Samuel Armenteros: "Qarabağ"da hər qələbəyə görə 5000 manat mükafat verilirdi" - MÜSAHİBƏ

Samuel Armenteros: "Qarabağ"da hər qələbəyə görə 5000 manat mükafat verilirdi" - MÜSAHİBƏ "O dərəcədə dürüst idilər ki, mənə gələn mövsüm üçün müqaviləni uzada bilmədiklərini dedilər"
Futbol
13 Aprel , 2017 16:51
Samuel Armenteros: Qarabağda hər qələbəyə görə 5000 manat mükafat verilirdi - MÜSAHİBƏ

Bakı. 13 aprel. REPORT.AZ/ Hazırda Hollandiyanın "Herakles" klubunda çıxış edən Samuel Armenteros "Fotballskanalen"ə müsahibəsində "Qarabağ"da çıxış etdiyi 2015-2016 mövsümü haqqında danışıb. 

"Report"un məlumatına görə, isveçli hücumçu Ağdam komandasında aldığı mükafatı və klubdan gedişinin səbəbini açıqlayıb.

- Necə oldu ki, "Qarabağ"a keçdiniz?

- "Villem II" klubunda icarə müddətim qurtardıqdan sonra müqavilə üzrə məxsus olduğum Anderlext"ə qayıtmışdım. Hollandiya klubunda yaxşı çıxış edərək, 11 qol vurmuşdum. Buna görə də "Villem II" məni almaq istəyirdi. Amma Belçika təmsilçisi 3 milyon avro transfer haqqı tələb etdiyi üçün bu keçid alınmadı. Bir neçə ay "Anderlext"də oynamadım. Nəticədə qarşılıqlı razılıq əsasında yollarımız ayrıldı. Bu zaman mən "Qarabağ"dan çox yaxşı şərtlərlə müqavilə təklif olundu. Orada vaxtilə "Anderlext"də çıxış etmiş bir futbolçu da var idi. Bu, çox istedadlı oyunçu olan Reynaldo idi. Onu tanıyırdım. Əlaqə saxladım, dedi ki, gördüklərindən özü də təəccüblənib.

- Bakı necə şəhərdir?

- Böyük şəhərdir. Çoxlu beşulduzlu otelləri, gözəl havası və yüksək təhlükəsizliyi var. "Qarabağ" da çox yaxşı komandadır. Düzdür, çempionatın səviyyəsi çox da yüksək deyil, amma biz Avropa Liqasında oynayırdıq. Fikrimcə, orada bir il ərzində nəsə edə bildim.

- Klubun sahibi kimdir: Varlı oliqarxlarmı?

- Tamamilə doğrudur. Azərbaycan başdan-ayağa neft ölkəsidir. Orada çoxlu varlı insan var. "Qarabağ"ın prezidenti türkiyəli biznesmendir.

- Orada başqa ölkələrdə eşitdiyimiz qədər bonus alırdınız?

- Əlbəttə.

- Nağd formada?

- Bəli. Orada plastik kartla ödəniş etməyə heç bir yer yox idi. Ödəniş nəğd idi.

- Nə qədər qazanırdınız?

- Mən ora gedəndə 1 manat təxminən 1 avro həddində idi. 30-dək qələbə qazanmışdıq. Hər qələbəyə isə təxminən 5000 manat verirdilər. Təbii ki, nəğd formada. "Qarabağ"la bağladığım müqaviləyə əsasən, mövsüm ərzində oyunların 75 faizində meydana çıxsaydım, anlaşma müddətini uzada bilərdim. Üstəlik, ikiqat artıq əmək haqqı ödənilməsi şərti ilə. Amma mən oyunların 72 faizində çıxış etdim. Martın əvvəlləri idi. Çempionatda inanılmaz fərqlə lider idik. Avropa Liqasında isə mübarizəni dayandırmışdıq. Bu səbəbdən, mən oynamırdım. Heç vaxt ödənişlə bağlı problemimiz yox idi. Çox açıq və dürüst klub idi. Hətta o dərəcədə dürüst idilər ki, bir gün mənə dedilər: "Samuel, gələn mövsüm üçün müqaviləni uzada bilmərik. Bu səbəbdən, indi oynaya bilmirsiniz". Ümid edirdim ki, müqaviləmin uzadılacağı gün kimi aydındır. Amma hər gün bayram olmaz (gülür). 

Son xəbərlər

Orphus sistemi