Yuxarı

Simeon Bulqaru Moldova və Azərbaycan millilərini müqayisə edib

Orada futbola daha çox sərmayə qoyulur

Bakı. 11 noyabr. REPORT.AZ/ Moldova milli komandası və "Daçiya" klubunun futbolçusu Simeon Bulqaru noyabrın 17-də Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq görüşü barədə fikirlərini bölüşüb. "Report"un məlumatına görə, 2 illik fasilədən sonra milliyə çağırılan müdafiəçi özünü sanki ilk dəfə dəvət alırmış kimi hiss etdiyini bildirib.

O deyib: "Birinci dəfə çağırılanda 18-19 yaşım vardı. Bir daha dəvət almağıma çox şadam və ümidvaram ki, bu sevinc növbəti illərdə də davam edəcək, yenə milliyə çağırılacağam".

FİFA-nın son reytinq siyahısında Moldova millisi 177 xalla 154-cü pillədə yer alıb. Bu, ölkə tarixində ən zəif nəticə sayılır. Bulqarunun fikrincə, hər bir oyunçu bunu gördükdə neqativ hisslər keçirir. Lakin o, Azərbaycanla matçın reytinqdə irəliyə addımlamalarına kömək edəcəyinə ümidvar olduğunu söyləyib: "Hər birimiz qələbə qazanmaq istəyirik. Bu oyunu da elə ona görə keçiririk. Nəticə, ilk növbədə, müsbət olmalı və biz qalib gəlməliyik".

20 yaşlı oyunçu Azərbaycan millisini də dəyərləndirib: "Oyunçuların səviyyəsindən xəbərsizəm. Bilirəm ki, 2-si Almaniyada çıxış edir. Amma bizim də İtaliya və Türkiyədə çıxış edən futbolçularımız var. Düzdür, onlar hazırda zədəlidirlər, amma fikrimcə, hər iki yığma eyni səviyyədədir. Ola bilsin, Azərbaycan çempionatı güclüdür. Hər halda orada futbola daha çox sərmayə qoyulur".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova matçı saat 21:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi