Samir Abasov: “Nikola Yurçeviçə İsmayıl Fofananı təklif edirəm”

Samir Abasov: “Nikola Yurçeviçə İsmayıl Fofananı təklif edirəm” “Maraqlı və yaxşı oyun alındı. Hər iki hissədə fərqli heyətlə mübarizə apardıq. Əfsuslar olsun ki, 2-3 futbolçumuz zədəlidir. Amma uzun müddət oynamayan oyunçuları bu gün meydanda gördük”.
Futbol
25 Mart , 2019 10:00
Samir Abasov: “Nikola Yurçeviçə İsmayıl Fofananı təklif edirəm”

“Maraqlı və yaxşı oyun alındı. Hər iki hissədə fərqli heyətlə mübarizə apardıq. Əfsuslar olsun ki, 2-3 futbolçumuz zədəlidir. Amma uzun müddət oynamayan oyunçuları bu gün meydanda gördük”.

Bunu “Report”a “Zirə”nin baş məşqçisi Samir Abasov “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. 41 yaşlı mütəxəssis komandasından razı qaldığını ifadə edib: “Rəqib də yaxşı və güclü komandadır. Düşündük ki, oynamayan uşaqların meydanda olmaları bizim üçün siqnal olar. Gələcək matçlarda necə hazırlıqlı olmaları bu cür oyunlarda bilinir. Hamısından razı qaldım. İlk hissədəki futbolçuların çempionatda oynamaq şansları azaldığı elə bu görüşdə sezilirdi. Ümumi kollektivdən geri qaldılar. Ancaq pis deyil, hərəkətli oyun gördük”.

“Zirə” martın 30-da XXII tur çərçivəsində “Səbail”i qəbul edəcək. Baş məşqçi son matçların komandası üçün həlledici xarakter daşıdığını bildirib: “Artıq mövsümün başa çatmasına 7 tur qalıb, bu da çox deyil. Bu dövrədə xallar itirmək baha başa gələ bilər. Çox oyunumuz qalmayıb ki, xal itirsək, növbəti görüşləri düşünək. Bu da böyük problemlər yarada bilər. Ona görə də xal itirmək istəmirik və uğurlu oyunları davam etdirmək niyyətindəyik. Düzdür, oyun çətin keçəcək. Rəqib 3-cü yerdə qərarlaşıb, həddindən artıq çətin olacaq. Baxmayaraq ki, “Səbail”i evdə qəbul edəcəyik. Son 7 oyun ölüm-dirim xarakterli olacaq. Çalışcağıq ki, oyunlarda uduzmayaq. “Zirə”nin ilk “dördlüy”ə düşmək şansı var, itməyib. Uduzmadan getsək, inanıram ki, buna nail olacağıq”.

S.Abasov “Səbail” məşhur futbolçu Maykl Essyeni heyətinə qatmasına da münasibət bildirib: “Mən bu cür transferlərin tərəfdarıyam. Buna görə də “Səbail”ə təşəkkür etmək lazımdır. Futbolumuzu, çempionatımızı tanıtdırmaq baxımından yaxşı addımdır. 10 nəfər azarkeş gələcəksə, bu da “Səbail”in payına təşəkkür kimi yazılmalıdır. Klublarımzın imkanı düşdükcə, belə addım atmaları doğrudur”.

Gənc mütəxəssis Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu oyundan da danışıb: “Bildiyimə görə, federasiya yığmadan razı qalıb. Nəsə demək çox çətindir. Görünən o ki, bütün futbolçular bacardığını deməyək, bütün güclərini meydanda qoyurdular. Nazarovla Mahir Mədətovun işləmələri, müdafiəyə kömək etmələri, bu qədər çalışmaqları ürəkaçan idi. Zatən bilirdik ki, xorvatlara qarşı başqa cür oynaya bilmərik. Oyundan sonra futbolçuların müsahibələrini oxudum. Özləri inanırlar ki, yaxşı və düzgün yoldadılar. Əsas odur ki, buna inanırlar”.

S.Abasov matçdan sonra azarkeşlər tərəfindən tənqid olunan Mədətovla Nazarovun adlarını ironiya ilə qeyd etmədiyini vurğulayıb: “Məşqçinin onlardan nə tələb etdiyini bilmirəm. Robert Prosineçki və Qurban Qurbanovun dönəmində futbolçulardan nə tələb olunduğu bəlli idi. Yurçeviçin ilk oyunu idi və onun istədiklərini demək çətindir. Burda rəqib də çox önəmli idi. Xorvatiya kimi komanda sən nə etmək istəsən də, müdafiədə oturmağa məcbur edəcək. Mahirlə Dimanın işgüzarlığını vurğulamaq istəyirəm, onların adlarını ironiya ilə çəkmədim. Müdafiəyə də kömək edirdilər və bu da onlara xas deyildi. Yəqin baş məşqçiyə özlərini göstərmək istəyirdilər. Yerlərini möhkəmlətmək üçün çalışırdılar və bu da yaxşı haldır. İroniya ilə fikir bildirmədim. Xorvatiya ilə oyunda ən yaxşı kim idi? Kimisə vurğulamaq çox çətin məsələdir. Məncə, ən yaxşı Ramil Şeydayev idi”.

Millinin baş məşqçisi Nikola Yurçeviç Litva ilə bu gün keçiriləcək oyundan öncə açıq məşq zamanı jurnalistlərdən yığmaya futbolçu təklif etmələrini istəyib. “Zirə”nin baş məşqçisi “Bəs siz Yurçeviçə kimi təklif edə bilərsiniz” sualına belə cavab verib: “Mən ona İsmayıl Fofananı (“Zirə”nin Kot dİvuardan olan hücumçusunu nəzərdə tutur – red.) təklif edirəm. Ən azından İsmayıl da Azərbaycan adıdır”.

Son xəbərlər

Orphus sistemi