Yuxarı

​Samir Əliyev: "İstefa verdikdən sonra "Neftçi"nin paltardəyişmə otağında da olurdum"

Həm işləyəcəyəm, həm də Pro kateqoriyası üçün təhsilimi davam etdirəcəyəm

Bakı. 6 yanvar. REPORT.AZ/ "Təklif Əsgər Abdullayevdən gəldi. Yeni ildən əvvəl onunla söhbət etmişdik". Bunu "Report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayevin köməkçisi vəzifəsinə təyin olunan Samir Əliyev deyib.

Bir müddət əvvəl baş məşqçisi olduğu komandada köməkçi-məşqçi kimi çalışacaq gənc mütəxəssis Ə.Abdullayevlə birgə işləmək qərarına gəldiklərini deyib: "Əsgər müəllimlə danışdıqdan sonra rəhbərlik mənim fikrimi soruşdu. Mən də "Xeyirlisi nədirsə, o da olsun" dedim. İnanıram ki, heç bir çətinlik olmayacaq. Futbolçularla da heç bir problemim yoxdur və bir-birimizi yaxşı başa düşürük. Əsgər müəllim təcrübəli mütəxəssisdir. Düşünürəm ki, ondan öyrəniləsi çox şey var. Həm işləyəcəyəm, həm də Pro kateqoriyası üçün təhsilimi davam etdirəcəyəm".

S.Əliyev "Neftçi"nin baş məşqçi postundan istefa verməsinə baxmayaraq, komandanın yanında olduğunu deyib: "Düzü, mən "Neftçi"dən getməmişdim. Baş məşqçilikdən istefa verdikdən sonra da komandanın yanında olmuşam, bacardığım qədər məşqləri izləyirdim. Səfər oyunlarına çox gedə bilmirdim, amma ev oyunlarında elə olurdu ki, komandanın paltardəyişmə otağında da olurdum".

Qeyd edək ki, Samir Əliyev 2015-ci il iyunun 8-dən noyabrın 14-dək "Neftçi"nin baş məşqçisi kimi çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi