Təmkin Xəlilzadə: "Əlacım olsa Azərbaycanda bir dəqiqə qalmaram" - MÜSAHİBƏ

Təmkin Xəlilzadə: "Əlacım olsa Azərbaycanda bir dəqiqə qalmaram" - MÜSAHİBƏ Azərbaycan millisinin və Sabah klubunun futbolçusu Təmkin Xəlilzadənin Reporta müsahibəsi
Futbol
22 Fevral , 2020 12:52
Təmkin Xəlilzadə: Əlacım olsa Azərbaycanda bir dəqiqə qalmaram - MÜSAHİBƏ

Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadənin "Report"a müsahibəsi

- "Sabah" Premyer Liqada ardıcıl iki oyundur ki, qələbə qazanır. Demək olarmı komanda "qara zolaq"dan çıxıb və artıq öz oyununu tapıb?

- İki oyundur ki, yaxşı çıxış edirik və qələbə qazanırıq. Belə bir şey var, nəticə olanda hər bir idmançıya əlavə güc və motivasiya gəlir. Biz də iki matçda 6 xal əldə etmişik. Bunun davamını da gətirmək istəyirik. "Səbail"lə matçımız da çox çətin olacaq, amma doğma meydanda oynayırıq. İnanıram ki, növbəti 3 xalı da qazana biləcəyik.

- "Səbail"i məğlub etsəniz ardıcıl üçüncü qələbənizi qazanacaqsınız. Buna bacaracağınıza inanırsınızmı?

- Əlbəttə inanırıq. Meydana 3 xal üçün çıxacağıq. Əminəm ki, biz sabah doğma meydanda rəqibimizi məğlub edəcəyik. 

- "Sabah" üçüncü pillədən 7 xal geridədir. Ardıcıl qələbələrdən sonra Avropa Liqasına vəsiqə barədə düşünmək olarmı? 

- Çempionata baxanda görərik ki, komandalar arasında o qədər də böyük fərq yoxdur. "Qarabağ"ı çıxsaq, ondan sonrakı rəqiblər arasında fərq azdır. Bizim qarşımıza Avropa Liqasına vəsiqə qazanmaq kimi bir məqsəd qoyulmayıb. Amma hər oyuna uduzmamaq və vuruşmaq üçün çıxırıq. Xallarımızı artırmağa çalışacağıq. Mövsümün sonunda isə turnir cədvəlinə hamımız birlikdə baxacağıq.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz. Sanki mövsümün ikinci yarısında daha yaxşı oyun sərgiləyirsiniz?

- Mövsümün ilk yarısında da formada idim. Lakin ardıcıl məğlubiyyətlər və xal itkiləri olanda bu istər-istəməz mənim oyunuma da təsir edirdi. Bir az ruhdan, həvəsdən düşürdüm, səbrsizlik və əsəb də olurdu. Amma son iki matçdakı qələbə hər şeyi qaydasına saldı. Mən həmişəki Təmkinəm. İnanıram ki, bundan da yaxşı oyun sərgiləyəcəyəm.

- Millinin də üzvüsünüz. Yığmada əcnəbi, yoxsa yerli baş məşqçi çalışmalıdır. Məsələn, Ramil Şeydayev açıqlamasında bildirdi ki, Rəşad Sadıqovu baş məşqçi kimi görmək istəyir. Siz hansı mütəxəssisi istəyərdiniz?

- Millimizlə bağlı suallara cavab verməkdə çətinlik çəkirəm. Çünki bu işlə məşğul olan yetirincə insanlar və futbol adamlarımız var. Amma bir futbolçu kimi onu deyə bilərdim ki, yerli və ya əcnəbi mütəxəssisin olmasının fərqi yoxdur. Lakin mən yerli məşqçinin tərəfdarıyam. Çünki yerli olsaydı, bizim dilimizi ən yaxşı o başa düşərdi. Ramilin fikrinə də hörmətlə yanaşıram. Mənim görmək istədiyim məşqçilər isə Ayxan Abbasovla, Samir Abasovdur. Onlar olsaydı, daha çox sevinərdim.

- Namizədlər siyahısında yerli məşqçilər yoxdur. Türkiyəli Abdullah Avcı və italiyalı mütəxəssislərin siyahıda olduğu deyilir. Bunlardan hansı sizə daha uyğun olar?

- Mənim üçün fərqi yoxdur. Onların heç birini məşqçi kimi tanımıram. Məşqçi söhbətinə qarışmaq istəmirəm. Bu bizim üzərimizə düşən iş deyil. Kim olacaqsa, milli üçün xeyirli olsun. 

- "Keşlə"nin legioneri Sezar Meza Kolli milliləşdirilir. Yığma üzvü kimi bu barədə də deyə bilərsiniz. Ümumiyyətlə əcnəbilərin milliləşdirilməsinə münasibətiniz necədir? 

- Onunla dost kimi çox yaxşı münasibətimiz var. Bir klubda da çıxış etmişik. Həqiqətən hörmət etdiyim futbolçulardan biridir. Onun milliləşdirilməsinə sevindim. Legioner olmağı istər-istəməz hamını üzür. Bizdən yox, cəmiyyətdən söhbət gedir. Ola bilər ki, insanlar bir az qınayır və ya başa düşmək istəmir. Amma onun bizim komandaya kömək edə biləcəyini düşünürəm. İnanıram ki, Meza Kolli ilə birlikdə yaxşı işlər görəcəyik.  

- Ramil Şeydayevin "Sabah"a keçidini necə dəyərləndirirsiniz? Çoxları onun yenidən Azərbaycana qayıtmasını tənqid edir... 

- Bu futboldur. Bu gün burada, sabah isə başqa yerdə ola bilərik. Əlbəttə ki, xaricdə legioner həyatı yaşayıb, sonra Azərbaycana qayıtmağını hamı normal qarşılamaya bilər. Amma futbolda belə hadisələr baş verir. İnsan bəzən qərar verməkdə çətinlik çəkir. Bildiyimiz kimi Ramil son vaxtlar oynamırdı və klubsuz idi. Yəqin ki, oynamaq üçün "Sabah"a gəlib. İnanıram ki, bu, həm onun, həm də komandamız üçün xeyirli olacaq.

- Azərbaycanlı futbolçular ölkə xaricində möhkəmlənməkdə çətinlik çəkirlər. Sizə xaricdə çıxış etməklə bağlı təkliflər olubmu? Belə bir fikrin varmı? 

- Müsahibələrimdə bu suala cavab vermişəm. Həmişə demişəm ki, əlimdə əlac olsa, Azərbaycanda bir dəqiqə qalmaram. Gedib xaricdə millətimizi, ölkəmizi təmsil edərəm. Amma hələ ki, getmək qismət olmur. Belə bir fikrim var, həmişə də olacaq. Bunun üçün də çalışacağam. Əlimdən gələni edəcəyəm ki, ən azı 2 il legioner həyatı yaşayım.

Son xəbərlər

Orphus sistemi