Azərbaycan Premyer Liqasının debütantı 3 futbolçu ilə müqavilə bağlayıb - RƏSMİ

Azərbaycan Premyer Liqasının debütantı 3 futbolçu ilə müqavilə bağlayıb - RƏSMİ Aqil Məmmədovla da ilkin anlaşma əldə olunub
Futbol
2 İyun , 2017 15:21
Azərbaycan Premyer Liqasının debütantı 3 futbolçu ilə müqavilə bağlayıb - RƏSMİ

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının debütantı "Səbail" klubu 3 futbolçu ilə müqavilə bağlayıb. 

Bu barədə "Report"a komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.

Onun sözlərinə görə, "Neftçi"dən ayrılan Kamal Qurbanov, həmçinin "Zaqatala"dan Emin Mehtiyev və "Turan Tovuz"dan Aqşin Muxtaroğlu ilə 1 illik rəsmi anlaşma əldə olunub. AZAL-ın sabiq qapıçısı gənc mütəxəssis Aqil Məmmədovla da ilk razılığa gəldiklərini söyləyib: "Hazırda Aqil Naxçıvandadır. Həftəsonunadək Bakıya qayıdacaq və bizimlə müqaviləyə imza atacaq".

S.Əliyev ötən mövsüm I Divizionda çıxış etmiş futbolçuların əksəriyyəti ilə yollarını ayıracaqlarını da dilə gətirib. Bütün transferləri iyunun 10-dək həyata keçirmək niyyətində olduqlarını söyləyən baş məşqçi ehtiyac yaranarsa, legionerlərlə də güclənəcəklərini vurğulayıb.

Hazırlıq planlarına gəlincə, o, bütün kollektivin iyunun 12-də Bakıda toplaşacağını və iyulun əvvəllərində Türkiyəyə uzunmüddətli təlim-məşq toplanışına yollanacaqlarını deyib. S.Əliyev bildirib ki, bu mövsüm əsas məqsəd Premyer Liqada qalmaqdır: "UEFA-nın lisenziyalaşdırma tələblərinə əsasən, vəsiqə qazansaq belə, 2018-2019 mövsümündə avrokuboklarda çıxış edə bilmərik. Çünki "Səbail" cəmi 2 ildir yaranıb. Avrokuboklara isə ən azı 3 yaşı olan klub buraxılır. Ona görə də aşağı yaş qrupu üzrə komandalarımızı da gücləndirməklə, gənc futbolçular yetişdirmək və sonrakı mövsümlərdə iddialı kluba çevrilməyi hədəfləmişik".

Qeyd edək ki, "Səbail" ötən mövsüm I Divizionu 2-ci pillədə başa vurub.    

Son xəbərlər

Orphus sistemi