Yuxarı

Tahir Gözəl: "Azərbaycan güclü, imanlı və inamlı komanda görəcək" - MÜSAHİBƏ

O futbolçuların Qarabağa böyük köməyinin olacağını düşünürəm

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir:

- "Yanq Boys"la oyunda "Qarabağ" 3:0 hesablı qələbə qazanıb. Oyunu canlı izlədiniz...

- Doğrudan da çox möhtəşəm qələbə idi. Futbol cameəsində olanlar, bir çox məşhur məşqçilər, futbolu bilənlər bizə ismarıc göndərdi ki, müasir Azərbaycan futbolu tarixində oynanılan ən gözəl futbol idi. Möhtəşəm və qürur dolu gecə idi. Bütün Azərbaycan futboldan həzz ala-ala bir matç izlədi. Hər şey olduqca gözəl idi.

- Hər nə qədər möhtəşəm qarşılaşma olsa da tribunalarda boşluqlar gözə çarpırdı...

- Dünyada futbol 2 prinsip üzərində qurulub. Biri futbol sevgisi, emosiyanı, eşqini bildirən fanatlıq, digər tərəfi isə puldur. Pul bir klubun qanı kimidir. Təbii ki, tərəfdarlar oyuna gəlib pul verməsə, tribunaları doldurmasa, biz müəyyən səviyyədən yuxarı çıxa bilməyəcəyik. Bir sponsorun dəstəyi ilə müəyyən səviyyəyə qədər yüksələ biləcəyik. Dünya futbolunda sponsor gəliri digər gəlirlərdən – televiziyadan, marketinqdən, tərəfdarlardan gələn gəlirin bir hissəsidir. Ölkəmizdə isə sponsor, demək olar ki, klubun tək gəlir qaynağıdır. Bu, əlbəttə, "Qarabağ"ımızın böyüməsini məhdudlaşdırır. Klubun böyüməyini istəyiriksə, gərək hər kəs bu işə qoşulsun. Fanat olmaq, tərəfdar olmaq, sadəcə, istəməklə olmur, hərəkətə keçmək lazımdır. Güman edirəm ki, biletlə bağlı yürütdüyümüz siyasət düzgündür. İnanıram ki, komandanın möhtəşəm oyununu görüb stadiona can atacaqlar və o boşluqlar dolacaq.

- "Qarabağ" müntəzəm olaraq avrokuboklarda çıxış edir. Fərqli ölkələrdəki qarşılaşmalar Qarabağ reallığının təbliğatı naminə ölkəmizə siyasi, mənəvi dəstəkdir, təbliğatdır. Bu öz yerində. Bəs, avrokuboklarda iştirak, fərqli klublarla tanışlıq futbol münasibətləri xaricində nə kimi fayda gətirir?

- Qarşılaşdığımız klubların tarixindən, təcrübəsindən çox şey öyrənirik. Aramızdakı ünisyyət zamanı fərqli mövzuları müzakirə edirik. Avropada klub rəhbərləri nüfuzlu şəxslərdir. Onlarla söhbətlərimizdə Qarabağla bağlı həqiqətləri, məcburi köçkünlərlə bağlı lazımi dərəcədə informasiya veririk. Bundan əlavə biz onlarla hansısa layihələr qurmağı planlaşdırırıq. Məsələn, "Yanq Boys"un sahibi cənab Reys eşitmə problemi olan insanlar üçün cihaz istehsalı ilə dünyada məşhurlaşıb. Sərvətini bununla qazanıb. Mənimlə söhbətdə bunu vurğulayarkən, Azərbaycanda eşitmə əngəlli çoxlu uşağımızın olduğunu bildirdim. Ona dedim ki, xeyirxahlıq etmək istəyirsinizsə, əminəm ki, xeyriyyə tədbirlərində mütləq iştirak edirsiz. Bizlə, "Azersun Holding"lə birlikdə işləsək bu layihə çərçivəsdində bir çox ehtiyacı olanları pulsuz bu cihazla təmin edə bilərik. O da məmnuniyyətlə bu layihəyə qoşulmaq istədiyini, Azərbaycanda bu məsələdə peşəkar təchizatın olmadığını, ancaq belə tələbat olarsa, birgə işləməkdə maraqlı olduğunu və böyük məmnuniyyətlə yardım edə biləcəyini bildirdi. Bu tipli görüşlər siyasi, ictimai, dostluq münasibətləri baxımından çox önəmlidir. Sizə sadəcə, bir nümunə dedim.

- Transferlərlə bağlı nə deyə bilərsiz? İctimayyətdə ən çox "Qarabağ"ın transfer gündəmi məşğul edib...

- Biz həmişə demişik. Qurban müləllimdən tələb gəldiyi zaman maddi imkanlarımız daxilində maksimum şəkildə ən yaxşısını etməyə çalışacağıq. Çox sağ olsun prezidentimiz cənab İlham Əliyev, ötən il "Qarabağ"ın çıxışını yüksək qiymətləndirərək büdcədən kluba 1 milyon manat pul ayırdı. Bunların hamısı "Qarabağ"da qalır. Bizim üçün müqəddəs əmanətlərdir. Heç kim ona toxunmur. Onlar bizim büdcəmizdə qalıb. Bu gün mərkəzi arenanın qazonun təmirindən tutmuş, yeni futbolçu transferinə qədər bu, bizə dəstək verir. Baş məşqçimizin bir neçə futbolçu istəyi oldu. O futbolçuların "Qarabağ"a böyük köməyinin olacağını düşünürəm. Fikrim odur ki, gələn futbolçu mütləq "Qarabağ"ın səviyyəsini qaldırmalıdır. Eyni səviyyədə olsa, əhəmiyyəti yoxdur. İmkanlarımız məhduddur. Xərclədiyimiz hər bir vəsaitin faydası olmalıdır. Gələn hər bir futbolçu Azərbaycan futboluna, "Qarabağ"a xeyir verməlidir. Qurban müəllim çox yaxşı futbolçular seçib. Biz də rəhbərlik olaraq hər zamankı kimi baş məşqçimizin arxasındayıq, ona inanırıq.

- Qarşıdan çətin mövsüm başlayır. Nə gözləyirsiz?

- İnşallah, 1-2 transferlə məqsədimiz qrupdakı komandalara çox çətin rəqib olmaqdır. "Monako"nun rəsmisi də bunu vurğulayıb ki, "Qarabağ" zəif rəqib deyil, bizimlə matç çətin olacaq. Bir daha onu demək istəyirəm ki, rəhbərlik olaraq klubumuzun, Qurban Qurbanovun arxasında möhkəm dayanmışıq. Biz əlimizdən gələn gücü, maksimum dəstəyi verməyə çalışırıq. Mən həmişə demişəm ki, həyatda əlindən gələn maksimumu etməyə çalış, qalanı da bəxtin, həyatın, Allahın təqdirinə burax. Hesab edirəm ki, Azərbaycan güclü, imanlı və inamlı komanda görəcək. Nəticənin nə olmasından asılı olmayaraq, bütün ölkə "Qarabağ"la qürur duyacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi