Yuxarı
    Bağlamaq

    "Şerif" klubunun "Qarabağ"la oyun üçün Bakıya səfər proqramı açıqlanıb

    Moldova təmsilçisi iyulun 24-də Bakıya çarter reysli təyyarə ilə gələcək

    Bakı. 22 iyul. REPORT.AZ/ Moldovanın "Şerif" klubunun "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün Bakıya səfər proqramı müəyyənləşib.

    Bunu "Report"a açıqlamasında Tiraspol təmsilçisinin mətbuat katibi Miroslav Primoviç bildirib. 

    Onun sözlərinə görə, "Şerif" iyulun 24-də Bakıya çarter reysli təyyarə ilə gələcək. Mətbuat katibi qeyd edib ki, həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda axşam saatlarında komandanın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı və ilk 15 dəqiqəsi açıq olan məşq nəzərdə tutulub. İyulun 25-də saat 21:00-da başlanacaq qarşılaşmanın ardından qonaqlar Bakını tərk edəcəklər.

    Bu gün isə "Şerif" Moldova Milli Diviziyasının III turu çərçivəsində "Zimbru"nu qəbul edəcək. Hazırda çempionatın mərkəzi oyununu düşündüklərini deyən Primoviç hələlik heyətdə zədəli oyunçunun olmadığını vurğulayıb. O, cəza üzündən Ceremi De Noyyeri Bakıya gətirə bilməyəcəklərini söyləyib. Hollandiyalı yarımmüdafiəçi Albaniyanın "Kukesi" komandası ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda qırmızı vərəqə alıb.

    Klub rəsmisi Bakı istisindən ehtiyatlanmadıqlarını da açıqlayıb: "Hazırda Tiraspolda da istidir. Üstəlik, Albaniyada da çox isti hava şəraitində çıxış etmişdik".

    Qeyd edək ki, "Şerif"lə "Qarabağ" arasındakı cavab oyunu avqustun 1-də Tiraspolda olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi