​Tərlan Quliyev: "Yığmaya dəvət alacağımı gözləmirdim" - MÜSAHİBƏ

​Tərlan Quliyev: "Yığmaya dəvət alacağımı gözləmirdim" - MÜSAHİBƏ "Özümü başqa cür apara bilmərəm"
Futbol
21 Avqust , 2015 17:08
​Tərlan Quliyev: Yığmaya dəvət alacağımı gözləmirdim - MÜSAHİBƏ

Bakı. 21 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasına dəvət alan "Kəpəz"in futbolçusu Tərlan Quliyev klubun mətbuat xidmətinə müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir.

- Tərlan, əvvəlcə səni milliyə dəvət aldığına görə təbrik edirik.

- Çox sağ olun. Açığı, yığmaya dəvət alacağımı gözləmirdim, birdən-birə oldu. Çempionatın startında belə xəbər aldığım üçün çox sevindim. Hamı kimi mən də milli komanda naminə əlimdən gələni etməyə çalışacağam.

- Robert Prosineçkinin baş məşqçiliyi dövründə ilk dəfədir ki, yığmaya dəvət alırsan. Nə deyə bilərsən?

- Bundan əvvəl Berti Foqtsun vaxtında milliyə çağırılmışam. İtaliya, Xorvatiya və Bolqarıstana qarşı oyunlara dəvət almışdım. Xorvatlarla matçda 67-ci dəqiqədə meydana çıxmışdım, bolqarlarla Bakıdakı oyunda da ikinci hissədə oynamışam. "Qarabağ”da çıxış etdiyim dövrlər idi.

- Deməli, “Kəpəz”ə keçidin yığmaya yenidən çağırıldığın üçün sənə düşərli oldu...

- Bilirdim ki, daim oynamaq lazımdı ki, milliyə düşə biləsən. Çünki baş məşqçi oynayanlara, kim güclüdüsə, onlara üstünlük verir. İnşallah, özümü sübut edib, əsas heyədə yer almağa səy göstərəcəm. Məqsədim budu.

- Buna kimi “Kəpəz”in bir neçə futbolçusu millinin sınaq toplanışına dəvət olunsa da, oyunlara çağırılan olmayıb. Tarixə səyahət etsək, komandamızın üzvünün sırf oyuna görə sonuncu dəfə 2000-ci illərin əvvəllərində yığmaya çağırıldığını deyə bilərik. Sən bu sindromu qırdın. Bunu bilirdin?

- Yox, bu barədə məlumatım yox idi. Uzun illərdən sonra “sarı-göy” formanı geyinən futbolçu kimi buna nail olduğum üçün çox fərəh duyuram. Gəncə kimi futbol şəhərini, “Kəpəz”i millidə təmsil edəcəyim üçün sevinirəm.

- Yəqin, arzu edirsən ki, yığmaya səninlə yanaşı, komanda yoldaşlarından da düşən olsun.

- Əlbəttə, komandamızda çox yaxşı futbolçular var, onların da növbəti toplanışlarda yığmaya dəvət almasını ürəkdən istəyirəm. Hər şey qismətdən və çalışıb özünü göstərməkdən, sübut etməkdən asılıdı. Yaxşı olar.

- Bəs milliyə dəvət almağın “Qəbələ” ilə qarşıdakı çempionat oyununda sənin üçün əlavə motivasiya olacaq?

- Bu sualı verəcəyinizi bilirdim. Əvvəlki iki turdakı oyunlara necə hazırlaşmışamsa, qarşıdakı matça da o cür məşq etmişəm. Özümü başqa cür də apara və ya ayrı hisslərə qapıla bilmərəm. Amma ruh yüksəkliyi var. Bu da olmalıdı.

Son xəbərlər

Orphus sistemi