"Qəbələ"nin hücumçusu: "İlk qol sayılmasaydı, bilmirəm matçın gedişatı necə olardı"

"Qəbələ"nin hücumçusu: "İlk qol sayılmasaydı, bilmirəm matçın gedişatı necə olardı" "Həlledici qarşılaşmalar hələ qabaqdadır"
Futbol
20 Fevral , 2017 13:03
Qəbələnin hücumçusu: İlk qol sayılmasaydı, bilmirəm matçın gedişatı necə olardı

Bakı. 20 fevral. REPORT.AZ/ "Yaxşı oyun oldu, vacib qələbə qazandıq. Qol vurdum, lakin önəmli olan 3 xaldır. Həmin qol hesaba alınmasaydı, bilmirəm matçın gedişatı necə olardı". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Qarabağ" üzərində 2:0 hesablı qələbədən sonra "Qəbələ"nin futbolçusu Sergey Zenyov deyib.

Matçın 30-cu dəqiqəsində hesabı açan 28 yaşlı hücumçu bildirib ki, qalib gəlmələrinə rəğmən, əsas mübarizə qabaqdadır. Zenyov hər iki komandanın təmkinli oynadığını, gözəl matç alındığını söyləyib: "Bugünkü oyunda uduzsaydıq və ya heç-heçə etsəydik belə, bu, çempionluq mübarizəsində heç nəyi dəyişməyəcəkdi. Çünki qarşıda hələ çox matç var və bütün görüşlər çətin alınır. Həlledici qarşılaşmalar hələ qabaqdadır".

Estoniyalı forvard görüşün 90-cı dəqiqəsində "Qarabağ"ın hücumçusu Dino Ndlovu ilə toqquşmadan sonra yerdə qalıb. O, meydanı xərəkdə tərk edərək, yerini komandan yoldaşı Teo Uiksə verib. Lakin Zenyov zədəsinin ciddi olmadığını bildirib. O, növbəti turda komandasına kömək edə biləcəyinə inandığını ifadə edib.

Qeyd edək ki, "Qəbələ" Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Kəpəz"in qonağı olacaq. Matç fevralın 28-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi