​Şahin Diniyev: "Gəncə şəhər stadionunun durumu normaldır"

​Şahin Diniyev: "Gəncə şəhər stadionunun durumu normaldır" "Qarabağ"la oyun öncəsi nəticə haqda proqnoz vermək ağılsızlıq olar"
Futbol
9 Fevral , 2016 13:54
​Şahin Diniyev: Gəncə şəhər stadionunun durumu normaldır

Bakı. 9 fevral. REPORT.AZ/ "Elə bir fəlakətli vəziyyət yoxdur, top yerlə hərəkət edir. Düzdür, yağış yağanda meydança ağır olur. Ancaq ona mütəmadi baxılır və meydanın vəziyyəti normaldır". Bunu "Report"a açıqlamasında "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev deyib.

Gəncə şəhər stadionunun ot örtüyü barədə danışan 50 yaşlı mütəxəssis qonaq komandalar kimi özlərinin də həmin meydanda az məşq etdiklərini bildirib: "Oyunlara Bakıdan yollanırıq. Biz də qonaq komanda kimi oyundan öncə 45 dəqiqə məşq edirik. Düzdür, bizim meydan "Bakcell Arena", "Azərsun Arena" kimi deyil. Amma futbol oynamaq mümkündür".

Baş məşqçinin sözlərinə görə, meydanın vəziyyətinin ideal olmaması "Kəpəz"in də xal itirməsinə səbəb olub: "Kəpəz" texnikalı, kombinasiyalı futbol oynayır. Bu səbəbdən, meydan amili bizə də təsir edə bilər. Ot örtüyünün ideal olmaması üzündən "Rəvan" və "İnter" ilə oyunlarda qolsuz,  "Neftçi" ilə qarşılaşmada 1:1 hesablı heç-heçə edərək, xallar itirmişik. Hər kəs eyni şəraitdə oynayır. Oyunları təhlil etsəniz, özünüz hər şeyi görərsiniz".

Ş.Diniyev Azərbaycan Premyer Liqasının XXI turunda "Qarabağ"la evdə keçirəcəkləri oyun haqda da fikirlərini bildirib: "Qarabağ" güclü komandadır və kombinasiyalı oyun oynayır. Asan oyun olmayacaq. İnanıram ki, Gəncə azarkeşləri stadionu dolduracaq. Bu da komandaları futbol oynamağa vadar edəcək. Düşünürəm ki, hər iki komanda baxımlı, gözəl oyun nümayiş etdirəcək. Biz hər bir oyuna üç xal üçün çıxırıq. Ancaq "Qarabağ"la oyun öncəsi nəticə haqda proqnoz vermək ağılsızlıq olar. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".

Qeyd edək ki, fevralın 14-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı saat 15:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi