Yuxarı

San-Marino yığmasının baş məşqçisi: "Oyunun favoriti Azərbaycan millisidir" - MÜSAHİBƏ

Azərbaycan millisi komanda kimi daha güclüdür

San-Marino. 3 sentyabr. REPORT.AZ/ "Qarşılaşmadan maksimum nəticə gözlənitmiz var. Çətinliklərimiz var, oyun asan keçməyəcək, ancaq biz hazırıq. Gücümüzün hamısını ortaya qoyacağıq".

"Report"un məlumatına görə, bunu Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisini qəbul edəcək San-Marino yığmasının baş məşqçi Pyerancelo Mansaroli oyunöncəsi mətbuat konfransında deyib.

Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Rəqib Azərbaycan yığmasıdır. Bu komandanın ən güclü tərəfləri hansılardır?

- Belə baxanda, ikimiz də yaxşı komandayıq. Ancaq etiraf edim ki, Azərbaycan yığması ilə oynamaq çox çətindir. Onların istər ötən Avropa çempionatının seçmə mərhələsində, istərsə də yoxlama görüşlərindəki oyunlarını izlədiyimiz üçün belə deyə bilərik. Azərbaycanı yaxşı komanda adlandırmaq olar. Hörmətlə yanaşırıq, ancaq biz də öz üzərimizdə işləyirik, öz oyunumuzu, öz mentalitetimizi meydanda göstərməyə çalışacağıq. Asan olmayacaq, rəqibə çətinlik yaratmağa çalışacağıq.

Sentyabrın 3-ü San-Marinonun Respublika günüdür. Əvvəlcə bu münasibətlə sizi təbrik edirik. Sualımız isə odur ki, bu hadisə sabahkı matçda komandanızın xeyrinə olacaqmı?

- Təşəkkür edirik. Bu gün bizim üçün həqiqətən də bayramdır və biz San-Marino vətəndaşı olmaqdan qürur duyuruq, bununla fəxr edirik. Təbii ki, bu bayram bizə emosional baxımdan müsbət təsir edəcək. Ancaq hisslərə qapılmaq fikrində deyilik. Öz oyunumuzu oynayacaq, diqqətli olacağıq.

Öz komandanızdan sabahkı oyunda ən yaxşı nə gözləyirsiz?

- Məsuliyyətimizi anlayırıq. Deməzdim ki, hansısa tərəfimizi önə çıxarırıq, ona köklənirik. Yetirmələrimin öz üzərilərində çalışmaq əzmindən razıyam. Onların məsuliyyət və peşəkarlığına güvənirəm. Etiraf edirəm ki, çətinliklərimiz az deyil. Ən azı heyətimizdə bir dənə də olsun peşəkar futbolçu yoxdur. Amma bu sabahkı oyuna təsir etməyəcək. Qarşılaşmaya tam hazırıq.

Konkret heyəti açıqlamaq istəmirsiz?

- Xeyr, çünki hələ müəyyən etməmişəm.

Keçən dəfə oyundan öncə taktiki sxem barədə danışmış, ancaq matçda başqa düzülüşlə çıxmışdız...

- Belə şeylər olur. 5-4-1 sxeminə üstünlük verə bilərəm, ancaq buna da indidən təminat yoxdur.

San-Marino yığması hücum, yoxsa daha çox müdafiə futbolu oynayacaq?

- İndidən bir şey deməyim. Hər şey oyunun gedişindən asılı olacaq. Geriyə otura, hücuma atıla da bilərik.

Rəqibin oyun sistemi, heyəti barədə konkret hansı məlumatınız var?

- Rəqib haqda çoxdandır məlumat toplayırıq, oyunlarına baxırıq. Görürük ki, Azərbaycan futbolu inkişaf edir. İki klubunuzun birdən Avropa Liqasının qrupunda oynaması buna əyani misaldır. Fakt faktlığında qalır. Bunu gözdən qaçırmaq olmaz. Üstəlik, rəqibin yaxşı məşqçisi də var. Əminliklə söyləyə bilərəm ki, Azərbaycan qrupda istənilən rəqibə başağrısı olmağa qadirdir.

Necə düşünürsünüz, oyunun favoriti kimdir: San-Marino, yoxsa Azərbaycan?

- Təbii ki, Azərbaycan. Səviyyəniz daha yüksəkdir. Ancaq bu futboldur və hər oyun ayrı bir qarşılaşmadır. 90 dəqiqədə hamı bərabər olur, eyni əzmi ortaya qoyur. Biz öz növbəmizdə maksimum təşkilatlanmağa, xüsusilə müdafiədə diqqətli olmağa çalışacağıq. Qarşımızda limit qoymuruq, hər oyuna qələbə üçün çıxırıq.

Prosineçki sizin üçün daha qorxuludur, ya Azərbaycan yığması?

- Şübhəsiz oyunçular. Çünki oyunu onlar oynayır. Məşqçi də vacibdir, oyun barədə qərarları verir. Ancaq Azərbaycan millisi komanda kimi daha güclüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi