"Sumqayıt"ın yeni baş məşqçisi köməkçilərini müəyyənləşdirib

"Sumqayıt"ın yeni baş məşqçisi köməkçilərini müəyyənləşdirib Samir Abasov: "Uşaqlarda özünəinam itib"
Futbol
9 Oktyabr , 2015 09:48
Sumqayıtın yeni baş məşqçisi köməkçilərini müəyyənləşdirib

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Sumqayıt" futbol klubunun yeni baş məşqçisi Samir Abasov köməkçilərini müəyyənləşdirib. "Report"un məlumatına görə, bu barədə 37 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə müsahibəsində bildirib.

S.Abasov deyib ki, bunlar sabiq baş məşqçi Aqil Məmmədovla işləmiş Etibar Tarıverdiyev, klubun əvəzedicilərdən ibarət komandasında çalışmış Vəfadar Quliyev və son vaxtlar futboldan uzaq qalmış Seymur Rəhimovdur.

Yeni baş məşqçi heyətdə də bəzi dəyişikliklərin olacağını açıqlayıb: "Əvəzedicilərdən ibarət komandada kifayət qədər perspektivli futbolçular var ki, onlar əsas heyətə çağırılacaqlar. Artıq 1,5 ildir bu kollektivlə çalışıram. Adlarını çəkmək istəməzdim, amma 3-4 futbolçu əsas komandaya çağırılacaq. Onu da qeyd edim ki, mütəmadi olaraq B komandadan A komandaya futbolçular dəvət olunacaq. Hətta əsas komandadan da əvəzediciyə gedəcək futbolçular da olacaq. Əsas məqsədimiz hər iki komandanın vəhdətini təşkil etməkdir. Məşqlərdə özünü doğrultmayan futbolçu olsa, qış transfer pəncərəsinə qədər komandadan göndəriləcək". 

Gənc mütəxəssis hazırda onu komandanın son vəziyyətinin narahat etdiyini bildirib: "Uşaqlarda özünəinam itib. Bunu aradan qaldırmaq vaxt tələb edəcək".

Qeyd edək ki, Samir Abasov "Sumqayıt"ın baş məşqçi postunda Aqil Məmmədovu əvəzləyib. "Gənclik şəhəri" təmsilçisi Azərbaycan Premyer Liqasında 7 turdan sonra 4 xalla 9-cu pillədədir. 

Son xəbərlər

Orphus sistemi