"Sumqayıt" və "Qarabağ" öz meydanında xal itirdi - YENİLƏNİB - VİDEO

"Sumqayıt" və "Qarabağ" öz meydanında xal itirdi - YENİLƏNİB - VİDEO Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Futbol
29 Fevral , 2020 19:58
Sumqayıt və Qarabağ öz meydanında xal itirdi - YENİLƏNİB - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. 

"Report"un məlumatına görə, lider "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0. Oyunun sonlarında meydan sahibləri fərqlənsələr də, baş hakim Elçin Məsiyev mübahisəli qərar qəbul edib və qolu hesaba almayıb. 

"Qarabağ" bu nəticədən sonra xalını 42-yə çatdırıb. "Sabah" isə 21 xalla 5-ci pilləyə yüksəlib.

Azərbaycan Premyer Liqası, XIX tur

18:00. “Qarabağ” – “Sabah” - 0:0

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" evdə "Keşlə" ilə heç-heçə edib - 2:2. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Neftçi" - "Səbail" oyunları ilə yekun vurulacaq.


*** 17:59

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Sumqayıt" "Kapital Bank Arena"da "Keşlə"ni qəbul edib.

Gənc referi Kamal Umudlunun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 2:2.

Matçda hesab erkən açılıb. 4-cü dəqiqədə Peyman Babayi meydan sahiblərini hesabda önə çıxarıb. Bununla da Babayi çempionatda 7-ci qolunu vuraraq bombardirlər siyahısında "Neftçi"dən Stiven Monroz və "Qarabağ"dan Mahir Emreliyə çatıb. 10-cu dəqiqədə "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli gözəl qolla hesabı bərabərləşdirib.

Fasilədən sonra da qapılara iki qol vurulub. 59-cu dəqiqədə Rəhim Sadıxov uzaqdan zərbə ilə "gənclik şəhəri" təmsilçisini yenidən önə çıxarıb. Lakin 80-ci dəqiqədə paytaxt komandasının kapitanı Slavik Alxasov uzaqdan zərbə ilə bərabərliyi təmin edib.

Bu nəticədən sonra "Keşlə" 30 xalla 3-cü, "Sumqayıt" 23 xalla 4-cü pillədə qalıb.

Azərbaycan Premyer Liqası, XIX tur

29 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Keşlə” - 2:2

Qollar: Peyman Babayi, 4. Rəhim Sadıxov, 59 - Vüsal İsgəndərli, 10. Slavik Alxasov, 80

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“Kapital Bank Arena”

Qeyd edək ki, günün növbəti matçında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionundakı oyun saat 18:00-da başlanacaq. Tura martın 1-də "Zirə" - "Qəbələ" və "Neftçi" - "Səbail" görüşləri ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi