Təmkin Xəlilzadə: "Əsas odur ki, komandamız qələbə qazandı"

Təmkin Xəlilzadə: "Əsas odur ki, komandamız qələbə qazandı" "Zirə"nin və Azərbaycan millisinin futbolçusu brifinq keçirib
Futbol
14 Oktyabr , 2017 19:12
Təmkin Xəlilzadə: Əsas odur ki, komandamız qələbə qazandı

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Zirə" klubunun və Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə "Kəpəz"i 3:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra brifinq keçirib.

24 yaşlı yarımmüdafiəçi "Report"un da suallarını cavablandırıb...

- İlk dövrədə də "Kəpəz"in qapısından 2 top keçirmişdin. Deyəsən, bu komandanı qaralamısan...

- (gülür) Yox, elə deməzdim. Hər oyuna qələbə, qol üçün çıxırıq. Hər bir qarşılaşmada komandama kömək etmək istəyirəm. Bu gün də belə alındı, hər şey yaxşı oldu. Əsas odur ki, komandamız qələbə qazandı.

- Demək olarmı ki, Almaniya ilə oyundan sonra meydanda yeni bir Təmkin görməyə başlayırıq?

- Sizə hardasa haqq qazandırıram. Almaniya top-komandalardandır. Onlara qarşı oynamaq qürurvericidir. 30 min azarkeş önündə çıxış etmək yaxşı təcrübədir. Amma bizim çempionatın da öz yeri var. Premyer Liqaya elə legionerlər gəlib ki, heç baş çıxara bilməyiblər və başqa yerə yollanıblar. Yəni, bizim çempionatda da oynamaq çətindir. Amma yenə deyirəm, Almaniyaya qarşı oynamağın da köməyi dəydi. O təcrübədən, o ab-havadan burada faydalanmağın köməyi dəyir.

- Bundan sonra hamını düşündürən odur ki, Təmkin Xəlilzadə bir çoxları kimi "ulduz xəstəliyi"nə tutula bilər...

- Sizin vasitənizlə azarkeşlərimizə səslənirəm ki, qətiyyən belə bir hal baş verməyəcək. Misal var: Ağac bar verdikcə başını aşağı əyər. Ona görə də söz verirəm ki, bu gün gördükləri Təmkin meydanda 5 dəqiqə dayanmadan qaçırdısa, bundan sonra 10 dəqiqə qaçacaq, meydanda daha çox çalışacaq. Narahat olmasınlar.

- Deyəsən, ilk yarıda zədələnmişdin. Fasilədən sonra meydana girdiyin vaxt ayağını çəkirdin...

- İlk yarının sonlarında yerə yıxılanda pis düşdüm. Belimdə ağrılar hiss etdim. Həkim iynə vurduqdan sonra ağrı kəsildi.

- Ayxan Abbasov tez-tez oyunçuların üstünə qışqırırdı. Bu, nədən irəli gəlirdi?

- Ayxan müəllim komandanı ayıltmağa çalışırdı. Öz meydanımızda oynadığımızdan, bu matçın əhəmiyyəti çox böyük idi. Əsas izləyicilərimiz olan "Qəbələ" və "Sumqayıt"ın bir-biri ilə oynadığını nəzərə alaraq, qalib gəlmək istəyirdik. Ona görə də ikinci hissədə artırmaq lazım idi. Baş məşqçimizin bu istiqamətdə tapşırıqları öz bəhrəsini verdi və ikinci hissədə başqa futbol oynadıq.

- Artıq 4 qolun var və bombardir Mahir Mədətovdan cəmi 1 geridəsən. Qarşında ən məhsuldar oyunçu olma hədəfin var?

- Bombardir olmağı hər bir futbolçu istərdi. Bu, gözəl hissdir. Amma qarşıma belə bir məqsəd qoymamışam. Düzdür, çalışıram. Hər bir hədəfə çatmaq böyük uğurdur. Amma komandamın uğuru birinci hədəfdir.

Bu gün 5:6 hesabı ilə uduzsaydıq və 5 qolun hamısını mən vursaydım, özüm üçün heç bir əhəmiyyəti olmayacaqdı. Əsas odur ki, qələbədə pay sahibi oldum. Buna görə çox sevinirəm. Amma ilk növbədə, "Zirə"nin uğuru gəlir.

- "Zirə"nin bu mövsüm üçün hədəfləri nədən ibarətdir?

- İndidən "çempionluq üçün oynayırıq" desək, doğru çıxmaz. Qarşımıza belə bir məqsəd də qoyulmayıb. Amma yaxşı kollektivimiz var. Hər oyuna ən azı 1 xal, uduzmamaq üçün, vuruşmağa çıxırıq. Sevinirik ki, əziyyətimiz yerdə qalmır. Çempionatın axırında bütün suallara aydınlıq gələcək.

- Robert Prosineçkinin Azərbaycan millisində qalıb-qalmayacağı müzakirə olunur. Bəs sən nə fikirləşirsən?

- Bu suala qəti cavab vermək mənim yox, AFFA-nın işidir. Millimiz Prosineçkinin dövründə yaxşı nəticələr verdi, yaxşı oyun sərgilədi. Fikrimcə, qalsa, daha yaxşı olar. Amma yenə deyirəm, bu, rəhbərliyin işidir. İnanıram ki, ən xeyirlisi olacaq.

- Almaniya ilə oyundan sonra artıq millidə öz mövqeyini möhkəmlətdiyini deyə bilərik?

- Yox, tələsmək istəmirəm. Amma milliyə düşmüşəmsə, hər şey özümdən asılıdır.

- Sol cinah oyunçususan. Amma hücumda çıxışın daha yaxşı alınır. Bu, səndə narahatlıq yaratmır?

- Baş məşqçimiz bizi hara qoysa, orada da oynayacağıq. Mənim üçün yarımmüdafiədə oynamaq daha əlverişlidir. Çünki topla oynamağı xoşlayıram. Amma baş məşqçimiz bizi qapıda da qoysa, orada oynamaq bizim borcumuzdur.

Son xəbərlər

Orphus sistemi