklə bunu dəstəkləyib. Digər məsələ isə "Bakı" klubu tərəfindən irəli sürülüb. Futbolun 2015-2020-ci illərdə inkişafı proqramına əlavələrin olunması ilə bağlıdır. Biz də bu təklifi qəbul edib AFFA-ya çatdıracağıq.

- Oyunların yayımı ilə bağlı hansı qərarlar verildi?

- Oyunları "İdman Azərbaycan" telekanalı keyfiyyətli şəkildə yayımlayır. Bu da azarkeşləri qane edəcək şəkildədir. Klublar elə təklif irəli sürməyimizi istəyir ki, bu, həm klub, həm də televiziyaya sərf etsin. Ola bilər ki, televiziya kanalı oyunu yayımlasın. Qarşılığında isə klub sponsoru həmin kanalda öz məhsullarının reklam çarxlarını yerləşdirsin. Yəni bu və ya digər formada münasibət yaransın. Bu, həm kanala, həm də televiziyaya sərf edəcək. Ən azı İcraiyyə Komitəsinin qarşısında bu məsələni qaldıracağıq ki, yayım hüququ klublara verilsin. Təbii ki, bu, mexanizmli həyata keçiriləcək. Məsələn, sabah klub yayımı təşkil edə bilmədisə, bu, belə olmamalıdır. Əsas bu 4 məsələ idi ki, baxıldı və müzakirə olundu. Düşünürəm ki, müvafiq sənəd hazırlanıb AFFA-ya ünvanlanacaq.

- Hazırda gündəmdə olan məsələlərdən biri də "İnter" və "Simurq" klubları ilə bağlıdır. Bu barədə hansısa məsələlər müzakirə olundu?

- Bu gün bir çox klublarda maliyyə problemi ola bilər. Dünyada heç bir klub bundan sığortalanmayıb. "Bakı" son aylar ərzində çempionatdakı çıxışını AFFA hesabına davam etdirib. Bu da sevindirici haldır ki, AFFA klubları bu problemlə tək qoymur. Hər hansı beynəlxalq məhkəmə, sanksiyalar zamanı da klubların yanında olur. AFFA-nın bu cür rəhbərliyi olduğu müddətdə heç bir klub problemdən qorxmamalıdır. Düşünürəm ki, AFFA-nın yeni mövsüm üçün lisenziya verdiyi klubların hamısı Premyer Liqada çıxış edəcək. Bununla bağlı heç bir maddi problem ola bilməz. "İnter"də ola bilər ki, daxili problemlər olsun, klub siyasətini dəyişsin, amma komanda Avropa Liqasına vəsiqə qazanıb və layiqli çıxış edəcək.

- Növbəti görüşün hər hansı klubun düşərgəsində olacağını demişdiniz...

- Biz bu məsələni klublarla danışdıq və yeni mövsümdən belə edəcəyik. Çünki klublar hazırda Avropa Liqasına, təlim-məşq toplanışına hazırlaşırlar. Qərar verdik ki, bu addımı yeni mövsümdən ataq. Hətta ilk ev sahibi də "Qarabağ" klubu olacaq. Burada əsas məsələ iclasın harada keçirilməsi deyil. Əsas məsələ klub nümayəndələrinin qərar verməsi, dəstəkləməsi və qüvvəyə mindikdən sonra həmin qərarlara riayət etməsidir.

- İclasda müzakirə edilən məsələlər yeni mövsümə qədər həllini tapacaq?

- Bir çox məsələlər var ki, müzakirəyə çıxarılır və təkliflər olur. Növbəti mövsümlə bağlı məsələləri son iclasa saxladıq ki, artıq onlar öz qanuni qüvvəsini tapsın.

- "Bakı"nın təkliflərini qeyd etdiniz, amma yeni mövsümdən bu komanda Klublar Komitəsində olmayacaq...

- Komitədə Premyer Liqada çıxış edən klubların rəhbərləri, nümayəndələri təmsil olunur. Sonuncu təklif Yaşar Seyidov tərəfindən verilib. O, təcrübəli futbol funksioneridir. Düzdür, "Bakı" I divizionda işini davam etdirəcək, amma Azərbaycan futbolunun belə funksionerlərə ehtiyacı var.

- Klublara dövlət tərəfindən yardımın ayrılacağı ilə bağlı xəbərlər yayılıb...

- Bir neçə gündən sonra ilk dəfə Avropa Oyunları keçiriləcək. Belə möhtəşəm hadisə Azərbaycanda baş verir. Bütün idman növləri, idmançılara dövlət qayğısı var. Bundan sonra da belə olacaq və heç kim özünü tək hiss etməyəcək. Dövlət maddi dəstək versə də, verməsə də, köməklik göstərilir. 10 il əvvəl FİFA standartlarına cavab verən stadionların sayına baxardınız. Amma bir neçə il bundan əvvəl Azərbaycan milli komandası Lənkəran şəhər stadionunda oyun keçirdi. Bəzən klublarda problemlər olur. İş olan yerdə səhv də, uğursuzluq da, uğur da olar.

Son xəbərlər

Orphus sistemi