Bakı. 8 yanvar. REPORT.AZ/ "Sumqayıt" klubu futbolçu Vaqif Cavadovu heyətinə qatdığını rəsmən açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasında 6 aylıq müqavilə imzalanıb.
Futbolçu ilə münasibətlər bu gün rəsmiləşdirilib. 26 yaşlı yarımmüdafiəçi yeni komandasında 70 nömrəli forma ilə çıxış edəcək.
2006-cı ildən Azərbaycan millisinin formasını geyinən Cavadov 57 qarşılaşmada meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.
Qeyd edək ki, Vaqif Cavadov karyerası ərzində "Qarabağ", "Bakı", "İnter", Hollandiyanın "Tvente", Rusiyanın "Volqa", Türkiyənin "Qaziantep BB" və "Boluspor" klublarının şərəfini qoruyub. Onun sonuncu komandası isə "Qəbələ" olub.