Yuxarı

Şimali İrlandiya Azərbaycanla oyun öncəsi itki ilə üzləşib

Komandanın əsas hücumçularından biri biləyini qırıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Şimali İrlandiya yığması futbol üzrə 2018-ci il Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə oyuna itki ilə çıxacaq.

"Report"un məlumatına görə, rəqibin əsas hücumçularından olan Ceymi Uord bilək nahiyəsini sındırıb.

Bu, İngiltərə "Championship"inin oyununda baş verib. İcarə əsasında "Barton"da çıxış edən Uord "Barnsli" ilə qolsuz bitən görüşün artıq 12-ci dəqiqəsində əvəzlənməli olub. "Barton"un meneceri Naycel Klaf müqavilə ilə "Nottingem Forest"ə məxsus olan, yığmada 29 oyunda 3 qol vuran 30 yaşlı hücumçunun gələn həftə millinin hazırlığına qoşulmayacağını təsdiqləyib:

"Zədənin nə dərəcədə ciddi olduğunu bilmirəm. Ancaq sınıq olduğu müəyyənləşib. Dəqiq olan budur ki, futbolçu Şimali İrlandiya yığmasının düşərgəsinə yollanmayacaq və əməliyyat olunacaq".

Rəqibin heyətlə bağlı itkiləri bununla kifayətlənmir. "Lids"in futbolçusu Stüart Dallasın da problemi var. Baş məşqçi Maykl O Nill etiraf edib ki, yarımmüdafiəçinin 25 nəfərlik ilkin heyətə daxil edilməsi riskli olub. Çünki 4 həftədir bərpa prosesi keçən 25 yaşlı Dallas bu müddətdə topa toxunmayıb.

"Lids" millinin baş məşqçisini xəbərdar edib ki, futbolçunu bu qədər oynamayandan sonra yüksək səviyyəli beynəlxalq matça buraxmaq risklidir. Bu, həm tibbi, həm də fiziki hazırlıq baxımından düzgün olmazdı. "Lids" rəsmiləri əmindir ki, Maykl O Nill sağlam düşüncə sahibi kimi düzgün addım ataraq riskə getməyəcək.

Noyabrın 11-də Belfast şəhərinin "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi