Yuxarı

"Simurq" rəsmisi: "Hazırkı durumda "Xəzər Lənkəran"la oyuna yollanmağımız mümkün deyil"

Baş məşqçi Georgi Çixradze xəbər gözləyir

Bakı. 25 may. REPORT.AZ/ Maliyyə problemləri ilə üzləşən Zaqatalanın "Simurq" klubunun Azərbaycan Premyer Liqasında son turun "Xəzər Lənkəran"la səfər matçına yollanması böyük sual altına düşüb. Bu barədə "Report"a klubun baş meneceri Kamran İsmayılov məlumat verib.

Onun sözlərinə görə, hazırkı durumda Zaqatala təmsilçisinin Lənkərana gedişi mümkün deyil: "Baş məşqçi Georgi Çixradze ilə danışmışam. O, hazırda vətəni Gürcüstandadır. Bildirib ki, komanda Lənkərana getsə, birbaşa ora yollanacaq. Futbolçulara təşəkkür edirəm, qarşılarında baş əyirəm ki, bu ana qədər mübarizə aparıblar. Onlar "Xəzər Lənkəran"la oyuna çıxmağa hazırdırlar. Sadəcə, hazırkı durumda maliyyə baxımından Lənkərana yollanmağımız mümkün deyil. Bu gün və ya sabah heç nə dəyişməsə, səfər oyununa gedə bilməyəcəyik. Biz batan gəmini sahilə çıxarmağa çalışdıq, amma alınmadı".

"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Simurq"un oyuna gəlməyəcəyini təsdiqləyib. O, bildirib ki, matç öncəsi Lənkəranın müxtəlif yerlərində vurmaq üçün afişa hazırlamaq istəsələr də, onlara oyunun baş tutmayacağı deyilib.

Lakin "Simurq"un prezidenti Anar Bəkirov "Report"a qısa açıqlamasında oyuna gedəcəklərini bildirib. 

Qeyd edək ki, Peşəkar Futbol Liqasının rəsmi saytı mayın 28-də keçiriləcək "Xəzər Lənkəran" - "Simurq" matçının saat 21:00-da başlanacağını açıqlayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi