Türkiyənin UEFA Kubokunda çıxış etmiş klubu həvəskar liqasına enib

Türkiyənin UEFA Kubokunda çıxış etmiş klubu həvəskar liqasına enib Komanda üzvləri "Diyarbakırspor"la görüşə 10 saatadək avtobusla gediblər
Futbol
5 Mart , 2018 16:38
Türkiyənin UEFA Kubokunda çıxış etmiş klubu həvəskar liqasına enib

Bakı. 5 mart. REPORT.AZ/ Son illərədək Türkiyə Super Liqasında çıxış etmiş "Kayseri Erciyesspor" gələn mövsümdən Bölgənin Həvəskarlar Liqasında (BAL) mübarizə aparacaq. 

"Report"un məlumatına görə, bu, Kayseri komandasının Türkiyə III Liqasının 2-ci qrupunda "Diyarbakırspor"a 1:10 hesabı ilə məğlub olduqları oyundan sonra dəqiqləşib. "Mavi-qaralar" oteldə qalmağa pullarının olmaması səbəbindən oyun üçün yola gecə ilə avtobusla çıxdıqları bəlli olub. Kayseri təmsilçisi 10 saatlıq səfərdən sonra stadiona gələrək oyunun başlamasını gözləyib. Səhər saatlarında Diyarbakırın Şilbe İdman Kompleksinə çatan komandanı rəqib komandanın rəsmiləri görüb. Onlar qonaq komandanın bütün heyətini səhər yeməyinə qonaq ediblər. 

Oyunu böyük hesabla uduzan "Kayseri Erceyisspor"un futbolçuları göz yaşlarını saxlaya bilməyiblər. Liqada oynadığı 25 matçda 22 məğlubiyyət və 3 heç-heçə edən komandanın aktivindən "Van Böyükşəhər Bələdiyyəspor"la səfər matçına maddi sıxıntılara görə gedə bilmədiyi üçün 3 xal da silinib. 

Qeyd edək ki, son olaraq 2015-ci ildə Türkiyə Super Liqasında mübarizə aparmış " Kayseri Erciyesspor" 1932-ci ildə qurulub. Komanda 86 illik tarixi ərzində 2006-2007 mövsümündə Türkiyə Kubokunun finalına yüksəlib. Final qarşılaşmasının uzatma dəqiqələrində "Beşiktaş"a uduzan Kayseri təmsilçisi tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. 2007-2008 mövsümündə tarixində ilk dəfə UEFA Kubokuna vəsiqə qazanan komanda ilkin təsnifat mərhələsində İsrailin "Makkabi" (Təl-Əviv) klubunu mübarizədən kənarlaşdırıb. İkinci təsnifat mərhələsində isə "Kayseri Erciyesspor" İspaniya "Atletiko"suna uduzaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi