Sosial şəbəkələrdə sevdikləri komandaya ən fəal dəstək olan azarkeşlər açıqlanıb

Sosial şəbəkələrdə sevdikləri komandaya ən fəal dəstək olan azarkeşlər açıqlanıb Çempionlar Liqasının final matçından öncə sorğu aparılıb
Futbol
27 May , 2016 17:25
Sosial şəbəkələrdə sevdikləri komandaya ən fəal dəstək olan azarkeşlər açıqlanıb

Bakı. 27 may. REPORT.AZ/ Beynəlxalq ödəniş sistemi olan “MasterCard” Avropada sosial şəbəkələrdə futbol azarkeşlərinin davranışını təhlil etmək üçün 5 000-dən çox futbol azarkeşi arasında sorğu keçirib. "Report"un məlumatına görə, sorğu mayın 28-də İtaliyanın Milan şəhərində İpaniyanın "Real Madrid" və "Atletiko" komandaları arasında keçiriləcək Çempionlar Liqasının final matçından öncə aparılıb.

Tədqiqatın nəticələrinə əsasən, ispaniyalı azarkeşlər sosial şəbəkələrdə ən fəal şəkildə sevdiyi komandaya dəstək olurlar. Azarkeşlərin təxminən ¼ hissəsi (24%) televizorda futbol matçını seyr etdikləri zaman sosial şəbəkələrdə 4 və daha çox paylaşım edir ki, bu da italiyalı azarkeşlərdən (15%) təxminən iki dəfə çoxdur. İngiltərəli futbol azarkeşlərinin yalnız 1/3 hissəsi futbol matçı zamanı paylaşım edir. Halbuki türkiyəli azarkeşlər arasında bu göstərici 84% təşkil edir.

Azarkeşlərin böyük hissəsi (69%) hesab edir ki, futbolçularla sosial şəbəkələrdə ünsiyyət imkanı oyuna müsbət təsir göstərir. Daha çox türkiyəli (97%) və ispaniyalı (86%) azarkeşlər bu mövqeni dəstəkləyir, lakin Avropanın fərqli məkanlarında bu mövzu üzrə fikir ayrılığı mövcuddur. Britaniyalı futbol azarkeşlərinin yalnız 50%-i futbolçuların sosial şəbəkələrdə hesab açmalarının tərəfdarıdır.

“Facebook” (63%) futbol azarkeşləri arasında ən populyar sosial şəbəkə hesab olunur, ən yüksək göstəricilər isə 45-54 yaş qrupuna aiddir. Qeyd olunan şəbəkə ən böyük populyarlığı İtaliya (81%), Rumıniya (78%) və Portuqaliyada (77%) qazanıb.

Sosial şəbəkələrdən istifadə səbəblərinə gəldikdə isə məlum olub ki, futbol həvəskarlarının 64%-i bütün yeniliklərdən xəbərdar olmağı ən vacib məsələ hesab edir. Bu, 25-35 yaş qrupunda daha çox verilən cavabdır. Türkiyəli azarkeşlərin məlum futbol sevgisi sosial şəbəkələrdə öz əksini tapır. Onlar (71%) sosial şəbəkələrdə qələbəni ingilis (29%) azarkeşlərdən iki dəfə çox qeyd edir.

Sosial şəbəkələrdə ən sadiq azarkeşlər almanlardır: onların yalnız 4%-i dəstəkləmədiyi klubların səhifələrini izləyir.

Tədqiqatın digər nəticələri:

- İspaniyalı azarkeşlər stadionlarda futbol izlədikləri zaman sosial şəbəkələrdə ən fəaldırlar: onlar oyun ərzində orta hesabla iki paylaşım edir. Bu göstərici isə ortalama Avropa göstəricisindən iki dəfə çoxdur.

- Ukraynalı azarkeşlər Avropanın ən pozitiv azarkeşləridir, türk və ingilis azarkeşləri isə ən tənqidçi yanaşmaya sahibdirlər.

- “YouTube” ikinci ən populyar sosial platformadır və ukraynalı azarkeşlər (32%) arasında ən geniş yayılmış şəbəkədir.

- İspaniyalı (23%) və türkiyəli (27%) futbol azarkeşləri “Twitter” şəbəkəsində ən fəaldırlar, bu isə britaniyalı azarkeşlərdən 10% çoxdur.

- İtaliyalı (42%) və ispaniyalı (47%) azarkeşlər canlı yayım zamanı şərhləri izləməyə üstünlük verir, amma rus, rumın (63%) və çexlər (61%) sosial şəbəkələri digər azarkeşlərlə ünsiyyət üçün istifadə edirlər (68%).

- Kişilər qadınlara nisbətən dəstəkləmədiyi komandaların səhifəsini iki dəfə çox izləyir.

“Social Fanalytics Report”un tədqiqatı aşkar edib ki, azarkeşlər üçün ünsiyyətdə olmaq xeyli vacibdir. Onların 69%-i stadionların Wi-Fi ilə təmin olunmasını arzulayırlar. Daha tez-tez italiyalı (79%) və portuqaliyalı (70%) azarkeşlər Wi-Fi üçün stadionlarda lazımi avadanlığın qurulmasının tərəfdarıdır. Almaniyalı (39%) azarkeşlər isə bu məsələyə o qədər də önəm vermir.

Təmassız ödənişə tələbat Avropada getdikcə artır: futbol azarkeşlərinin 31%-i stadionlarda lazımi texnologiyanın quraşdırılmasını arzulayırlar. Türkiyədə futbol azarkeşlərinin yarısından çoxu (54%) təmassız ödənişə üstünlük verirlər. Rumıniya (54%) və Çexiyada (44%) isə azarkeşlər stadiona keçmək üçün təmassız biletlərə üstünlük verirlər.

“Social Fanalytics Report” tədqiqatı “MasterCard”ın sifarişi ilə “Mortar” şirkəti tərəfindən həyata keçirilib. Bu araşdırmada İngiltərə, Almaniya, İspaniya, Fransa, Hollandiya, İtaliya, Türkiyə, Rusiya, İsveç, Portuqaliya, Yunanıstan, Ukrayna, Rumıniya, İsrail, Çexiya və Polşa daxil olmaqla, 5 000-dən çox respondent iştirak edib.

Son xəbərlər

Orphus sistemi