Samir Abasov: "Hər futbolçunun milliləşdirilməsi düzgün yanaşma deyil" - MÜSAHİBƏ

Samir Abasov: "Hər futbolçunun milliləşdirilməsi düzgün yanaşma deyil" - MÜSAHİBƏ Bakı. 10 sentyabr. REPORT.AZ/ Zirə futbol komandasının yeni baş məşqçisi Samir Abasovun Reporta müsahibəsi
Futbol
11 Sentyabr , 2018 14:15
Samir Abasov: Hər futbolçunun milliləşdirilməsi düzgün yanaşma deyil - MÜSAHİBƏ
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Zirə" futbol komandasının yeni baş məşqçisi Samir Abasovun "Report"a müsahibəsi

- "Zirə"də debüt etdiyiniz oyunda "Qəbələ"ni 2:0 hesabı ilə məğlubiyyətə uğratdınız. Yeni komandanızda futbolçuların çıxışından razı qaldınızmı?

- Qısa müddətdir komanda ilə birgəyik. Müəyyən işlər görmüşük. Komandanın qurulması üçün bizə bir az uzun müddət lazımdır. Yoldaşlıq oyunu olmasına baxmayaraq, futbolçular matça yaxşı köklənmişdilər. Oyun zamanı həddindən artıq hərəkətli oynadığımızı deyə bilərəm. Bu da bizi sevindirən amildir. Amma oyunçulardan fərdi baxımdan bəzi şeylər istəyirik ki, bunlar da hələ istənilən səviyyədə deyil. Çalışırıq ki, futbolçular köhnə taktiki fikirlərində dəyişiklik etsinlər, yeni tapşırıqlara uyğunlaşsınlar. Bunlar üçün isə bizə müəyyən zaman lazımdır.

- "Sumqayıt" klubunda baş məşqçi işlədiyiniz vaxt "Qəbələ" komandasını məğlub etməkdə çətinlik çəkirdiniz. Həmin dövrdəki və indiki "Qəbələ" arasında hansı fərqlər var?

- "Qəbələ" həmişə güclü komanda olub. Sadəcə, hazırda baş məşqçisi dəyişib, fərqli taktika ilə oynayır. Onlara qarşı hər oyun çətin keçir. Düzdür, "Sumqayıt"da olduğum vaxt "Qəbələ" ilə matçlarda qələbəmiz olmayıb, amma onlar da bizi məğlub etməkdə çətinlik çəkirdilər. Çempionluğa oynadığı üçün qələbə daha çox "Qəbələ"yə lazım idi. Lakin əksər oyunlarımız heç-heçə ilə yekunlaşırdı. İndi "Zirə" komandasındayam. Düşünürəm ki, bu mövsüm də bizi çətin çempionat gözləyir.

- "Sumqayıt"dakı 5-li müdafiə taktikanıza yenə sadiq qalacaqsınızmı?

- "Zirə"də başqa taktika ilə oynayırıq. İndi əlimizdə fərqli oyunçular var. Amma müdafiəni gücləndirməli olsaq, həmin taktikadan da istifadə edə bilərəm. Hələlik taktikamızı "Zirə"də olan oyunçulara uyğun müəyyənləşdirmişik.

- "Zirə"dən Azərbaycan milli komandasına heç bir futbolçu cəlb edilməyib. Bu məsələ baş məşqçi kimi sizi narahat etmir?

- Milli komandanın heyəti mən "Zirə"yə gələnə qədər müəyyənləşmişdi. Ona görə də bu məsələ hazırda məni narahat etmir. Amma oyunçularımızın milliyə çağırılmaları - komandamızın güclü və oyunçuların yüksək səviyyədə olmaları deməkdir. Çalışacağıq ki, milliyə düşmək istəyən futbolçularımıza da kömək edək.

- İlk rəsmi oyununuzu sentyabrın 15-də "Səbail" komandasına qarşı keçirəcəksiniz. Bu rəqibin də çempionata yaxşı başlamadığını nəzərə alaraq, qarşıdakı görüşdən nə gözləyirsiniz?

- Keçirəcəyimiz bütün oyunlarda komandamızdan yalnız qələbə gözləyirik. Hazırda nə öz komandam, nə də "Səbail" haqda heç nə deyə bilmərəm, çünki 2 aydır fuboldan kənarda qalmışdım. Lakin təbii ki, "Səbail"i analiz edirik. Bir neçə mövqedə oynaya bilən futbolçuları var. Təxmini heyətlərini müəyyən etməyə çalışırıq. Onların hər mövqedə yaxşı oyunçuları var. Düşünürəm ki, həddindən artıq çətin oyun olacaq. Əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq.

- Azərbaycan milli komandasında müdafiəçi probleminin olduğu görünür. Yeni transferiniz Adrian Skarlatakenin milliləşdirilib Azərbaycan miliisində oynadılmasına necə baxırsınız?

- Bu haqda düşünmürəm. Fikrimcə, əlimizdə olan oyunçulardan istifadə etməliyik. Azərbaycan Premyer Liqasında yaxşı çıxış edən hər futbolçunun milliləşdirilməsi düzgün yanaşma deyil. Riçard Almeyda milliləşdirildi. O, öz mövqeyinin yaxşılarından biridir. Düşünülür ki, komandanın əsas yükünü çiyinlərində daşıyacaq. Fikrimcə, biz yenə əlimizdəki oyunçulara köklənib onlardan komanda qurmalıyıq.

Son xəbərlər

Orphus sistemi