"Sumqayıt"ın kapitanı: "Bilmirəm ki, yan xətt hakimi ofsaydı necə görmədi?" - MÜSAHİBƏ

"Sumqayıt"ın kapitanı: "Bilmirəm ki, yan xətt hakimi ofsaydı necə görmədi?" - MÜSAHİBƏ Sumqayıt klubunun kapitanı Vurğun Hüseynov səfərdə Neftçi ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra brifinq keçirib.
Futbol
2 Fevral , 2020 11:22
Sumqayıtın kapitanı: Bilmirəm ki, yan xətt hakimi ofsaydı necə görmədi? - MÜSAHİBƏ

"Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynov səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra brifinq keçirib.

"Report"un məlumatına görə, 32 yaşlı müdafiəçi əvvəlcə oyunu qiymətləndirib:

- "Neftçi" elə bir rəqibdir ki, heç kim onunla görüşdə 3 xalı asanlıqla qazanacağımızı deyə bilməz. Həqiqətən də yaxşı komandadır. Oyunun gedişində onlar həm qırmızı vərəqə aldılar, həm də biz 1:0 hesabı ilə önə keçdik. Bu gün bəxtimiz gətirmədi. Bir neçə yüz faizlik qol vəziyyətindən yararlana bilmədik. Səhv etmirəmsə, rəqibin vurduğu qolda da ofsayd var idi. Bilmirəm ki, bunu yan xətt hakimi necə görmədi. Heç vaxt hakimlik barədə danışmamışam. Amma beləsi yox da... Belə epizodu necə buraxmaq olar? Təəssüf ki, bu gün 2 xal itirdik.

- AFFA Hakimlər Komitəsinin jurnalistlər üçün seminarı zamanı təqdim olunmuş süjetlərdə daha çox "Sumqayıt"a qarşı səhvlərin olduğu müşahidə edildi.

- Düzü, bizə qarşı qərəzin olduğunu, hansısa hakimin bilərəkdən belə qərar verdiyini düşünmürəm. Futboldur, onlar da səhv edə bilərlər. Amma belə epizodları görmək lazımdır. Qarşıdakı oyunlarda daha diqqətli olmaları zəruridir. Özünüz də necə əziyyət çəkdiyimizi görürsünüz. Hamımız azərbaycanlıyıq. Birimizin qaşı partlayır, birimizi gözü az qala yerindən çıxır. Hər cür travmalar alırıq.

- "Sumqayıt" ardıcıl ikinci mövsüm "Neftçi"ni Azərbaycan Kubokundan kənarlaşdırıb. Premyer Liqa matçında da qələbəyə yaxın idiniz. Demək olarmı ki, flaqmanı tam çözmüsünüz?

- "Neftçi"yə asan rəqib deməzdim. Hər bir komanda kimi, biz də onlarla oyunda əziyyət çəkirik. Açığı, bu rəqibə qarşı daha yaxşı oyunumuzun səbəbi baş məşqçimiz Ayxan Abbasovun bizi taktiki cəhətdən yaxşı hazırlamasıdır.

- Qaşınızın partladığı epizodda qırmızı vərəqə gözləyirdiniz?

- Açığı, həqiqətən də gözləyirdim. Çünki adi toxunuş olsaydı, inanmıram ki, qaşım açılardı. Bildiyimə görə, dirsəklə qaşa sərt toxunuş varsa, bu, qırmızı vərəqəlikdir. Baş hakim Kamal Umudlu ilə bu barədə danışdım. Hərəkəti gördüyünü desə də, heç nə əlavə etmədi.

- "Zirə" "Sabah"a qalib gələrək, sizi geridə qoydu. Qarşıdakı turda məhz bu rəqiblə üz-üzə gələcəksiniz.

- Bu gündən hər birimiz oyuna ciddi hazırlaşmağa çalışacağıq. "Zirə" həqiqətən də yaxşı komandadır. Hər bir matça maksimum konsentrasiya olunmalıyıq. Bu halda, əlverişli nəticə qazanacağıq.

- "Sumqayıt"ın nəhayət Avropa kuboklarına yollanmaq istəyi gerçəkləşəcəkmi?

- Hələ oyunlar çoxdur. Bunu zaman göstərəcək. İndidən nə isə danışmaq hələ tezdir. Bizim də fikrimiz var ki, pillə-pillə irəli gedək.   

Son xəbərlər

Orphus sistemi