Yuxarı

Tarixi dünya çempionluğunun 50 illiyi münasibətilə İngiltərə Almaniya ilə qarşılaşıb

Qonaq komandanın baş məşqçisi Berti Foqts olub

Bakı. 3 may. REPORT.AZ/ Futbol üzrə İngiltərə milli komandasının tarixində ilk və yeganə dünya çempionluğunu qazanmasının 50 illik yubileyi münasibətilə yoldaşlıq görüşü keçirilib. "Report"un məlumatına görə, Londondakı "Apton Park"da İngiltərə və Almaniyanın əfsanəvi futbolçulardan ibarət yığma komandaları üz-üzə gəlib.

Qonaq komandanı oyuna baş məşqçi qismində uzun müddət Azərbaycan millisinə rəhbərlik etmiş Berti Foqts çıxarıb. Kapitanlar isə İngiltərədən Rio Ferdinand, Almaniyadan Mixael Ballak olub. Görüş "Bundestim"in 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin hər iki qolunu Ben Koen vurub. Qonaqlardan isə Hanno Baliç və Oliver Noyvill dubl edib. Qalan qolların müəllifləri Marko Remer, David Odonkor və Marko Reyx olub. Bununla da almaniyalı futbolçular hələ də müzakirə olunan final matçındakı məğlubiyyətin əvəzini çıxıblar.

Qeyd edək ki, 1966-cı il dünya çempionatının finalında məhz bu ölkələrin milliləri üz-üzə gəlib. Oyunda 2:2 hesablı heç-heçə ikən ingiltərəli futbolçu Ceffri Herstin zərbəsi qapı tirinə dəyərək, yerə düşüb. Həmin vaxt yan xətt hakimi olan azərbaycanlı ədalət təmsilçisi Tofiq Bəhramov topun qapı xəttini keçdiyini bildirib və qol qeydə alınıb. Sonradan daha bir qol vuran İngiltərə millisi 4:2 hesablı qələbə sayəsində qızıl medallara yiyələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi