Silah, samovar, pryanik və bir də təkcə çayla kifayətlənməyən "Neftçi" - REPORTAJ

Silah, samovar, pryanik və bir də təkcə çayla kifayətlənməyən "Neftçi" - REPORTAJ Rusiyaya səfər ərəfəsində Neftçi və Arsenal klubları arasında maraqlı dialoq olmuşdu. Bakılılar Twitter hesabları vasitəsi ilə qarşı tərəfə sual ünvanlamışdlar: Samovarımızı özümüzlə gətirə bilərik.
Futbol
26 İyul , 2019 16:44
Silah, samovar, pryanik və bir də təkcə çayla kifayətlənməyən Neftçi - REPORTAJ

Rusiyaya səfər ərəfəsində "Neftçi" və "Arsenal" klubları arasında maraqlı dialoq olmuşdu. Bakılılar "Twitter" hesabları vasitəsi ilə qarşı tərəfə sual ünvanlamışdlar: "Samovarımızı özümüzlə gətirə bilərik". 

Cavab isə belə idi: "Samovarınızı gətirin, pryanikləri isə biz verərik".

Açığı, rəqibin Rusiya Premyer Liqasının ortabablarından sayılması və təyyaradəki texniki problemə görə 6 saatlıq yubanmadan dolayı, "Neftçi"nin Tulada çay içib, pryanik əvəzinə də 2-3 qol "yeməsi" daha real görünürdü. Zarafat deyil, səninlə görüşdə favorit sayılan rəqiblə oyuna gedirsən və təyyarəyə minəndən sonra bəlli olur ki, problem var deyə, gözləmə zalına dönmək lazımdır. Burada bir, uzağı iki saat qalacağını düşündüyün halda təyyarə dəyişdirildiyi üçün uçuş 5 saat 25 dəqiqə yubanma ilə gerçəkləşir.

Komanda gözləmə zalında olduğu müddətdə Bakı - Moskva reysinin mümkün qədər tez alınması üçün başda "Neftçi"nin prezidenti Kamran Quliyev olmaqla, klub rəhbərliyinin səy göstərmələri fonunda baş məşqçi Roberto Bordin təmkinini itirmir, döşəmədə uzanacaq qədər yorulan oyunçularla zarafat edirdi.

İtaliyalı mütəxəssis Moskvadan avtobusla 3 saata yaxın vaxta çatdığımız Tulada təşkil edilən mətbuat konfransında da optimist görünürdü. O, yorğunluğun bu gündə qalacağını, sadəcə, məşq proqramında bir qədər dəyişiklik etdiklərini və Bakıya müsbət nəticə ilə dönmək istədiklərini söylədi. Bordin, necə deyərlər, "qorxunun əcələ faydası yoxdur" mesajı verdi. Bakıda gözləmə zalında konfet alaraq sərnişinlərə paylamaqla son dərəcə nəcib bir insan olduğunu göstərən kapitan Emin Mahmudov da mətbuat konfransında baş məşqçisi ilə həmfikir idi. Axşam məşqindən sonra komanda bir, biz bir qrup jurnalist isə başqa otelə yollanıb, istirahətə çəkildik. Ertəsi gün isə oyunun başlayacağı yerli saatla 20:00-dək şəhərlə tanışlıq planımız vardı.

Tula tramvay və trolleybusların hələ də fəaliyyət göstərdiyi, bir qədər nimdaş görünən və ən əsası, SSRİ ruhunu yaşadan bir şəhərdir. Upa çayının sahilində yerləşən Tula Rusiyanın ən qədim insan məskənlərindən biridir. Şəhərin adı ilk dəfə tarixi mənbələrdə 1146-cı illə bağlı hallanır. Şəhərin vizit kartı Tula Kremli olsa da, bura gələnlərin ən çox baş çəkdikləri məkan kimi Silah Muzeyini də göstərmək olar. 

"Arsenal" klubunun azərbaycanlı jurnalistlər üçün təşkil etdiyi ekskursiya gözlədiyimizdən də böyük təəssürat yaratdı. Silah Muzeyi birmənalı olaraq Rusiyanın necə qüdrətli dövlət olduğunun əyani sübutudur. Ekskursiya qılıncla nizədən başlayır, son model raketlərdə yekunlaşır. Oranı gəzərkən düşünürsən ki, Rusiyanı idarə edənlər ölkə hüdudlarını genişləndirmək, bəzən də müdafiə olunmaq üçün əsas fikirlərini elə silah istehsalına yönəldiblər. Müxtəlif çaplı silahlar zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilib və indiki səviyyəyə çatdırılıb. Medalın bir üzündə ağılasığmaz məhvedici gücə malik silahları görür, digər üzündə isə tökülən qanları təsəvvür edirsən. Və bizlərin də müxtəlif dövrlərdə qurbanlar arasında yer aldığımızı xatırlayırsan...

"Silah şəhəri" ləqəbi ilə tanınan Tulada silah istehsalına 1595-ci ildə çar Fyodr I İvanoviçin əmri ilə başlanılıb. 1712-ci ildə isə I Pyotr Rusiyada ilk dəfə burada silah zavodunun yaradılması barədə göstəriş verib. Elə o vaxtdan şəhər ölkənin "vuran əli" olub.

Silah istehsalına görə metallurgiyanın inkişafı Tulanın həm də "Samovarlar şəhəri" kimi tanınmasını təmin edib. Buradakı mağazalarda qiyməti 200 - 250 manatdan başlayan hər zövqə uyğun samovarlar almaq olar.

Çay varsa, pryanik də olmalıdır. Tula həm də pryaniklər şəhəri kimi məşhurdur. Burada hər addımbaşı pryanik də daxil olmaqla, müxtəlif növ şirniyyatların satıldığı mağazalara rast gəlmək olar.

Bəlli ki, Tula əhli pryaniklə çay içməyi çox sevir. Açığı, buranın camaatı ilk baxışdan kobud və soyuqqanlı insan təsiri bağışlayırdılar. Ancaq oyun ərəfəsində "Arsenal" stadionunun diktoru arenada "Neftçi" azarkeşlərinin olduğunu və "ağ-qaralar"ın bir sıra veteran simalarının adlarını çəkən zaman onları fitə basmaq əvəzinə alqışlamaları fikrimizi dəyişdi. Elə "Neftçi"nin 1:0 hesablı qələbəsindən sonra yerli jurnalistlərin gülərüzlə bizi qələbə münasibəti ilə təbrik etmələri də çox xoş oldu.

Tulalılar "Qəhrəman şəhər"in sakinlərinə xas formada davrandılar. Yeri gəlmişkən, Tula II Dünya Müharibəsi zamanı, 1941-ci ilin oktyabr - dekabr aralığında 45 gün müasirədə qalsa da, almanlara təslim olmayıb. 1976-cı ildən isə "Qəhrəman şəhər" adına layiq görülüb. Şəhərin ərazisi 145 kvadrat kilometrdir. Şəhər ətrafı isə bundan 10 dəfə böyük ərazini əhatə edir. Əhalisi isə yarım milyonu ötüb.

Şəhərdə futboldan çox velosiped idmanı populayar olub. Tula velotrekinin təməli 1896-cı ildə qoyulub. Hərçənd, indi bu trek beynəlxalq yarışlar üçün önəmli yeri tutmur. Ancaq bu şəhər velosipedçi Olqa Slyusaryova kimi, o cümlədən digər idman növləri üzrə Yevgeni Qrişin, Aleksandra Çudina, Vyaçeslav Vedenin, Olesiya Zıkina və Kseniya Afanasyevanın timsalında olimpiya mükafatçıları yetişdirib.

Tulada "Arsenal"dan başqa daha iki peşəkar idman klubu var. Bunlardan biri eyni adı daşıyan basketbol klubu, digəri isə "Tulitsa" voleybol klubudur. Ancaq hazırda şəhərdə ən populyar idman növü kimi futbolu saymaq olar. Təsadüfi deyil ki, 2011 - 2015-ci illərdə "Arsenal"a rəhbərlik etmiş Dmitri Aleniçev 2018-ci ildə burada futbol məktəbi açıb. Hazırda isə "Arsenal"ın əsas komandası Kirill Kombarov kimi təcrübəli, eyni zamanda bir sıra legionerlərdən təşklil olunub.

Oyuna gəlincə, "Neftçi" rəqibini 45+1-ci dəqiqədə Dario Frederikonun qolu ilə məğlub etməyi bacardı. Bakılılar təkcə çay içməklə kifayətlənməyib, müstəqillik dönəmində Rusiya təmsilçisini məğlub edən ilk klubumuz kimi tarixə düşdülər. Lakin qarşıda hələ cavab matçı var. Avqustun 1-də "Bakell Arena"da baş tutacaq görüşdə oynamaq əvəzinə pryaniklə çay içsək, İsrailə ruslar gedəcək....

Son xəbərlər

Orphus sistemi