"Səbail" klubunun icraçı direktoru: "Rəşad Abdullayevin futbolun inkişafı ilə bağlı çox əhatəli fikirləri var" - MÜSAHİBƏ

"Səbail" klubunun icraçı direktoru: "Rəşad Abdullayevin futbolun inkişafı ilə bağlı çox əhatəli fikirləri var" - MÜSAHİBƏ "Premyer Liqaya vəsiqə qazana bilsək, biznes quran yeganə klub ola bilərik"
Futbol
3 Noyabr , 2016 13:35
Səbail klubunun icraçı direktoru: Rəşad Abdullayevin futbolun inkişafı ilə bağlı çox əhatəli fikirləri var - MÜSAHİBƏ

Bakı. 2 noyabr. REPORT.AZ/ "Səbail" futbol klubunun icraçı direktoru Yusif Həsənovun "Report"a müsahibəsi

- Kluba gəlişiniz necə baş tutdu?

- Son 3 ildə "Bayıl Arena"da "Fortuna Səbail" komandası fəaliyyət göstərirdi. Həmin komandanın təsisçisi və rəhbəri mən olmuşam. Başqa sözlə, böyük futbola yolum uşaq futbolundan başlayıb. Əvvəlcə 15 yaşlı uşaqlardan ibarət komandamız vardı. Daha sonra bir az da kiçik yaş qrupuna aid U-10 komandası yaratdıq. AFFA rəhbərliyinin "Bayıl Arena"da peşəkar komandanın fəaliyyət göstərməsində maraqlı olduğunu öyrəndik və düşündük ki, onsuz da həmin stadionda iki yaş qrupu üzrə komandamız çıxış edir, gücümüzü peşəkar futbolda da sınaya bilərik. AFFA-ya müraciət etdik, uğur qazanmaq üçün əlimizdən gələni etməyə hazır olduğumuzu dedik. Assosiasiyada klubun biznes, inkişaf modeli ilə bağlı təkliflərimizi nəzərdən keçirdilər və razılıq verdilər. Beləcə, artıq 3 aydır ki, "Səbail" klubu I Divizionda çıxış edir.

- Klubun işlərini həm struktur, həm də nəticə baxımından necə dəyərləndirirsiniz?

- Cəmi 3 aydır fəaliyyət göstərən klub hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Bu, özülyündə yaxşı nəticədir. Lakin elə xarakterə malikəm ki, hər zaman qarşıma ən yüksək məqsədlər qoyuram. Bu baxımdan, “Səbail” birinci pillədə olmayana qədər işimizdən tam razı olmayacağam. Bununla belə, hətta 1-ci yerə yüksəlmək də bütün işlərin görüldüyünü göstərən amil deyil. Biz klubun inkişafını, daha gözəl nəticələr istəyirik.

- İlk pillədə olmaq istədiyinizi deyirsiniz. Hazırda lider "Turan Tovuz"la 6 xallıq fərq var. Bu fərqi aradan qaldırmaq mümkün olacaqmı?

- Elə bil I Divizionda çoxları bizi gözləyirdi ki, "Səbail" yaransın, hamı güclənsin və bundan sonra çox güclü rəqabət olsun (gülür). Bəli, 6 xallıq fərq var və bunu yaxşı başa düşürük. Amma "Turan Tovuz"la hələ ki yalnız səfərdə oynamışıq və evdə bir oyunumuz qalır. Klubumuzun Müşahidə Şurasının sədri Rəşad Abdullayevin dediyi kimi, bizim üçün rəqiblərimizin itirəcəyi xallar deyil, özümüzün qazanacağımız xallar barədə düşünmək vacibdir. Yalnız öz oyunumuz haqda düşünürük. Komanda hər oyuna qələbə üçün çıxmalıdır.

- Rəşad Abdullayev necə rəhbərdir? Tanışlıq tarixçəsi haqda danışardınız...

- “Səbail” klubunda tanış olmuşuq. Bir rəhbər kimi biznes qurumu, futbolun inkişafı ilə bağlı çox əhatəli fikirləri var və həqiqətən klubun inkişafını istəyir. O, AFFA prezidentinin oğludur, amma mətbuata açıqlamasında da qeyd edib ki, bu amildən asılı olmayaraq, “Səbail” yalnız öz oyunu ilə nəticə qazanacaq. Başqa cür mümkün də deyil.

- Yəqin ki, futbolu bilməsi uşaqlıqdan futbolun içində olmağı ilə bağlıdır. Çünki atası uzun müddətdir futbol sahəsində rəhbər vəzifələrdədir...

- Qeyd etdiyim kimi, tanışlığımız o qədər də böyük zaman kəsiyini əhatə etmir. Bu baxımdan, daha ətraflı məlumat verə bilmərəm. Amma verdiyi qərarlara, idarəçiliyinə əsasən, onun futbolu bildiyini, bu sahəyə bələd olduğunu deyə bilərəm.

- Kluba fiziki olaraq nə qədər vaxt ayıra bilir?

- Lazım olanda 24 saat... Nə sual olsa, müraciət etmək olur.

- Klub rəhbərinin AFFA prezidentinin oğlu olmasına ictimaiyyətdə münasibətlər birmənalı deyil. Siz necə düşünürsünüz?

- Nəticələrə diqqət yetirək – artıq 2 oyunda uduzmuşuq. Udduğumuz oyunlarda da bizə hər hansı kənar amillərin köməyi olmayıb.

- Mövsümün sonunda hansı nəticələrə ümid edirsiniz?

- Əsas məqsədimiz çempion olmaqdır. İkinci yer də uğursuzluq sayılmaz. Çünki yeni yaranan komanda üçün bu nəticəni uğursuz adlandırmaq düzgün olmaz. Futbol sahəsində hər bir şeydə gəncik. Qarşımıza daha çox gənclərlə çalışmaq məqsədi qoyulub. Hər bir əməkdaş gənc olmalıdır ki, gələcəkdə "Səbail" olaraq Azərbaycan futbolu üçün təcrübəli kadrlar yetişdirək.

- Qış transfer pəncərəsində heyətdə dəyişiklik gözlənilirmi: Daha təcrübəli yerli və ya legioner futbolçu gətirmək olarmı?

- İcraçı direktor kimi indi bu suala cavab verə bilmərəm. Qışa yaxın Müşahidə Şurasının iclası olacaq. O zaman müzakirələr aparılacaq və qərar veriləcək.

- Baş məşqçi Elman Sultanovun indidən bu məsələ ilə bağlı hər hansı bir istəyi varmı?

- Həftədə 2-3 dəfə baş məşqçi ilə görüşürəm. Bu barədə ətraflı söhbətimiz olur. Elə futbolçular var ki, onlar bu dəqiqə bizə ciddi kömək edə bilmirlər, amma perspektivləri var. Premyer Liqaya vəsiqə qazansaq, o gənclərin bizə faydalı olacağını düşünürəm.

- I Diviziondakı klubların Premyer Liqaya lisenziya alması ilə bağlı problemlər var. Hətta bəzi komandalar çempion olsalar da, elitaya yüksələ bilmirlər. Sizdə vəziyyət necədir?

- Bir neçə gün öncə nümayəndəmiz AFFA-da lisenziyalaşdırma ilə bağlı keçirilmiş seminarda iştirak edib. Asan iş deyil. Amma Premyer Liqada oynamaq üçün lisenziya şərtlərinin bütün tələblərinə cavab verməliyik. Bu işlərin hamısı görülməlidir.

- "Səbail"in əvəzedici heyətinin və aşağı yaş qruplarının yaradılması məsələsi gündəmdə varmı?

- Hazırda əsas kollektivdən əlavə, iki – 17 və 11 yaşadək futbolçulardan ibarət komandamız var. Gənc komandanı da gələn ilə hazırlayırıq.

- Qış fasiləsi ilə bağlı planlarınız nədir: Toplanış keçməyi düşünürsünüz?

- Sözsüz ki, komanda qışda toplanış keçməlidir. Bu məsələni Müşahidə Şurasının iclasında müzakirə edəcəyik. Xaricdə olub-olmaması ilə bağlı isə nəsə deyə bilmərəm. Çünki bu, müzakirə edilməyib.

- Klubun büdcəsini digərləri ilə müqayisə etsək, yüksəkdir, yoxsa azdır?

- Demək olar ki, I Divizionda mübarizə aparan klublarla eynidir. Hətta elə klublar var ki, onların büdcəsi daha çoxdur.

- Premyer Liqaya vəsiqə qazansanız, bu büdcə "Səbail"ə kifayət edəcək?

- Sözsüz ki, yox. Amma bu istiqamətdə işlər gedir və sponsorla danışıqlar aparırıq. Biz bir şirkətdən asılı olmaq istəmirik. Əsas məqsədlərimizdən biri də klub olaraq biznes model yaratmaqdır. İstəyirik klubun öz qazancı olsun, başqa şirkətlərlə münasibət qursun. Bu məsələlərlə bağlı çox düşünür və işləyirik.

- Komanda əhalinin sıx yaşadığı bir ərazidə - Bayıl qəsəbəsində çıxış edir. Bu baxımdan sakinlərlə, məktəblərlə və s. görüşlər keçirirsinizmi? Həmin ərazidə bu kluba maraq hansı səviyyədədir?

- Hər oyundan əvvəl reklam afişaları yerləşdiririk. Camaat bilməlidir ki, onlar üçün oynayan komanda var. Hazırda iki fan-klub yaradırıq və tapşırıq olacaq ki, Bayıl qəsəbəsinin, Səbail rayonunun sakinlərini futbola cəlb etsin. İlk oyunumuza 50 nəfər gəlirdisə, oyundan-oyuna bu sayın artdığını görürük. Bu məsələ ilə bağlı çalışırıq.

- Hazırda "Bayıl Arena"da I Divizionun bir neçə komandası ev oyunlarını keçirir. Premyer Liqaya yüksələcəyiniz təqdirdə necə olacaq?

- Komandanın adı "Səbail"dirsə, bu komanda Səbail rayonunda qalacaq. Gələcəkdə də Bayıl stadionunda yerləşəcəyik.

- Belə olarsa, yenə divizion klubları bu arenada çıxış edəcək?

- Hazırda Azərbaycan futbolunda inkişaf gedir. I Divizionda da gərgin mübarizə var. Bir neçə il əvvəl aşağı dəstədə bir-iki oyun istisna olmaqla digərlərinə baxmaq maraqlı deyildi. Artıq görürəm ki, Premyer Liqa qarşılaşmasına getməyən azarkeşlər var ki, I Divizion oyununa baxır. Heç də bütün komandalar stadiona malik deyil. İndi hansısa komanda futbol oynayırsa, amma stadionu yoxdursa, bizim ona şərait yaratmaq borcumuzdur. İmkanımız, vaxtımız varsa, belə komandalara dəstək verməliyik ki, gəlib oynasınlar.

- AFFA-nın balansında olan stadionların əksəriyyəti klubların, yığmanın istifadəsinə verilib. Bu baxımdan "Bayıl Arena"nın da sizin istifadənizə verilməsi mümkündür?

- Klub olaraq, bu, arzu etdiyimiz bir məsələdir. Ancaq qərarı biz vermirik. AFFA rəhbərliyi bu arenanı bizə məşq etmək, oyun keçirmək üçün verib. Buna görə dərin təşəkkürlərimizi bildiririk. Qərarı assosiasiya verəcək.

- Gənc heyət, gənc kadrlarla işlədiyinizi bildirdiniz. I Divizionda bu göstərici yaxşı ola bilər, amma Premyer Liqada ab-hava tam fərqlidir. Premyer Liqaya yüksələcəyiniz təqdirdə, baş məşqçi ilə bağlı hansı qərar veriləcək?

- Nə qədər ki, Elman Sultanovun işi bizi qane edir, onun məsələsini müzakirə etməyəcəyik. Yəni baş məşqçimiz hazırda nəticə verir, komandada yaxşı atmosfer yaradıb. İşindən tam razıyıq.

- "Səbail"də çatışmayan nədir?

- Hazırda azarkeşdir. Ən arzu etdiyimiz faktor budur. Çox istəyərdik ki, Bayıl sakinləri bizə dəstək versin.

- Hazırda futbolçunuz Elvin Adışirinli 7 qolla bombardirlər siyahısında yer alıb. Başqa komandaların diqqət mərkəzinə düşə bilib?

- Bir neçə klub maraqlanır. Amma biz hazırda komandanı zəiflətmək yox, gücləndirmək fikrindəyik.

Son xəbərlər

Orphus sistemi