Tahir Gözəl: “Hədəf “qızıl dubl”dur”

Tahir Gözəl: “Hədəf “qızıl dubl”dur” “Qarabağ” komandasının prezidenti: “Qəbələ ilə oyun çətin matç olacaq" ​
Futbol
5 Aprel , 2017 22:45
Tahir Gözəl: “Hədəf “qızıl dubl”dur”
Foto: Report

Bakı. 5 aprel. REPORT.AZ/ “Qarabağ” komandasının prezidenti Tahir Gözəl Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində “Neftçi” ilə qolsuz heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Report” həmin müsahibəni təqdim edir:

- Demişdiniz ki, “Neftçi”ni keçmək, xüsusən, finalda udmaq xüsusi zövq verəcək.

- Bəli, elə demişdim. Çox gözəl, çox razıyam. Əvvəla, “Neftçi”ni 80 illik yubileyi münasibəti ilə təbrik edirəm. 80 il böyük bir tarixdir. Bu cəhətdən “Neftçi” hamımızın fəxridir. Lakin “Qarabağ” da tarixi olan klubdur. Klub 50-ci illərdə yaradılıb. Oyuna gəlincə, ilk görüşdə 2:0 hesablı qalibiyyətimiz vardı. Bu gün də müsbət nəticə gözləyirdik. Çox gözəl bir matç oldu. Razıyam.

- “Qarabağ” demək olar ki, ikinci heyətlə oynadı. Həmin futbolçuların çıxışından razı qaldınız?

- Normaldır, yaxşıdır. Nəticə alındı, əsas budur. Qarşıda “Qəbələ” ilə çempionat oyunumuz var. Bu, bizim üçün əsasdır. Ona görə də, baş məşqçimizin strategiyasını başa düşürəm. Qapıçımızın da 1-2 gözəl qurtarışı oldu.

- Heyətdəki dəyişikliklər sırf “Qəbələ” üçün idi?

- Şəxsən mən elə düşünürəm. Baş məşqçinin fikrini bilmirəm. Hesab edirəm ki, düzgün siyasətdir. “Qəbələ” ilə matç çempionluq baxımından həlledici ol bilər.

- Azərbaycan kubokunun finalında da “Qəbələ” ilə görüşəcəksiniz. Hədəf “qızıl dubl”dur?

- Əlbəttə, hədəf “qızıl dubl”dur. “Qarabağ” buna adı və oyunu ilə layiqdir. Amma “Qəbələ” də yaman bir rəqibdir. Çox maraqlı və həyəcanlı olacaq.

- Maraqlıdır ki, “Qəbələ” “Qarabağ”la matçlara final oyunu kimi yanaşır və qalib gəlir. Lakin digər rəqiblərlə görüşlərdə həmin motivasiya hiss edilmir...

- Digər klublar da “Qarabağ”la görüşlərdə fərqli oynayırlar. “Qarabağ”ın da bir məsələsi var. Zəif klublarla oynayanda, bilmirəm bizə nə olur. Yəni, bu hal yalınız “Qəbələ”yə məxsus deyil. Hərdən bizdə də olur. Çox çətin matç olacaq. Mənim Qurban müəllimə xoş arzularım var. Nəticə nə olsa, qəbul edəcəyik.

- Seçim qarşısında olsaydınız, hansına üstünlük verərdiniz: kubok, yoxsa çempionluq?

- Əlbəttə, çempionluq. Lakin bunu demək düzgün deyil. Biz hər ikisini hədəfləmişik. “Qarabağ” “qızıl dubl” etməlidir. Ən böyük arzum budur. Bütün bu uğurlar tarixə düşür. Bu tarixi yaşamaq istəyirəm. Qarabağ məsələsinin həssas dövründə çox böyük reklamdır. Dünya, qonşu ölkələr, Ermənistan özü görür. Bu, böyük bir mesajdır.

- Reynaldo “Qarabağ”dan getdikdən sonra “Adanaspor”da görsənmir. Onun çıxışına təəssüflənirsiniz?

- Reynaldo çox istedadlı oyunçudur. Bəzi hərəkətləri hamımızı heyran edirdi. Axır vaxtlarda bizdə də oyunu alınmadı. Nə etdiksə, bir şey çıxmadı. Güman edirəm ki, özünə gələr. Ancaq Reynaldoda nədənsə alınmır.

- Onu geri qaytarmaq ehtimalı var?

- Bu, baş məşqçiyə aid olan sualdır. Onun geri gəlməsi bizim üçün risk olar. Ancaq yenə də, buna Qurban Qurbanov qərar verir.

- Ölkə kubokunun finalı Naxçıvanda olacaq...

- Əla, əla! Dəstəkləyirəm. Batabata gedib, kabab yemək istəyirəm. Finalın Naxçıvanda olmasına razıyam. Bu cür edək, rayonlarımızı gücləndirək. Biz hər yerdə vuruşmağa hazırıq.

- Klub azarkeşlərin Naxçıvana getməsinə kömək olacaq? Yəni, təyyarə ayrılacaq?

- Xeyr. Bu, çətin olar. Bakıda Naxçıvana getmək, Gədəbəyə yollanmaqdan daha ucuzdur. Təyyarəyə bilet neçəyədir?

- Gediş-gəliş 100 manat...

- Avtobusla da getmək olar. Getmək istəyənə, maneə yoxdur. Klub elə bir şeydir ki, bir sponsorun çiynində qalmamalıdır. Hamımız dəstək olmalıyıq. Bu, tək mənim deyil, bütün ölkənin “Qarabağ”ıdır. “Azərsun Holding” bir şirkətdir, ancaq 10 milyon azərbaycanlı var. Xaricdə yaşayanları da qeyd edərdim. Dəvət edirəm, gəlin, ürək verin.

- Ola bilər ki, İrandan da gəlsinlər...

- Əlbəttə, gəlsinlər. Belə gözəl oyunu Naxçıvan kimi bir cənnətdə görmək gözəl bir şeydir. Özüm də böyük həvəslə getmək istəyirəm.

Son xəbərlər

Orphus sistemi