"Qəbələ"nin baş məşqçisi: "Mövsümün ikinci hissəsi daha stresli olacaq" - MÜSAHİBƏ

"Qəbələ"nin baş məşqçisi: "Mövsümün ikinci hissəsi daha stresli olacaq" - MÜSAHİBƏ Bakı. 29 yanvar. REPORT.AZ/ “Qəbələ” futbol komandasının baş məşqçisi Sənan Qurbanovun “Report”a müsahibəsi
Futbol
30 Yanvar , 2019 11:15
Qəbələnin baş məşqçisi: Mövsümün ikinci hissəsi daha stresli olacaq - MÜSAHİBƏ

Bakı. 29 yanvar. REPORT.AZ/ “Qəbələ” futbol komandasının baş məşqçisi Sənan Qurbanovun “Report”a müsahibəsi


- Qış təlim-məşq toplanışını başa vurdunuz. Hazırlıq prosesi ürəyinizcə oldu?

- Yanvarın 6-da Bakıda toplaşdıq. Hazırlığın ilk mərhələsi bir həftəni əhatə etdi. Həmin müddətdə gündəlik məşqlərlə yanaşı, I Divizion təmsilçisi “Qaradağ Lökbatan”la yoxlama oyunumuz oldu və 2:0 hesabı ilə qalib gəldik. Yanvarın 13-də isə Türkiyənin Antalya bölgəsinə üz tutduq. İkinci mərhələ əsasən yoxlama matçları üzərində qurulmuşdu. Orada 4 görüş planlaşdırsaq da, hava şəraiti ilə əlaqədar “Fakel” ilə oyunumuz ləğv olundu. Buna rəğmən, Almaniyanın “Meppen” (1:2), Rusiyanın “Yenisey” (2:2) və Macarıstanın MTK komandaları (3:2) ilə qarşılaşdıq. Ümumilikdə toplanışdan razı qaldım. Əsas odur ki, toplanışı zədəsiz başa vurduq.

- Bu ilin yanvarında Antalyaya xas olmayan, qeyri-sabit hava şəraiti ilə üzləşdiniz. Klublar növbəti mövsüm yenidən ora üz tutmaqda tərəddüt etməzlər ki?

- Düzdür, həm yağışlar çox oldu, həm də çovğun. Belə halla ilk dəfə üzləşdik. Ancaq ciddi bir problemin olduğunu düşünmürəm. Təlim-məşq toplanışı üçün Antalyada olan şərait heç yerdə yoxdur. Artıq bu işdə çox peşəkarlaşıblar, hər şeyi ən xırda detalına qədər düşünürlər. Ona görə də Avropanın əksər klubları ora üz tuturlar. Tərəddüd edəcəyimizə inanmıram. Bu cür şərtlərlə belə şəraiti başqa yerdə tapmaq mümkün deyil.

- Türkiyədə keçirdiyiniz bütün yoxlama oyunlarında 2 qol buraxdınız. Bu, müdafiə xəttində problem olması ilə bağlıdır, yoxsa müxtəlif taktiki gedişlərin sınaqdan çıxarılmasından irəli gəlir?

- Almanlara uduzduğunuz görüş 3 hissədən ibarət oldu. Bunu rəqib istəmişdi. Müdafiədə sıxıntının olduğunu deməzdim. Yoxlama görüşlərində futbolçulardan fərqli şeylər tələb edir, taktiki məsələləri gözdən keçiririk. Bu cür oyunlar müxtəlif variantlara baxmaq üçündür. MTK ilə dueldə erkən qol buraxmağımız köklənmə problemi ilə bağlı idi. Çünki hava şəraitinə görə qarşılaşmanın ləğv edilməsi ehtimalı vardı. Elə oldu ki, oyun baş tutdu və komandamız toparlanaraq qələbə qazandı.

- Antalyada baxışa cəlb etdiyiniz braziliyalı futbolçulardan heç birini bəyənmədiniz...

- Gənc futbolçular idilər. İstedadlı olsalar da, hazırlıq səviyyələri yaxşı deyildi. Sonradan məşqlərdə irəliləyiş hiss olunurdu. Ləğv edilən “Fakel” ilə matçda onları sınamaq istəyirdik, alınmadı. Amma gələcəkdə onları izləyəcəyik.

- Qış fasiləsində heyətinizə cəmi 2 futbolçu cəlb etmisiniz ki, onlardan biri qapıçı Anar Nəzirovdur. Gürcüstanlı Davit Volkovinin transferini yetərli sayırsınız?

- Davit istedadlı, üzərində işləyən hücumçudur. Onu soraqlayıb, videolarına baxıb, götürmüşük. Komandamız üçün faydalı olacaq.

- Başqa transfer olacaq?

- Xeyr. Belə bir düşüncəmiz yoxdur.

- Yanvarın 13-də Premyer Liqanın XV turunda “Qəbələ”dən 1 pillə və 2 xal geri qalan “Sumqayıt”ı qəbul edəcəksiniz...

- “Sumqayıt” yaxşı, istəkli komandadır. Ayxan Abbasovun baş məşqçi postuna gəlişindən sonra yüksəlişdədilər. Hər iki komandanı çətin oyun gözləyir. Mövsümün ikinci hissəsi daha stresli olacaq.

- Rəhbərlik tərəfindən komandanızın qarşısına hansı məqsəd qoyulub?

- “Qəbələ” daim iddialı olub. Hədəfimiz mükafatçılar sırasına düşməkdir. Azərbaycan Kubokunda da yolumuza davam edirik. Titul qazanmaq şansımızı da qoruyuruq.

Son xəbərlər

Orphus sistemi