​Tuyqun Nadirov: "Federasiyanın bizə verəcəyi alacağından çoxdur" - MÜSAHİBƏ

​Tuyqun Nadirov: "Federasiyanın bizə verəcəyi alacağından çoxdur" - MÜSAHİBƏ "Azərbaycanda 5-6 klub FİFA-nın sanksiyasına məruz qalıb"
Futbol
26 Yanvar , 2016 15:57
​Tuyqun Nadirov: Federasiyanın bizə verəcəyi alacağından çoxdur - MÜSAHİBƏ

Bakı. 26 yanvar. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir.

- "Xəzər Lənkəran"ın hazırkı vəziyyəti necədir?

- Komanda çempionata hazırlaşır, məşq edir. Futbolçuların əməkhaqlarının verilməsində gecikmə var, amma deyildiyi kimi, 6-7 ay deyil. Mən ötən dəfə də demişəm ki, gecikmələr var və klub rəhbərliyi məvacibləri vermək üçün əlindən gələni edir. Elə aylar olmur ki, onlara ya avans, ya müəyyən pul vəsaiti ödənilməsin. Aydın məsələdir ki, onların da öz xərcləri var və bunları həll etməlidirlər.

- FİFA-nın klubunuza kəsdiyi cərimə ilə bağlı məsələ nə yerdədir?

- Hələ ki, qurum tərəfindən kluba heç bir məktub daxil olmayıb. Biz də öz növbəmizdə dekabr və yanvarda FİFA-nın bu işlərlə məşğul olan qurumlarına problemli məsələlərin həlli palatasına məktublar göndərmişik. Futbolçuların özləri və hüquqşünasları ilə də danışmışıq.

- Ümumiyyətlə, klubun sahibi Mübariz Mənsimovla bu məsələ ilə bağlı müzakirələr aparılıb?

- Klubun prezidenti Mais Mənsimovdur. O, həm klubun prezidenti, həm də sponsor şirkətin Azərbaycandakı rəhbəridir. Şirkətin də işləri yaxşı gedir və müxtəlif müəssisələri də fəaliyyət göstərir. Sadəcə, pul dövriyyəsində problemlər var və məhsulları alan təşkilatlar 6-7 aydır ki, pulları ləngidirlər. Həmin pullar ödənildikdə dolayısı yolla klub büdcəsinə gəlir. Bizim FİFA-ya 600 min dollar borcumuz var. Amma bizim qurumlara olan borclar bir milyon, milyon yarımdan çoxdur. 30-a yaxın müəssisənin bizim sponsor təçkilatına borcu var. Onlar verilsə, biz FİFA-nın borcunu ödəyər, futbolçuların cari mövsümdəki maaşlarını da əvvəlcədən ödəyərik. Ola bilər, başqa klublarda sponsor iflas edir, ana biznesi çökür. Ancaq bizim sponsorun problemi yoxdur.

- "Nar Mobile"la da müqaviləniz var. Oradan gələn gəlirlə maaşları vermək mümkün deyil? 

- Həmin pullarla vergilər və digər xərclər ödənilir. Futbolçuların kartlarına maaşlar köçürülür. Üstəlik, tək bu şirkət deyil. Başqaları ilə də sponsor müqaviləmiz var. Üstəlik, bu yaxınlarda yeni sponsorlarla da müqavilələr bağlanacaq. Biz daima sponsorları yeniləyirik. Müqavilələrdən gələn gəlirlə cari problemləri həll edirik.

- Komandadan göndərilən, transferə çıxarılan futbolçular bağışlanacaq?

- Təəssüflə deyirəm ki, bu, baş verməməli idi. Ancaq onlar gəncdir. Özüm də onlarla danışanda dedim ki, bu sizə başucalığı gətirməyəcək. Əfsuslar olsun ki, onlar başqa yeri seçdi. Klubun iclası olub və bəziləri ilə müqavilə pozulub, bəzilərinin də transfer vərəqələri özlərinə verilib. Açıq danışmaq lazımdır. Onları yetişdirərkən müəyyən xərclər çəkilir. Bunu özləri də yaxşı bilir. Bizim də onlara qoyduğumuz transfer qiyməti həmin xərcləri qətiyyən keçmir. Azdır ki, çox deyil.

- Peşəkar Futbol Liqasına (PFL) olan borclar necə ödəniləcək?

- Bizim PFL və AFFA ilə bağlı problemimiz yoxdur. Ona görə ki, federasiyanın bizə verəcəyi alacağından çoxdur. Hətta bizim oradan alacağımız var.

- FİFA-nın problemi həll olunmasa, 6 xalın silinməsi məsələsi var...

- Bu işə peşəkar yanaşmaq lazımdır. Hüquqi cəhətdən belədir ki, pulu vaxtında ödəməyəndə o zaman yeni məsələ açılır. Qərarı vaxtında icra etmədiyin üçün cəza tətbiq olunur. Bu cəza aşağı dəstəyə göndərilmə, xalın silinməsi, transfer qadağası və pul cəriməsi ola bilər. Artıq bu qərarı özləri qəbul edir.

- Siz futbolçuların pulunu ödəmirsinizsə, FİFA "Xəzər Lənkəran"ın pulu olmadığını düşünərək maddi cəza verməyəcək və digərlərini tətbiq edəcək...

- Sizi inandırıram ki, bu gün Azərbaycanda 5-6 klub FİFA-nın sanksiyasına məruz qalıb. Bunlar futbolçuların pulunu ödəməməsi ilə bağlıdır. Ən az məbləğ də bizdədir.

Son xəbərlər

Orphus sistemi