Yuxarı
    Bağlamaq

    Samir Məsimov: "Domjale"də niyə alınmadı, özüm də bilmirəm" - MÜSAHİBƏ

    Neftçidən getdiyim üçün peşman deyiləm

    Bakı. 23 fevral. REPORT.AZ/ Sloveniyanın "Domjale" klubundan ayrılaraq AZAL komandasına transfer olunan Samir Məsimovun "Report"a müsahibəsi

    - AZAL-a keçidiniz necə alındı? Təklif klubdan gəldi, yoxsa özünüz müraciət etdiniz?

    - AZAL-ın baş məşqçisi Tərlan Əhmədova minnətdaram, məni komandasız qoymadı. Azərbaycanda onun kimi vətənpərvər məşqçinin olması ilə qürur duyuram.

    - "Domjale"dən ayrılmağınızın səbəbi nədir?

    - Orada oyun praktikam çox az idi, nadir hallarda meydana çıxırdım. Ona görə də ayrılmağa qərar verdim.

    - Ehtiyatda qalmağınız nə ilə bağlıdır?

    - Məni komandaya dəvət edən baş məşqçi Luka Elsner şans verirdi. Lakin onun gedişindən sonra yeni baş məşqçi Simon Rojman gəldi. O isə özümü göstərmək üçün imkan yaratmadı.

    - Ancaq Luka Elsnerin zamanında da heyətdə möhkəmlənə bilmədiniz...

    - Açığı, "Domjale"də niyə alınmadı, özüm də bilmirəm. Məşqçilər məndən razı idi.

    - Bəlkə Simon Rojmanla probleminiz olub?

    - Xeyr, "Domjale"də heç bir məşqçi ilə problemim olmayıb. Orada çox mehriban kollektiv vardı.

    - Ötən ilin fevralında "Neftçi"dən "Domjale"yə keçdiyiniz üçün peşmansınız?

    - "Neftçi"dən getdiyim üçün peşman deyiləm. Sloveniyaya inkişaf etmək, Avropada oynamaq üçün getmişdim.

    - AZAL-dan başqa klubdan təklifiniz var idi?

    - Bəli, bir neçə təklif almışdım. Moldovadan təklif göndərən bir komandaya keçidim baş tutmadı. Onların borcları ilə bağlı problemləri yarandı. Həmçinin Anatoli Ponomaryov zəng etmişdi, İsveçin I divizionuna çağırdı. Ancaq dil baryerinə görə "yox" deməli oldum. AZAL-da oynayacağam. Bu, mənim üçün yeni bir mərhələ, çağırışdır. Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi