"Səbail"in legioneri: “Arzum “Çelsi”də oynamaqdır” - MÜSAHİBƏ

"Səbail"in legioneri: “Arzum “Çelsi”də oynamaqdır” - MÜSAHİBƏ "Klub mənimlə müqaviləni yeniləmək istəyir, lakin özüm mövsüm sonunu gözləyirəm"
Futbol
23 Oktyabr , 2018 16:32
Səbailin legioneri: “Arzum “Çelsi”də oynamaqdır” - MÜSAHİBƏ
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 23 oktyabr. REPORT.AZ/ “Səbail” klubunun Qvineya-Bisaudan olan 21 yaşlı futbolçusu Maudo Jarjuenin “Report”a müsahibəsi...

- "Səbail"ə gələnədək "Jil Visente" klubunda çıxış etmisiniz. Azərbaycan Premyer Liqası ilə Portuqaliya Primeyrası arasında fərq nədən ibarətdir? 

- Əlbəttə, fərq var. Primeyra daha güclü liqadır və orada daha çox komanda iştirak edir. Portuqaliyada böyük futbolçular və yaxşı komandalar çıxış edir. “Jil Visente”də hər dəfə oynamaq mənim üçün çətin olurdu. Meydana daha çox çıxmaq üçün isə Azərbaycana gəlməyə qərar verdim. “Səbail”də daha çox oyunda iştirak edərək təcrübəmi artırıram və bu da karyeram üçün çox önəmlidir. Bu liqaların biri-birindən az da olsa, fərqləndiyini düşünürəm.

- “Səbail” klubunun hazırki vəzyyəti ilə bağlı nə deyə bilərsiniz? 

- Çox yaxşı klubdur. Burada keçən ildən çıxış edirəm. Əvvəlki mövsüm heyətimizdə hazırkı kimi önənli oyunçular yox idi və çempionata, demək olar ki, yerli futbolçularla başlamışdıq. Lakin indiki vəziyyətlə müqayisə etdikdə, böyük fərq görə bilərsiniz. Son 2 il müddətində komandada çox yaxşı inkişaf prosesi gedib. Hazırda çempionatda 3-cü pillədə olmağımız bunu sübut edir. Ümid edirəm ki, daha yaxşı klub formalaşdıra bilərik.

- Burada birgə oynadığınız istedadlı futbolçulardan kimin adını qeyd etmək istərdiniz? 

- “Səbail”də bir neçə istedadlı futbolçu var. Qapıçı Emil Balayevi xüsusilə qeyd etmək istərdim. Onun oyunu mənim çox xoşuma gəlir. 

- Komanda yoldaşlarınızdan kiminlə daha çox yaxınlıq edirsiniz? 

- Yaxın dostlarımdan biri kimi Kamal Qurbanovu qeyd edərdim. Bəzən boş vaxtlarımızda “Torqovı” adlanan Nizami küçəsinə və ya “Park Bulvar”a gedib oradakı restoranlarda əyləşirik. Azərbaycan xalqını çox sevirəm. Onlar çox yaxşı insanlardır.

- Oyununu maraqla izlədiyiniz futbolçu varmı? 

- Bəli. "Çelsi"də çıxış edən David Luisi qeyd etmək istərdim. Onun oyunundan müəyyən dərəcədə ilhamlanmışam.

- İlk peşəkar klubunuz olan “Jil Visente”nin karyeranıza təsiri nə dərəcədədir? 

- “Jil Visente” ilə bağlı xoş xatirələrim var. Burada yaxşı insanlarla birgə çalışmışam və klub mənə çox şeyi öyrədib. Gənc yaşımdan orada forma geyinərək müəyyən təcrübə də əldə etmək şansım olub.

- Bu mövsümün sonunda klubla olan müqaviləniz başa çatır. Anlaşmanızı uzatmaq haqda düşünmüsünüz? 

- Bəli. Hazırda klubla yaxşı əlaqələrim var və burada özümü xoşbəxt hiss edirəm. Lakin hər bir gənc oyunçu istəyər ki, daha iddialı klublarda oynasın. Müqavilənin uzadılması klubla aparılan danışıqlardan asılıdır. Hələ bu barədə danışmaq tezdir. Onu deyə bilərəm ki, bura mənim üçün rahatdır. Klub mənimlə müqaviləni yeniləmək istəyir, lakin özüm mövsüm sonunu gözləyirəm. 

- Hazırda 21 yaşınız var. Bir gənc futbolçu kimi gələcək üçün planlarınız nədir? 

- Əsas məqsədim böyük klublarda, xüsusən, “Çelsi”də oynamaqdır. Bu, mənim arzumdur. Hər şey mümkündür. Karyerama Portuqaliyada başladım, hazırda isə buradayam. Heç kim sabah nə baş verəcəyini deyə bilməz. Ümumiyyətlə, özümə güvənən insanam və ətrafdakıların nə fikirləşməsi mənim üçün önəmli deyil. Düşünürəm ki, mümkün olan hər şeyi əldə edə bilərəm.

Foto: Firi Salim

Həmid HƏMİDOV

Son xəbərlər

Orphus sistemi