Yuxarı

AFFA İcraiyyə Komitəsinin üzvü: Baş verənlər yaramazların və xuliqanların işidir

AFFA İcraiyyə Komitəsinin üzvü, SOCAR Georgianın baş direktoru Mahir Məmmədovun Reporta müsahibəsi

Bakı. 5 iyul. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin üzvü, "SOCAR Georgia"nın baş direktoru Mahir Məmmədovun "Report"a müsahibəsi

- Tbilisi "Dinamo"su ilə "Qəbələ" arasındakı oyunu izləyənlər arasında idiniz. Matç zamanı gürcüstanlı fanatların separatçı banner açmaları və oyundan öncə Azərbaycan bayrağını təhqir etmələri barədə nə deyə bilərsiniz?

- Mənim SOCAR nümayəndəsi kimi bu məsələyə münasibət bildirməyim düzgün olmaz. Bildiyim qədərilə AFFA və Azərbaycanın Gürcüstandakı səfirliyi baş verənlərlə bağlı müəyyən addımlar atıb. Məsələyə Gürcüstanın baş naziri səviyyəsində münasibət bildirilib və ölkənin Xarici İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib. Gürcüstan Futbol Federasiyası isə bəyanat yaymağa hazırlaşır.

- Hər halda siz də AFFA İcraiyyə Komitəsinin üzvüsünüz və SOCAR nümayəndəsi kimi Gürcüstanda fəaliyyət göstərirsiniz. Belə halların baş verməsinin səbəbini nədə görürsünüz?

- Oyunu səfirimiz Azər Hüseynlə birgə izləyirdim. İkinci hissənin əvvəllərində üzbəüz tribunadan separatçı bannerin asıldığını gördük. Həmin bannerin fotosu məndə durur. Dərhal Gürcüstanın təhlükəsizlik qüvvələri tərəfindən reaksiya verildi və banner yığışdırıldı. Bilirsiniz, hər bir ölkənin yaxşısı da var, pisi də. Təbii ki, bunlar yaramazların və xuliqanların işidir.

- Amma bu hal birinci dəfə deyil ki, baş verir. Ötən il "Neftçi"nin Bakıda "Çixura" ilə Avroliqa matçında da gürcü fanatlar "Bakcell Arena"da separatçı banner asmışdılar...

- Bəli. İkinci dəfədir oxşar halla qarşılaşırıq. İkisi də təqribən eyni məzmunlu insidentdir. Bunun tendensiyaya çevrilməsi bizi doğrudan da narahat edir. Aydın məsələdir ki, 17-18 yaşlı yeniyetmələr özbaşına separatçı çıxışlar edə və bannerlər asa bilməzlər. İnanırıq ki, məsələyə tezliklə aydınlıq gələcək və səbəbkarlar aşkarlanaraq üzə çıxarılacaq.

- Uzun müddətdir Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı kimi bu sualı cavablandırardınız: Doğrudanmı bu ölkə anti-Azərbaycan əhval-ruhiyyəsində köklənib?

- Xeyr. Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə dostluq münasibətləri var. Soydaşlarımız da təhlükəsiz şəraitdə fəaliyyət göstərirlər. Sadəcə, yenə deyirəm: baş verənlər yaramazların və xuliqanların işidi. Belələrinə isə hər yerdə rast gəlmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi