"Səbail"in baş məşqçisi: "Qarşımıza avrokuboklara vəsiqə məqsədi qoyulmayıb" - MÜSAHİBƏ

"Səbail"in baş məşqçisi: "Qarşımıza avrokuboklara vəsiqə məqsədi qoyulmayıb" - MÜSAHİBƏ Aftandil Hacıyev: "Bu o demək deyil ki, təcrübəli futbolçular nə istəsələr, onu da edəcəyik"
Futbol
5 İyun , 2018 14:00

Bakı. 5 iyun. REPORT.AZ/ "Səbail" futbol komandasının baş məşqçisi Aftandil Hacıyevin "Report"a müsahibəsi

- Yeni transferlər haqqında nə deyə bilərsiniz?

- Ruslan Qurbanovla ilkin razılıq əldə etmişik. Rəsmi müqavilə imzalamaq məsələsi qalıb. Fərhad Vəliyev isə komandamızda qapıçı məşqçi kimi fəaliyyət göstərəcək. Artıq onunla sözləşmə imzalamışıq. Emin Ağayev də bu gün bizə qoşulacaq. Onun da köməkçi-məşqçi olacağı sabah rəsmiləşəcək. 

- "Səbail"ə təcrübəli futbolçular və məşqçilər cəlb edirsiniz. Komandanın qarşısına avrokuboklara vəsiqə məqsədi qoyulub?

- Qarşımıza belə bir məqsəd qoyulmayıb. Amma bacardığımızın ən yaxşısını etməyə çalışacağıq. Sadəcə olaraq, mənim yanaşmam belədir ki, daha çox futbol oynamış və təcrübəli mütəxəssislərə üstünlük verirəm.

- Belə təcrübəli futbolçularla işləmək sizə çətinlik yaratmayacaq?

- Yəqin ki, hamısı təcrübəli olmayacaq. Çalışacağıq ki, aralarında yaş həddi aşağı olanlarını da transfer edək. Digər tərəfdən, xarakterlərinə bələd olduğum futbolçuları komandaya cəlb edirəm. Bu, o demək deyil ki, təcrübəlilər, nə istəsələr, onu da edəcəyik. Xarakterə çox önəm verirəm. İş prosesimizə zərər verən oyunçularla müqavilə bağlamarıq. İşimizə yarayan və tələblərimizə hərtərəfli cavab verən futbolçuları komandaya cəlb edirik.

- Ağabala Ramazanov əvvəlki klublarında sərt xarakterli ilə seçilirdi...

- Ağabalanın xarakteri hamının gördüyü kimi deyil. Meydanda çılğınlığını görə bilərsiniz. Kənarda isə gördüyüm, tanıdığım Ağabala tam başqa insandır.

- "Qarabağ"dan 9 futbolçu göndərildi. Bir neçəsini çıxmaq şərti ilə digərləri əsas heyətə düşməyənlər idi. Həmin futbolçulardan daha hansılarını "Səbail"də görmək istərdiniz?

- Hazırda "Qarabağ"dan hər hansı bir futbolçu siyahımızda yoxdur. Gələcəkdə nə olacağını isə deyə bilmərəm.

- Əfran İsmayılovu komandanızda görmək istərdiniz?

- Əfran hazırda siyahımızda yoxdur.

- Yay hazırlıq planınızı müəyyənləşdirmisiniz?

- Yay hazırlıq planı bəllidir. Hazırda axtarışdayıq. Müxtəlif variantlara baxırıq. İyun ayının 20-dən iyul ayının 7-ə kimi Bakıda təlim məşq toplanışında olacağıq. Otəl və digər məsələlər üçün isə danışıqlar davam edir. Təlim-məşq toplanışının harada olacağı bəlli deyil.

Kifayət qədər oyunçu ilə yollarınızı ayırmısınız. Komandadan yenə göndərilənlər olacaq?

- Göndərilənlər, müqaviləsi bitən və icarə müddəti başa çatan oyunçular da var. Bundan sonra da kimlərin gedəcəyi hazırda bəlli deyil. Komandada qalan digər futbolçular mənə lazımlıdırlar. 

- Komandaya legioner futbolçu cəlb etmək nəzərdə tutulub?

- Legioner oyunçu axtarırıq. Hazırda oyunçuları izləyirəm. Bəyəndiyim futbolçu olsa, komandaya cəlb edəcəyik. Bu, Bakıda toplanışda da ola bilər, Türkiyədə də, toplanışdan sonra da. Tapacağımız oyunçudan çox şey asılıdır.

- Bəzi klublar legionerlərlə yollarını ayırıblar. Onları komandaya dəvət etmək fikriniz yoxdur?

- Düzü, təklif olunublar. Ola bilsin, həmin oyunçu başqa klubla da danışıqlar aparır. Ortada real bir şey olmadığı üçün açıqlamaq istəmirəm. Hazırda hər hansı futbolçunun üzərində dayanmamışıq.

- Bu il bütün stadionlarda süni örtükdən təbii ot örtüyünə keçid prosesi başlayır. Gələn mövsüm "Səbail"in arenasından başqa süni örtüklü stadion qalmayacaq. Siz də bu məsələnin həlli üçün hər hansı bir addım atmağı düşünürsünüz? 

- Bu məsələ barədə qısa da olsa rəhbərliklə danışmışıq. Gələcək planlarımızda təbii ot örtüyündə oynamaq var. Hər şey birdən-birə olmur. Mərhələli şəkildə bunun öhdəsindən gəlməyə çalışacağıq. 

- Qarşıdakı mövsümdə alınmayacaq? 

- Hazırda deyə bilmərəm. Gələn mövsümdən başlamaq barədə danışmamışıq. Amma planda var ki, təbii ot örtüklü meydançamız olsun. 

- Bəs "Bayıl Arena"nın örtüyünün dəyişməsi necə? 

- Örtüyün dəyişdirilməsi barədə söhbət olmayıb. Müzakirə olunub ki, təbii örtükdə daha yaxşı oynamaq olar. Rəqiblər də həmin örtükdə çıxış edirlər. Bu problemin qısa olaraq üzərindən keçdik. Hazırda ondan vacib məsələlərimiz var. Komandanı formalaşdırmaq istəyirik. Gələcəkdə bu məsələyə yenidən baxılacaq. 

Son xəbərlər

Orphus sistemi