Türkiyəli futbol eksperti: "Bir də baxdın ki, Avropa çempionuyuq"

Türkiyəli futbol eksperti: "Bir də baxdın ki, Avropa çempionuyuq" "NTV Spor"un şərhçisi: "Biz məsələyə daha real baxırıq"
Futbol
10 İyun , 2016 12:16
Türkiyəli futbol eksperti: Bir də baxdın ki, Avropa çempionuyuq

İstanbul. 10 iyun. REPORT.AZ/ Türkiyə futbolunun tanınmış simaları bu gün Fransada start götürəcək Avropa çempionatı ilə bağlı düşüncələrini böluşüblər. Keçmiş hakim və futbol şərhçisi Ahmet Çakarla "NTV Spor" telekanalının şərhçisi Mert Aydın "Report"un Türkiyə bürosuna açıqlamalarında "ay-ulduzlular"ın çox mürəkkəb qrupa düşdüyünü bildiriblər.

A.Çakarın fikrincə, Türkiyə millisi üçün qrupdan çıxmaq asan olmayacaq: "Çünki millimizdən çox irəlidə olan daha iki komanda var. Ya Xorvatiya, ya da Çexiyanı məğlub etmək məcburiyyətindəyik. İspaniya kimi komandanı isə yenməyin asan olmadığını düşünürəm. Doğrudur, Türkiyə belə sınaqlardan çox çıxıb. Sürpriz komandamız var. Çempionatda nəyə qadir olduğumuzu söyləməkdə çətinlik çəkirəm".

M.Aydın isə hesab edir ki, "ay-ulduzlular" daha asan rəqiblərlə qarşılaşmaq istərdi. Amma onun fikrincə, 6 qrupdan 4-də ən yüksək göstərici ilə 3-cü yeri tutanlara 1/8 finala yüksələ bilmək imkanının verilməsi müsbət məqamdır: "Məncə, hətta iki heç-heçə ilə növbəti mərhələyə yüksəlmək mümkündür. Bunu da bir şans olaraq dəyərləndirə bilərik. Qrupda 3 xalla olmasa da, 4 xalla 2-ci yeri tuta bilərik. Bu isə komandamızın yolunu açacaq".

Türkiyə millisi AVRO-2008-də son dəqiqədə vurduğu qollarla Çexiya və Xorvatiyanı üstələməyi bacarıb. Nəticədə bu komanda çempionatı bürünc medalla başa vurub. Bu dəfə isə "ay-ulduzlular" hər iki yığma ilə eyni qrupa düşüb. Ekspertlərin fikrincə, rəqibləri Türkiyə ilə oyunlara həmin məğlubiyyətlərin qisasını almaq üçün çıxmayacaqlar.

A.Çakar hesab edir ki, oyun zamanı qisas hissi ola bilməz: "Xorvatiyaya sıradan bir komanda kimi baxmaq düzgün deyil. Bu rəqibin 5-6 oyunçusu dünyanın ən güclü komandalarında oynayır. Məsələn, Çempionlar Liqasının qalibi "Real Madrid"də oynayan Luka Modriç, UEFA Super Kubokunun son sahibi "Barselona"da çıxış edən İvan Rakitiç, İtaliya çempionu "Yuventus"un hücumçusu Mario Mancukiç, Ukrayna "Şaxtyor"unun kapitanı Dario Srna dünya ulduzlarıdır. Onlar bizdən daha üstündürlər. Amma o da var ki, futbolda təxmin etmədiyin anlar çox olur".

M.Aydın isə "ay-ulduzlular"ın AVRO-2008-dən sonra hər iki komanda ilə qarşılaşdığını xatırladıb: "2012-ci il Avropa çempionatının "pley-off" mərhələsində Xorvatiya bizi üstələdi. Yəni, hələ o zaman qisaslarını aldılar. AVRO-2016-nın seçmə mərhələsində də Çexiya ilə eyni qrupda idik. Onlar bizi evimizdə məğlub etdilər, biz isə səfərdə qalib gəldik. Bu mənada rəqibləri Türkiyə ilə oyuna qisas hissi ilə deyil, daha səbrli, daha qərarlı çıxacaqlar. Bəlkə də ilk 2 turdan sonra heç-heçə həm Türkiyə, həm də Çexiya üçün gözəl nəticə sayılacaq. Amma çexlərlə görüş, böyük ehtimalla, həlledici matç olacaq".

Qrupdakı İspaniya yığması isə son iki Avropa şempionatının qalibi olub. Belə rəqibə qalib gələ bilsə, Türkiyənin hədəfi cempionluq ola bilərmi? Bu suala ekspertlər birmənalı cavab verməyiblər.

A.Çakar "ay-ulduzlulardan hər zaman sürpriz gözlədiklərini vurğulayıb: "Qrupdan çıxa bilsək, növbəti mərhələlərin taleyi bir oyuna həll olunacaq. Bu isə o deməkdir ki, heç-heçə bitən qarşılaşmada penaltilər seriyasında üstün olaraq, daha bir mərhələ adlayacağıq. Türkiyə millisindən hər zaman surpriz gözləyirik. Bir də baxdın ki, Türkiyə çempiondur".

M.Aydının fikrincə, ilk hədəf yalnız qrupdan çıxmaq olmalıdır: "Türkiyənin Almaniya, Fransa, İspaniya kimi məktəbi yoxdur ki, elə əvvəldən çempionluğu düşünsün. Təbii ki, futbolçularımız bu iddiada ola bilərlər, amma biz məsələyə daha real baxırıq. İspaniyanı məğlub etmələrini isə mən də çox arzu edirəm".

Sonda hər iki mütəxəssis Azərbaycan milli komandasını da böyük arenalarda görmək arzularını dilə gətiriblər.

Qeyd edək ki, D qrupunda yer alan Türkiyə millisi iyunun 12-də Xorvatiya, iyunun 17-də İspaniya, iyunun 21-də isə Çexiya ilə qarşılaşacaq.  

Son xəbərlər

Orphus sistemi