Yuxarı

Tuyqun Nadirov: "Hakimlər Komitəsini heç cür düzəldə bilmirik"

Xəzər Lənkəran rəsmisi hakimlərin ünvanına ittihamlar səsləndirib

Bakı. 10 mart. REPORT.AZ/ "Dünənki oyunla bağlı nə deyim? Hakim artistlikdən başqa heç nə etmirdi". Bunu "Report"a açıqlamasında "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov "Neftçi" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü barədə danışarkən deyib. 

T.Nadirov bildirib ki, "ağ-yaşıllar"ın qapısına vurulan hər iki qoldan öncə "Neftçi"nin futbolçuları tərəfindən qayda pozuntusuna yol verilib: "İlk epizodda penalti yox idi. Camaat kor deyil. Milyonlarla adam futbola baxır. Burada Tuyqunun deməyi ilə deyil ki... Ola bilər ki, oyunu stadiondan canlı izləyənlər həmin epizodları görməsin, amma televiziya vasitəsilə izləyənlər hər şeyi görürlər. Hamı gördü ki, hər iki qoldan öncə nələr baş verdi. İlk penaltidən əvvəl cərimə zərbəsi olmalı idi, amma olmadı. Orada penaltilik heç nə yox idi. Onların futbolçusunun yıxılmasının səbəbi bizim oyunçu deyildi. Oyunçu özünü yerə atır, baş hakim də penalti qərarı verir. "Xəzər Lənkəran" öz yolu ilə gedir və klubumuzun 15-16 yaşlı oyunçuları "Neftçi"nin bütün futbolçularına dərs keçdi ki, futbolu necə oynamaq lazımdır".

Bununla belə, klub rəsmisi oyunun baş hakimi Rəhim Həsənovdan AFFA-ya şikayət etməyəcəklərini bildirib: "Bu günədək Hakimlər Komitəsini heç cür düzəldə bilmirik. O qədər aciz insanlarıq ki, Hakimlər Komitəsinə bir ölçü götürə bilmədik. Azərbaycanda hər şey dəyişdi, bir dənə bu Hakimlər Komitəsinə ölçü götürülmədi. Premyer Liqada AZAL-la oyunda da haqsızlıqlar oldu. Hamımız bunu gördük".

Qeyd edək ki, "Neftçi" "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə yenərək, ilk görüşdəki 2:3 hesablı məğlubiyyətin əvəzini çıxıb və yarımfinala yüksəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi