Tahir Gözəl: "Bu, "Qarabağ" üçün möhtəşəm fürsət idi"

Tahir Gözəl: "Bu, "Qarabağ" üçün möhtəşəm fürsət idi" "Qarabağ"ın prezidenti Tahir Gözəl Fransa "Monako"su ilə matçdan danışıb
Futbol
6 Noyabr , 2015 00:36
Tahir Gözəl: Bu, Qarabağ üçün möhtəşəm fürsət idi

Bakı. 6 noyabr. REPORT.AZ/ "Bu, "Qarabağ" üçün möhtəşəm fürsət idi. Amma futbol həyat kimidir. Hər zaman hər kəsə layiq olduğu şeyləri vermir". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Fransa "Monako"su ilə evdə 1:1 hesablı heç-heçə etdikləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra deyib.

O bildirib ki, komandası doğrudan da qələbəyə layiq olub: "Qarabağ" möhtəşəm oyun sərgilədi. Amma "Monako" köklü klubdur, "Çelsi"ni, "Real Madrid"i məğlub edən komandadır. Mən klubumla fəxr edirəm, amma bu, istədiyimiz nəticə deyildi. Qulaqlarımız "Tottenhem" - "Anderlext" matçındadır. Hələ də şansımız var. Növbəti mərhələyə çıxmaq üçün iradəmiz var. Lakin çətin qrupa düşmüşük. Bu, bir reallıqdır. Amma biz bir daha gördük ki, "Qarabağ" Avropa klubudur, Avropa futbolu sərgiləyir, Avropa səviyyəli komandalara çox çətin rəqibdir".

T.Gözelin fikrincə, "Qarabağ" 1 xal qazanmayıb, əksinə 2 xal itirib: "Buraxdığımız qola bədbəxt hadisə kimi baxıram. Məncə, "Qarabağ" bu gün 2 xal itirdi. Çünki qələbəyə şansımız var idi. Çox inanırdıq. Qurban Qurbanovla da danışdıq. O da oyunumuzdan çox razı qaldığını dedi. Doğrudan da bu gün biz 2 xal itirdik. Düzdür, "Monako" ilə oyundan 1 xalla ayrılmaq bizim üçün böyük qazanc, nailiyyətdir. Amma bu gün bizim günümüz olmalı idi".

Bununla belə, klub prezidenti "Qarabağ"dan razılıq ifadə edib: "Mən oyunçularımdan razıyam. Futbolçularım böyük motivasiya ilə çıxış etdi, möhtəşəm, hücum futbolu, aqressiv oyun sərgilədilər. Məncə, "Qarabağ" edə bildiyini etdi. Qoçaq, mübariz futbol ortaya qoydu".

Son xəbərlər

Orphus sistemi