Şeyx Salman: "FİFA 2018-ci ilədək bankrot ola bilər"

Şeyx Salman: "FİFA 2018-ci ilədək bankrot ola bilər" "Rəqiblərimin təklifləri FİFA xərclərinin 4 il ərzində 1 milyard dollar artmasına aparır"
Futbol
30 Yanvar , 2016 12:10
Şeyx Salman: FİFA 2018-ci ilədək bankrot ola bilər

Bakı. 30 yanvar. REPORT.AZ/ "Bəzi namizədlərin FİFA-nın maliyyə sferasında islahatlarla bağlı təklifləri təşkilatın 2018-ci ildə bankrot olmasına gətirib çıxara bilər". "Report"un məlumatına görə, bunu "Insideworldfootball.com"a açıqlamasında ali futbol qurumunun prezidenti postuna iddiaçılardan olan şeyx Salman ibn-İbrahim əl-Xəlifə deyib.

O bildirib ki, son bir ildə FİFA-nın maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə zəifləyib: "Bu, kədərli mənzərədir. Vəziyyət dəyişməsə, 2018-ci ilədək FİFA-nın maliyyə ehtiyatları tükənəcək. Marketinq və televiziya hüquqlarımızın satışından alınacaq vəsait bizə bəs etməyəcək. Rəqiblərimin təklifləri FİFA xərclərinin 4 il ərzində 1 milyard dollar artmasına aparır. Belə proqramlar reallaşdırılsa, çox ağır vəziyyətlə üzləşəcəyik. Nəzərə almalıyıq ki, FİFA təkcə son bir ildə 100 milyon dollar ziyan edib".

Şeyx planının təşkilatı iflasa aparmaqdan yox, yenidən qurmaq və dirçəltməkdən ibarət olduğunu açıqlayıb.

Qeyd edək ki, fevralın 26-da keçiriləcək seçkidə FİFA prezidentliyi uğrunda şeyx Salman ibn-İbrahim əl-Xəlifədən əlavə, şahzadə Əli bin əl Husseyn, Canni İnfantino, Tokio Seksvale və Jerom Şampan mübarizə aparacaq. Qapalı seçkidə ilk turdaca qalib olmaq üçün səslərin 2/3 hissəsini, növbəti turlarda isə 50 faizdən 1 səs çox yığmaq lazımdır. 

Son xəbərlər

Orphus sistemi