Tərlan Əhmədov: "Milliyə daha təcrübəli baş məşqçi lazımdır"

Tərlan Əhmədov: "Milliyə daha təcrübəli baş məşqçi lazımdır" “Zirə” layiqli qələbə qazandı. İlk dəqiqələrdə iki kobud səhvlə hesab 0:2 oldu. 3 uşaq səhvindən qol buraxdıq. Hansısa arxayınlıq var idimi, onu deyə bilmərəm. Görünən odur ki, komanda oyuna tam köklənə bilməyib. Bu, baş verməli idi. Çünki 7 tur idi uduzmurduq. Bu, bizə böyük dərs oldu”.
Futbol
24 Noyabr , 2019 17:25
Tərlan Əhmədov: Milliyə daha təcrübəli baş məşqçi lazımdır

“Zirə” layiqli qələbə qazandı. İlk dəqiqələrdə iki kobud səhvlə hesab 0:2 oldu. 3 uşaq səhvindən qol buraxdıq. Hansısa arxayınlıq var idimi, onu deyə bilmərəm. Görünən odur ki, komanda oyuna tam köklənə bilməyib. Bu, baş verməli idi. Çünki 7 tur idi uduzmurduq. Bu, bizə böyük dərs oldu”.

"Report"un məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis digər sualları da cavablandırıb...

- Penalti epizodu ilə bağlı fikriniz necədir?

- Söz vermişəm ki, hakimlər haqda danışmayacağam. Uduzmuşuqsa, penaltimizi verməyibsə, qapımıza penalti veribsə... Bizim futbolçuları hər dəfə əvəzləmə zamanı məcbur edirlər ki, yaxın yerdən çıx. Artıq qərar verilib. Məğlub olmuşuq, yalnız oyunumuz barədə düşünürəm. Hakim səhv edə bilər, amma bəzi şeylər qarşılıqlı olmalıdır. Bizə məcbur edilənlər, rəqibə də olmalıdır.

- Con Kamara çox zəif çıxışı ilə yadda qaldı...

- Düz vurğuladınız. Milliyə gedən futbolçularımız zəif təsir bağışladılar. Con Kamara, Vüsal İsgəndərli və Tural Bayramov çox aşağı səviyyədə oynadı. Bəlkə də yorğunluq var idi. Turalın problemi məni çox narahat edir. Hər dəfə milliyə gedib-gələndə bu problemi yaşayırıq.

- Sezar Meza Kollinin qırmızı vərəqəsi adi epizod idi, yoxsa aqressivliyinin nəticəsi?

- Belə hərəkətlər nə baş hakim, nə də biz tərəfdən bağışlanılmır. Daxili kodeksə uyğun addım atılacaq.

- Millinin baş məşqçisi postuna namizədlər sırasında sizin də adınız hallanır. Təklif olarsa, cavabınız nə olar?

- Adımın hallanması xoşdur. Amma “Keşlə” ilə müqaviləm var. Başladığım işi sona qədər davam etdirməliyəm. Düşünürəm ki, milliyə daha təcrübəli baş məşqçi lazımdır. Biz millini dirçəltməyə çalışmalıyıq. Bunun üçün də bir çox nüans lazımdır. İllərlə görüləsi məsələdir. Şəxsən mən yerli və təcrübəli mütəxəssis istərdim.

- Bundan sonra “Sumqayıt” və “Qarabağ”la oyunlarınız var...

- Son turlarda məğlub olmurduq. Həddən artıq həyəcanlı idim. Dünənki toplantıda da futbolçulara xəbərdarlıq etdim. Sınma nöqtəsi ola bilərdi. Uduzsaq da, irəli ümidlə baxmalıyıq. Məğlubiyyət varsa, gələcəkdə qalibiyyət də olacaq. Sadəcə, düzgün nəticə çıxarmalıyıq.

Son xəbərlər

Orphus sistemi