Bakı. 31 mart. REPORT.AZ/ Şimali İrlandiya milli komandasının futbolçusu Korri Evans Azərbaycan yığması ilə Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçında böyük ehtimalla iştirak etməyəcək. "Report"un "The Irish News" nəşrinə istinadən verdiyi məlumata görə, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki zədədən əziyyət çəkir.
İngiltərənin "Blekbern" klubunda forma geyinən Evans yanvarın 2-dən bəri meydana çıxa biləməyib. O, martın 26-da Norveç millisinə qarşı 2018-ci il dünya çempionatının seçmə oyunu üçün Şimali İrlandiya yığmasına çağırılsa da, komanda ilə birlikdə tam olaraq məşq etməyib.
"Blekbern"nin baş məşqçisi Toni Moubrey bildirib ki, Evansın fikrini növbəti mövsümdə yaşıl meydanlara qayıtmağa yönəltməlidir. Onun sözlərinə görə, futbolçunun cərrahiyyə əməliyyatına ehtiyacı var: "Onun cari mövsümdə oynayacağına ümid etmək istərdik. Lakin Korrinin bərpası üçün azı 4-5 həftə lazımdır. Tələsmək düzgün deyil. O, proqrama uyğun bərpa olunmalıdır. Bir razılaşmışıq ki, Evans yayda da məşq edəcək. Onun kiçik cərrahiyyə əməliyyatına ehtiyacı var. Əvvəlki səviyyəsinə qayıtmaq üçün tam sağalmalıdır".
2016-cı il noyabrın 11-də Şimali İrlandiya və Azərbaycan yığmaları arasında Belfastda keçirilmiş görüşdə Evans 81 dəqiqə meydanda olub. O, 75-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-da "Bakcell Arena"da keçiriləcək. 5 turdan sonra C qrupuna aktivində 15 xal olan Almaniya millisi başçılıq edir. Şimali İrlandiya 10 xalla 2-ci, Çexiya 8 xalla 3-cü, Azərbaycan 7 xalla 4-cü, Norveç 3 xalla 5-cidir. Hələ xal toplamayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.