"Silahın paytaxtı"nda futbol tamaşası - Rəqibi tərksilah edən "Neftçi" - REPORTAJ - VİDEO

"Silahın paytaxtı"nda futbol tamaşası - Rəqibi tərksilah edən "Neftçi" - REPORTAJ - VİDEO Neftçi UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Futbol
25 İyul , 2019 23:10
Silahın paytaxtında futbol tamaşası - Rəqibi tərksilah edən Neftçi  - REPORTAJ - VİDEO

"Neftçi" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

"Report"un Rusiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Arsenal"ın qonağı olub. Tulada baş tutan görüş Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Dario Frederiko vurub.

Bu matçda "Neftçi"nin baş məşqçisi Roberto Bordin qapını Səlahət Ağayevə həvalə edib. Müdafiədə sağdan sola olmaqla, Anton Krivotsyuk, Voislav Stankoviç, Kirilo Petrov, Ömər Buludov "dördlüy"ü yer alıb. Kapitan Emin Mahmudov, Mamadu Kane və Soni Mustivar orta xətdə qərarlaşıblar. Hücum xətti isə Dario Frederiko, Rauf Əliyev və Stiven Jozef-Monroza tapşırılıb.

İlk 10 dəqiqədəki kəşfiyyat xarakterli oyundan sonra birinci qol vəziyyəti "Neftçi"nin qapısı önündə olub. 10-cu dəqiqədə Giya Qriqalavanın künc zərbəsi zamanı başla vurduğu topu Ağayev tutub. Lakin irəliləyən dəqiqələrdə matçın tempi yenə aşağı olub.

25-ci dəqiqədə növbəti standart vəziyyət və qol epizodu. Bu dəfə cərimə zərbəsindən sonra Kirill Kombarov topu qapıdan keçirsə də, yan xətt hakimi oyundankənar vəziyyət qeydə alıb. 5 dəqiqə sonra Ağayev bu dəfə Maksim Belyayevin künc zərbəsi zamanı ayaqla vurduğu topu ram edib.

İrəliləyən dəqiqələrdə də meydan sahibləri ara-sıra hücum etsələr də, hesabı açan tərəf "Neftçi" olub. 45+1-ci dəqiqədə Monroz Əliyevlə divar ötürməsi etdikdən sonra topu sağ cinahdan yerlə qapı önünə ötürüb. Həmin anda rəqib müdafiəçilər topa daha yaxın olan Mahmudovu yıxsalar da, Frederiko dəqiq zərbə ilə bakılıları önə keçirib.

İlk hissədə hər iki komandanın ehtiyatlı oynamalarının fonunda "Arsenal" stadionuna toplaşan azarkeşlər əsl futbol atmosferi yaradıblar. "Ağ-qaralar"ı isə "Forza Neftçi" azarkeş qrupunun timsalında həm Bakıda gələn, həm də Rusiyada yaşayan 300 nəfərə yaxın şəxs dəstəkləyib.

Komandalar ikinci hissəyə eyni tempdə başlayıb. Başlanğıcda Monrozun zərbəsi azacıq qapıdan yan keçib. Bundan bir qədər sonra isə Kombarovun zərbəsi təhlükəli alınıb. Lakin müdafiəçilər vaxtında müdaxilə ediblər.

Görüşün 72-ci dəqiqəsində "Neftçi" ciddi itki ilə üzləşib. Qarşılaşmada hesabı açan Frederiko zədələnib və yerini Namik Ələskərova verib.

Ələskərov meydana daxil olandan bir qədər sonra əks-hücum zamanı qapıçı ilə üz-üzə qalsa da, onun zərbəsini "Arsenal" azarkeşlərinin ən sevimli oyunçusu olan Mixail Levaşov dəf edib.

81-ci dəqiqədə isə Kanenin zərbəsindən sonra top dirəkdən dönüb.

Bordin 87-ci dəqiqədə növbəti əvəzetməyə əl atıb. O, matçboyu çox işləyən Mahmudovun yerinə meydana Vangelis Platellası buraxıb. Görüşün sonlarında "Arsenal" məğlubiyyətdən yaxa qurtarmağa çalışsa da, buna nail ola bilməyib.

Beləliklə, "Neftçi" "Silahın paytaxtı" ləqəbi daşıyan Tulanın komandasını ilk oyunda tərksilah etməyi bacarıb. Qarşıda isə cavab görüşü var. Cütün taleyi avqustun 1-də "Bakcell Arena"da keçiriləcək matçda həll olunacaq.

Son xəbərlər

Orphus sistemi