Yuxarı

"Tottenhem"in baş məşqçisi Bakıya ikinci heyətlə gəlməmələrinə aydınlıq gətirib

Pokettino: Futbolçuların əsas və ya əvəzedici heyətə bölünmələrini istəmirəm

Bakı. 26 noyabr. REPORT.AZ/ İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Pokettino Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıda keçiriləcək V tur qarşılaşmasından öncə mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, argentinalı mütəxəssis əsas heyətdən 7 futbolçunu Azərbaycana gətirməmələri ilə bağlı məsələyə aydınlıq gətirib.

O, futbolçuların əsas və əvəzedici heyətə bölünmələri ilə razı olmadığını bildirib:

"Anlaya bilmirəm ki, niyə Azərbaycanda əsas heyətlə gəlmədiyimizi düşünürlər. Bu gün Bakıda olmayanlar, sadəcə, problemləri olan futbolçulardır. Futbolçuların əsas və ya əvəzedici heyətə bölünmələrini istəmirəm. Biz komanda olaraq sabah ancaq qələbə qazanmaq üçün oynayacağıq. Təbii ki, Premyer Liqaya da önəm vermək məcburiyyətindəyik. Bəzi həqiqətlər var ki, bunu düzgün başa düşmək lazımdır. Uzun yol qət etmişik və bəzi futbolçuların istirahətə ehtiyacı var. Bu, futbolun qanunudur. Hər bir oyun bizim üçün önəmlidir".

Pokettino "Qarabağ"ı çox yaxşı komanda kimi dəyərləndirərək bildirib ki, Azərbaycan çempionuna qarşı oynamaq heç də asan deyil:

"Onlar topu çox yaxşı saxlayır və yaxşı hücum təşkil edirlər. Sabahkı oyunda görəcəyik ki, “Qarabağ” “Anderlext”dən zəif komanda deyil".

43 yaşlı mütəxəssis hazırkı heyətdən Harri Keynin də durumuna aydınlıq gətirib:

"Onun oynayıb-oynamayacağı sabah bilinəcək. Komandamızın bir mentaliteti var. Hər bir yarışa ciddi və məsuliyyətli hazırlaşmalıyıq. Bunun bircə pis tərəfi var ki, bəzən futbolçular zədələnir. Amma biz hansı yarışa vəsiqə qazanmışıqsa, orada yaxşı və layiqli mübarizə aparmalıyıq. Komandamızda, hətta müxtəlif milli komandalarda oynayan futbolçular da var. Yəni bütün komandanın gücündən düzgün yararlanmaq lazımdır. Bütün futbolçularımızı dəyərləndirməyə çalışacağıq. Bizim komandada yaxşı bir rəqabət var. Hər bir futbolçum meydanda yaxşı mübarizə aparacaq".

Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tottenhem" matçı saat 22:00-da başlanacaq. Bu komandalar arasında ilk tur qarşılaşmasında İngiltərə təmsilçisi qalib gəlib - 3:1. 4 turdan sonra "Tottenhem" 7 xalla "J" qrupuna başçılıq edir. Fransa "Monako"su 6 xalla 2-ci pillədə qərarlaşıb. "Qarabağ"la Belçika "Anderlext"i isə hərəyə 4 xalla 3-4-cü yerləri bölüşdürür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi