Tahir Gözəl: “İndidən finala çıxdığımızı deməyə cəsarət etmirəm”

Tahir Gözəl: “İndidən finala çıxdığımızı deməyə cəsarət etmirəm” "Hər zamankı kimi iddialıyıq”
Futbol
31 Mart , 2017 02:16
Tahir Gözəl: “İndidən finala çıxdığımızı deməyə cəsarət etmirəm”
Tahir Gözəl

Bakı. 31 mart. REPORT.AZ/ “İlk hissədə vurulan iki qol işimizə yaradı. Fasilədən sonra da sürət yaxşı idi. Əsas heyət üzvlərindən Rəşad Sadıqov, Bədavi Hüseynov, Riçard Almeyda kimi futbolçular yox idi. Buna baxmayaraq, gözəl bir oyun alındı. Biz razıyıq”.

"Report" xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun ilk yarımfinal oyununda səfərdə “Neftçi” üzərində əldə edilən 2:0 hesablı qələbədən sonra jurnalistlərlə söhbətində deyib.

Klub rəhbəri bildirib ki, Ağdam klubu səfərdə 2 cavabsız qolla qalib gəlməsinə rəğmən, finaldan danışmaq tezdir. Onun sözlərinə görə, cavab matçı da böyük əhəmiyyət daşıyır:

“İndidən finala çıxdığımızı deməyə cəsarət etmirəm. Bizdə böyük həvəs var. “Qarabağ”ı sevənləri cavab görüşünə dəvət edirəm. Hər zamankı kimi iddialıyıq”.

T.Gözəl ölkə kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaqları təqdirdə, bunun çox maraqlı olacağını dilə gətirib:

"Qarşıda cavab matçları var, gözləyək. Final Naxçıvanda olacaq? Onda hamımız Naxçıvanda yığışarıq”.

Qara Qarayevin xarici kluba transferi məsələsinə də toxunan futbol funksioneri bu məsələdə son sözü baş məşqçi Qurban Qurbanovun deyəcəyini vurğulayıb. O, “Qarabağ”a zərəri olmayacağı halda, milli komanda üzvünün xaricə getməsinin əleyhinə olmadığını deyib:

“Qara Qarayev xaricə getsə, onun önü açılacaqsa və “Qarabağ”a zərbə dəyməyəcəksə, buna razıyam. Amma bizə mənfi təsir etməmək şərti ilə. Qara çox istedadlı oyunçudur. Lakin klub dəyişmək elədir ki, alına da bilər, alınmaya da. Kluba ziyanı yoxdursa, getməsini istərdim”.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları aprelin 5-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi