"Sumqayıt" klubunun prezidenti: "Müşahidə Şurası özü icraçı direktor təyin edəcək"

"Sumqayıt" klubunun prezidenti: "Müşahidə Şurası özü icraçı direktor təyin edəcək" "Mən indi "Sumqayıt"ın həm prezidenti, həm də baş direktoruyam"
Futbol
3 Oktyabr , 2015 17:55
Sumqayıt klubunun prezidenti: Müşahidə Şurası özü icraçı direktor təyin edəcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ "AFFA-nın İcraiyyə Komitəsinin klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərarı var. Biz bu Şuranı yaradan ilk klub olmuşuq. Klubda struktur dəyişikliyi ilə bağlı hazırda müəyyən sənədləşmə işləri aparılır". Bunu "Report"a açıqlamasında "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev deyib.

K.Quliyev bildirib ki, struktur dəyişikliyi olacaq və hazırda klub bu istiqamətdə iş aparır: "Digər klublardakı kimi, bizdə də prezident postu ləğv olunacaq və icraçı direktorla əvəzlənəcək. Mən indi "Sumqayıt"ın həm prezidenti, həm də baş direktoruyam. Sənədlərdə belə gedir. Sadəcə, prezident vəzifəsi ləğv olunacaq. Müşahidə Şurası özü icraçı direktor təyin edəcək və onun işinə qiymət verəcək".

Klub prezidenti struktur dəyişikliyinin dəqiq nə vaxt olacağını bilmədiyini deyib: "Çünki hazırda sənədləşmə işləri gedir. Hər şey həll edildikdən sonra bununla bağlı ya bəyanat yayacağıq, ya da mətbuat konfransı keçirərək ictimaiyyəti məlumatlandıracağıq".

Qeyd edək ki, bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov "Report"a müsahibəsində "Sumqayıt" klubunda struktur dəyişikliyinin olacağını deyib.

Son xəbərlər

Orphus sistemi