Yuxarı

"Sumqayıt"ın futbolçusu: "Bütün gücümüzü ortaya qoyduq"

"Sumqayıt"ın futbolçusu: "Bütün gücümüzü ortaya qoyduq"

"Çətin oyun alındı. Hamımız qələbə istəyirdik. Külək də mane olurdu. Buna baxmayaraq, gücümüzün 100 faizini ortaya qoyduq. Düşünürəm ki, layiqli qələbə qazandıq". 

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Sərtan Taşkın Premyer Liqanın V turunda "Sabah"a evdə 1:0 hesabı ilə qalib gəldikləri görüş haqda danışarkən deyib. 

Komandasının yeganə qoluna imza atan cinah oyunçusu daha bir neçə şansının olduğunu söyləyib: "Vurduğum qoldan başqa daha 1-2 dəfə fərqlənmək imkanım oldu, yararlana bilmədim. Amma hiss edirdim ki, alınacaq. Bu səbəbdən sona qədər getdim. Sevinirəm ki, istəyimə çatdım".

İyirmi iki yaşlı oyunçu ikinci hissədə qaçırdıqları imkanların onlara baha başa gəlməsindən qorxduğunu etiraf edib: "Fasilədən sonra kifayət qədər qol imkanından istifadə edə bilmədik. Belə olduqda "vurmayana vurarlar" prinsipi adamı qorxudur. "Zirə" ilə görüşdə məhz bu cür olmuşdu. Hər dəfə bu barədə düşünürük. Bu dəfə daha kompakt futbol sərgilədik və bizdə hər şey alındı".

"Sumqayıt"ın ardıcıl 3 məğlubiyyətdən sonra qələbə qazandığını xatırladan gənc futbolçu bununla "uğursuzluq zolağı"ndan çıxacaqlarına inanır: "Vəziyyəti dəyişməli olan şəxslər futbolçulardır. Bu durumdan məşqçi korpusu və futbolçular birlikdə çıxa bilərlər. "Sabah"la oyuna necə hazırlaşırdıqsa, inanıram ki, qarşıdakı matçlara da o cür hazırlaşsaq, çətin durumdan çıxarıq".

Gənc futbolçu millimizin sabiq üzvü VI turda "Qarabağ"la səfər oyununda xal qazana biləcəklərini düşünür: "Çalışacağıq "Qarabağ"la oyunda da xal qazanaq. Əlbəttə, rəqib çox güclüdür. Amma istənilən halda öz oyunumuzu göstərməyə çalışacağıq. Döyüşəcəyik və inanıram ki, xal ala bilərik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi