​Təbriz Həsənov: "Biz hər kəsi milliləşdirmirik" - MÜSAHİBƏ

​Təbriz Həsənov: "Biz hər kəsi milliləşdirmirik" - MÜSAHİBƏ "Milliləşdirdiyimiz futbolçular Azərbaycana bağlılığı olanlardır"
Futbol
26 Aprel , 2016 15:18
​Təbriz Həsənov: Biz hər kəsi milliləşdirmirik - MÜSAHİBƏ

Bakı. 26 aprel. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənovun "Report"a müsahibəsi

- Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq necə gedir?

- Hazırda 24 futbolçu ilə məşq edirik. Ancaq yekunda 18-ni saxlayacağıq. Kimlərin bu siyahıya düşəcəyini deyə bilmərəm. Çünki hələ dəqiqləşməyib. Heyətdə zədəli futbolçumuz var. Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Hüseyn Seyliğli zədəlidir. Həkimlər hazırda onunla məşğuldur. Ola bilsin ki, ayın sonunadək tam sağalsın. Bundan başqa, bir neçə yüngül zədəli futbolçular var ki, onlar da bir-iki günə bizə qoşulacaq. Narahatedici məqam yalnız mərkəz müdafiəçisi Hüseynlə bağlıdır. Qalan hər şey qaydasındadır. Gündə 2 dəfə məşq edirik. Gündə bir dəfə komandanın texniki-taktiki hazırlığı üzərində çalışacağıq.

- Texniki-taktiki məsələlər baş məşqçinin tapşırığına əsasən qurulur. Ancaq fiziki durum birbaşa futbolçunun özündən asılıdır. Yığmamız fiziki baxımdan tam hazırdır?

- Təbii ki, artıq mayın 5-dək komanda istədiyimiz səviyyədə olacaq.

- Yekun heyəti nə vaxt açıqlamağı düşünürsünüz?

- Hər şey qaydasında getsə, mayın 1-i açıqlanacaq.

- Yer aldığınız qrupdan çıxmağın milli üçün uğurlu nəticə sayılacağını demişdiniz. Yəqin ki, rəqibləri təhlil etmisiniz və yığmamızın da potensialına bələdsiniz. İndi də həmin fikirdə qalırsınız?

- Bilirsiniz, ilk olaraq qarşımıza qrupdan çıxmaq məqsədi qoyulub. Bundan sonra başqa məqsədlər haqda düşünməliyik. Bu dəqiqə "Biz finalda oynayacağıq" desək, bu, düzgün çıxmaz. Bəlkə heç iddialılardan olan Almaniyanın baş məşqçisi belə düşünmür. İlkin məqsədimiz qrupdan çıxmaqdır. Sonra bizə düşən rəqiblərdən də asılı olaraq hədəflərimiz müəyyənləşəcək.

- Millidə qrupdan çıxmaq üçün lazım olan potensial var?

- Mənə elə gəlir ki, bu Avropa çempionatında hər bir komandanın şansı var. Futbolda favoritlər məğlub ola bilər və ya gözləmədiyin komandadan gözləmədiyin nəticə görə bilərsən. Düzdür, bizi də favorit saymırlar. Ancaq öz planlarımızı qururuq və hazırlaşırıq.

- Komandada əhval-ruhiyyə necədir? Nəzərə alsaq ki, həm ev sahibi kimi istər-istəməz psixoloji yüklənmələr olur, həm də diqqətlər onların üzərinə yönəlir...

- Biz bunun üzərində çalışırıq. Hazırda komandada əhval-ruhiyyə yaxşıdır və motivasiya yüksəkdir. İnandırım sizi, bu gün "18-liy"ə düşmək üçün komanda daxilində gərgin mübarizə gedir. Məşqlərdə hiss edirsən ki, rəqabət böyükdür. Uşaqlar çox həvəslidirlər. Hiss olunur ki, Avropa çempionatına daha həvəslə, inamla hazırlaşırlar.

- Bakıya "Mançester Siti", "Arsenal", "Mançester Yunayted", "Bavariya", "Monako" kimi klubların skautları gələcək. Yəni bu gənc futbolçular üçün əla fürsətdir. İndi Azərbaycan klubunda oynayan 17 yaşlı futbolçu gələcəkdə bu klubların birində çıxış edə bilər. Bununla bağlı onlarla hər hansı bir söhbət etmisiniz? 

- Hər bir futbolçu bunu yaxşı başa düşür və bu onlara böyük motivasiya verir, hər bir futbolçu üçün stimuldur. Hələ gəncdirlər. Hansından soruşsan, böyük klublarda oynamaq istədiklərini deyəcəklər. Hər bir futbolçu istəyər ki, skautlar onları bəyənsin və karyera qursunlar.

- U-17-də bir neçə milliləşdirilmiş oyunçu var. Olmazmı ki, gənc yaşda öz oyunçularımız çıxış etsin? Üstəlik, bu məsələyə görə tənqid hədəfinə də çevrilmisiniz...

- Təbii ki, tənqid həmişə var və buna normal yanaşıram. Bizim milliləşdirdiyimiz futbolçular Azərbaycana bağlılığı olanlardır. Bizdə Türkiyədə çıxış edənlər var. Ulu öndərimizin yaxşı sözü var: "Biz bir millət, iki dövlətik". Ancaq heyətdə milliləşdirilən futbolçu azlıq təşkil edir. Bu dəqiqə hamı rəqabət aparır və 18-liyə düşmək üçün hər kəsin eyni şansı var.

- 17 yaşlı futbolçuların milliləşdirilməsindənsə, yerli oyunçuları heyətə qatmaq daha düzgün olmazdı? Nəzərə alsaq ki, bir neçə ildən sonra həmin futbolçular əsas millinin şərəfini qoruyacaqlar...

- Biz hər kəsi milliləşdirmirik. Hər bir komandanın futbolçuları yaxşı çıxış etmək istəyir. Elə mövqelərimiz var ki, orada beynəlxalq səviyyədə çıxış edən futbolçular azdır. Məsələn, mərkəz müdafiəçisi mövqeyində bu baxımdan problem var. 1995-ci il təvəllüdlü uşaqlarla işləyəndə heyət yaxşı idi. Həm müdafiə, həm yarımmüdafiə, həm də hücum güclü idi. Heyət güclü olanda başqa futbolçuya ehtiyac olmur. Bu günədək təlim-məşq toplanışında çox futbolçuları sınaqdan keçirmişik. Buna uyğun da addım atmışıq.

- İndidən hansı rəqibə qarşı necə çıxış edəcəyinizi, hansı taktika seçəcəyinizi dəqiqləşdirmisiniz?

- Təxmini dəqiqləşdirmişəm. Bu haqda açıqlama vermək istəmirəm. Amma 2-3 variant üzərində çalışırıq. Bu, oyundan, rəqibdən asılı olacaq.

- Yəqin ki, "18-lik"də kimlərin olacağını təxmini də olsa, nəzərdə tutmusunuz. Yekun heyətdə neçə milliləşdirilmiş futboçu yer alacaq?

- Bu barədə heç nə deyə bilmərəm. Ola bilər bir, iki, üç və ya dörd olsun. Amma ola bilər ki, heç biri yekun heyətdə yer almasın.

- Artıq komandaların Bakıya gəlmə vaxtları açıqlanıb. Yoldaşlıq görüşü üçün rəqib dəqiqləşib?

- Demək olar ki, 90 faiz dəqiqləşib. Danışıqlar bir-iki komanda ilə aparılır. Böyük ehtimalla, Ukrayna ilə oynayacağıq.

Son xəbərlər

Orphus sistemi